Vaxt.Az

Qanunvericilik mətbuat azadlığını tam təmin edir


 

İctimai rəyin səsi olmağı məqsəd seçmiş hər bir media orqanı daşıdığı məsuliyyəti unutmamalıdır

Qanunvericilik mətbuat azadlığını tam təmin edir Məşhur yunan filosofu Aristotel deyib: «İnsan ağıllı vücuddur. Onun ağlı və işgörmə qabiliyyəti var, bunlardan biri olmasa və ya təzyiq altına düşsə, həmin insanın yaradıcılıq qabiliyyəti itmiş olar».

Yaradıcılıq isə söz və ya konkret iş vasitəsilə nümayiş olunur. Söz insan şüuruna təsir edən ən mühüm amildir. Söz demək səlahiyyətini qazananlar sözün yaradıcı gücü ilə yanaşı, dağıdıcı gücünü də nəzərə almalıdırlar. Sözün yerli-yerində işlədilməsi, onun etik normalarına əməl edilməsi isə daha çox jurnalistlərdən tələb olunur. Çünki jurnalistin fəaliyyəti özünün intensivliyi və əhatə dairəsi ilə hər an, hər dəqiqə cəmiyyətin üzvlərinə təsir edir. Buna təkan verən yeganə amil isə mətbuatın azad olmasıdır. İnsanın öz davranışı üçün mənəvi məsuliyyət daşıması yalnız azadlığın mövcudluğu şəraitində mümkündür.

Azadlığı isə özbaşınalıqla qarışdırmaq olmaz. 1915-ci ildə M.Ə.Rəsulzadənin rəhbərliyi ilə nəşr olunan «Açıq söz» qəzeti müstəqillik və azadlıq ideyalarını ortaya qoyaraq mətbuatı azad görmək istəyirdi: «O millət, o məmləkət xoşbəxt və azaddır ki, onların mətbuatı azad və xoşbəxt olsun...».


Ənənəvi media daha məsuliyyətlidir, nəinki yeni media


«Azərbaycan Respublikasında kütləvi informasiya azaddır». Bu müddəa Azərbaycan Respublikası «Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında» qanununda yer alıb. Bəs ekspertlər nə düşünür? Onlar mətbuat, söz və özünü ifadə azadlığının ölkədə hansı formada tətbiq edilməsini və bu sahədəki mövcud şəraiti qiymətləndiriblər: Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, professor Cahangir Məmmədli hesab edir ki, Azərbaycan jurnalisti bu gün istədiyi fikirləri sərbəst olaraq yazır və onu azad şəkildə yaya bilir. Mütəxəssis mediaya verilən azadlığı Azərbaycan Respublikasının «KİV haqqında qanunu»ndakı imkanlarla əsaslandırır: «İlk qəzetimiz olan «Əkinçi»dən müstəqillik əldə etdiyimiz vaxta qədər Azərbaycan mətbuatı çox sərt basqılar altında olub. Yalnız 1918-1920-ci illərdə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə, sözün əsl mənasında mətbuat azadlığı olub. O vaxt bolşeviklər guya söz və mətbuat azadlığının carçısı kimi hakimiyyətə gəldilər. Amma bunun tam əksinə getdilər və təkcə bir faktı deyim ki, xalq komissarları sovetinin lideri V.İ.Lenin birinci dekretini iyirmiyə yaxın qəzetin bağlanması ilə bağlı imzalayıb. Sovet dövründə isə senzuranın adını dəyişib qlavlit - dövlət sirlərini mətbuatdan qoruyan idarə qoymuşdular. Amma dünyada bundan əzazil senzura qurumu olmayıb. Təbii ki, bunlar hamısı tarixdə qaldı. Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk qəbul etdiyi qanunlardan biri Kütləvi İnformasiya Vasitələri haqqında oldu. Bu qanundan sonra Azərbaycanda mətbuata böyük önəm verildi, birinci dəfə olaraq, mətbuatın özəl sektoru yarandı. Daha sonra bu qanun təkmilləşdirildi və yenidən qəbul olundu. Beləliklə, ideal bir qanun ortaya çıxdı. Bu, hətta Avropanın bəzi ölkələrindən də çox tolerant, liberal və obyektiv bir qanun oldu. Yəni, Azərbaycan Respublikasının KİV haqqında qanunu mətbuat azadlığını tam təmin edən bir qanundur».

