Ekspertin bildirdiyinə görə dollara tələbi əsasən 3 faktor yaradır: «İdxalın həcmi, xarici borc öhdəlikləri və ölkədən xaricə pul transferi. Dollarlaşma səviyyəsi yüksək olduğu üçün artıq əhalinin yığımlarının strukturu manatın məzənnəsinə əvvəllər ciddi təsir etsə də indi təsir xeyli dərəcədə azalıb. Çünki 2014-cü ildən sonrakı müddətdə nəinki əhali, hətta biznesin böyük əksəriyyəti yığımlarını xarici valyutaya çevirdilər. Bununla yanaşı, cari xərclər üçün yenə də manata ehtiyac var. Əslində, əks-dollarlaşma prosesinə başlaya birlərsə Mərkəzi Bank həmin dollarlarının bir hissəsinin manata çevirilib sərmayəyə yönəlməsinə nail ola bilər».
Vuqar Bayramlı «dollara tələb necə dəyişəcək?» sualına isə maraqlı cavab verib: «Əvvəlki illərin təcrübəsinə və eləcə də idxalın dövrü strukturuna nəzər alsaq fevral ayının birinci yarısında dollara tələbin aşağı olması ənənəvi xarakter daşıyır. Mərkəzi Bank üçün ən çətin aylar mart, avqust və dekabr ayları hesab edilir. Çünki bu aylar idxalın atması, bir sıra inkişaf etmiş ölkələrində maliyyə ili martın 31-də başa çatdığı üçün xarici borc öhdəlikləri və xarici səfərlərin çoxluğu baxımdan dollara tələb yenidən yüksəlir. Gözlənilir ki, məhz bu səbəblərdən dollara tələb mart ayında yenidən yüksələcək. Əgər Mərkəzi Bank Neft Fondunun bu ilki 7.5 milyard manatlıq transferinin bir hissəsini mart ayında hərraclara yönəldərsə o zaman gələn ay tələbi optimallaşdıra bilər. O baxımdan, mart ayında Mərkəzi Bankın mövqeyi çox önəmli olacaq. Və əslində 2017-ci ildə Neft Fondunun 14.5 milyard manatlıq büdcəsi fonunda Mərkəzi Bank bazarda aparıcı mövqeyini qoruyub saxlaya bilər. Neftin dünya bazar qiymətinin stabilləşməsi və Trampın dolları dünya bazarında zəiflətmək istəyi də valyuta bazarına psixoloji təzyiqi müəyyən qədər azaldır. Bu isə o deməkdir ki, hərraclara xarici valyutanın çıxarılmasını təmin edən Mərkəzi Bank manatın məzənnəsinə təsir imkanlarını qoruyub saxlamaqdadır».