Cahangir Məmmədli bildirdi ki, bu gün heç kim «Azərbaycanda söz azadlığı, mətbuat azadlığı yoxdur» deyə bilməz: «Gileylənənlər var, ola bilər ki, bu qanunlarda yenidən baxılası məqamlar olsun. Amma hazırda  Azərbaycan mediasında hər kəsin söz demək üçün yeri var. Mən iqtidar əleyhinə söz demək istəyirəmsə, əlimdə müxalifət qəzetləri var, yaxud da əksinə».

Jurnalist məsuliyyətinə gəldikdə isə Cahangir müəllim hesab edir ki, ənənəvi media daha məsuliyyətlidir, nəinki yeni media-internet mediası: «Yeni medianın ən önəmli problemi peşəkarlıq və jurnalist məsuliyyətinin aşağı olmasıdır. Klassik mətbuatımızda bir məqalə ən azı iki-üç nəfərin gözündən keçir, internet mediasında isə bəzən bir nəfər həm yazır, həm də məlumatı dəqiqləşdirməmiş yayır. Bu isə təbii ki, onun öz məsuliyyətini dərk etməməsidir».


«Hər kəs istədiyi məsələyə fikir bildirə, müzakirə apara bilir»


«Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da azad media mühitinin mövcudluğunu qeyd etdi. Bildirdi ki, ölkədə hər kəsin öz fikrini ifadə etməyə imkan və şərait var: «Azad medianın olması üçün Azərbaycanda olan şərait hesab edirəm ki, çox normaldır. Çünki ölkədə həm çap mediası fəaliyyət göstərir, həm də televiziya, radio və müxtəlif internet portallar açıq yayımlanır. Ədliyyə Nazirliyinin son açıqlamasına görə, Azərbaycanda 5100-dən artıq kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib. Bunların müəyyən hissəsi yazılı mətbuata - qəzet və jurnallara, digər hissəsi isə elektron KİV-lərə və televiziyalara aiddir. Artıq mərkəzi televiziyalarla yanaşı, əyalətlərdə insanların informasiya tələbatını ödəmək üçün müxtəlif internet və bölgə televiziyaları fəaliyyət göstərir. Cənubda «Cənub» TV var, Qərb bölgəsində «Gəncə» və «Türk Eli» televiziyaları yayımlanır».

Baş redaktor digər tərəfdən, Azərbaycanda hər bir insanın özünü ifadə etmək imkanının olduğunu vurğuladı: «Bu, sosial şəbəkələr vasitəsilə həyata keçirilir. «Facebook», «İnstaqram», «Twitter» üzərindən hər kəs istədiyi məsələyə fikir bildirə, müzakirə apara bilir. Hətta internet medianın gəlişi ilə ölkədə bir vətəndaş jurnalistikası formalaşıb. Hər kəs qarşılaşdığı problemləri, çətinlikləri, müəyyən ictimai-siyasi proseslər, ölkə daxilində və xaricində baş verən hadisələrlə bağlı öz rəylərini paylaşırlar. Bunun üçün müəyyən şərhlər də verilir. Bu baxımdan deyərdim ki, Azərbaycanda özünü ifadə imkanları, sərbəst fikir, söz azadlığı müsbət mənada özünün təzahürünü tapıb».


«İstifadəçilərin marağına xidmət edən yeni qaydalar hazırlanmalıdır»


Müasir Azərbaycan jurnalistikasının tanınmış simalarından olan Qulu Məhərrəmli də ənənəvi jurnalistikadan fərqli olaraq, yeni mediada jurnalist məsuliyyətinin aşağı səviyyədə olduğunu dedi: «Bu mövzunun özü jurnalistikamız üçün çox aktual məsələdir. Ümumiyyətlə, ənənəvi media ilə yeni mediada imkanlar fərqlidir. Yəni, yeni mediada xəbərin təqdimatı xeyli cazibədar olub. Ona görə ki, onun xəbəri səsli və görüntülü vermək və s. kimi imkanları var. Eyni zamanda, virtual aləmdə ifadə imkanları genişləndikcə, həm də məsuliyyətlə bağlı məsələlər ortaya çıxır. Bu gün çox təəssüf ki, yeni mediada peşəkarlıq çox aşağı səviyyədədir, yəni o sərbəstliyin dadını bilməyən gənc jurnalistlər xəbər dəyərlərini, xəbəri cazibədar şəkildə təqdim etməyi bilmirlər. Önəmli olan budur ki, yeni media yeni jurnalist tipi tələb edir. Bu tip birinci növbədə yüksək peşəkar xəbər dəyərlərini mənimsəmiş jurnalistdir. İkincisi isə yüksək texnoloji vərdişlərə yiyələnmiş bir tipdir. Yəni, bu şəxs həm mətni özü yaza bilir, həm  radionun imkanlarına yiyələnir və eyni zamanda, kamera,  fotoaparatla çəkir, informasiyanın qrafikasını, görüntüsünü özü həll edə bilir».

Mütəxəssis yeni mediada sensasiyalılıq, sarı mətbuatın nəfəsini və jurnalist məsuliyyətinin aşağı səviyyədə olmasını daim hiss edir: «Bu gün əksər xəbər saytları üçün xarakterik cəhət bulvar - sarı mətbuatının üslubunun genişlənməsidir. Bütövlükdə, hesab edirəm ki, yeni və ənənəvi medianın nümayəndələri yığışıb bu sahədəki problemləri müzakirə eləməliyik. Çünki, mediadakı bu yenilik bir seldir, yeni imkanlarla yanaşı, özü ilə müəyyən çör-çöplər gətirir. Çoxları da bunu söz-mətbuat azadlığının, internetdəki azadlığın acı meyvəsi kimi cəmiyyətə sırıyırlar. Ona görə də istifadəçilərin marağına xidmət edən və onu təmin edə biləcək yeni qaydalar hazırlamalıyıq».


«İctimaiyyət qarşısındakı məsuliyyət unudulmamalıdır»


Media eksperti, araşdırmaçı jurnalist Rizvan Qənbərli isə qəzetimizə verdiyi açıqlamada jurnalistlərin iş şəraitindən danışdı: «Bu prosesi müxtəlif kateqoriyalarda dəyərləndirmək olar. Əvvəla, jurnalistlər məhdud zaman çərçivəsində işləyirlər. Bundan əlavə, gündəlik peşə praktikalarının yol açdığı çətinliklər də var. Eyni zamanda, təbii olaraq jurnalistlər də bəzi səhvlərə yol verməkdədirlər. Bəzən xəbəri tam araşdırmadan vermək çox vaxt şəxslərə və ya ictimai qruplara qarşı müxtəlif haqsızlıqlara səbəb olur. Bunlar isə peşəkarlıqdan tamamilə uzaqdır. Jurnalist hər şeydən öncə oxucularına, izləyici və dinləyicilərinə qarşı böyük məsuliyyət daşıyır. Çünki onlar ölkədə və dünyada baş verən hadisələr haqqında xalqı məlumatlandırmaq kimi bir missiyanı həyata keçirirlər. Buna görə də jurnalist peşə fəaliyyətinin hər mərhələsində bu məsuliyyətini yaddan çıxarmamalıdır».

Rizvan Qənbərli jurnalistikada məsuliyyət hissinin dünya praktikasına əsasən, iki yeni təcrübəsinin olduğunu bildirdi: «Əksər ölkələrdə olduğu kimi Azərbaycanda da media və jurnalistlər müxtəlif tənqidlərlə qarşılaşırlar. Vətəndaşlardan ictimai qruplara, dövlət orqanları rəhbərlərindən elm adamlarına qədər müxtəlif qruplar jurnalistləri düzgün fəaliyyət göstərməməklə tənqid edirlər. Bunlar çox vaxt yerində olan tənqidlərdir. Eyni zamanda, bu tənqidlər jurnalistlərin peşə məsuliyyətini nəzərə almadıqları fəaliyyətləri haqda daha çox səsləndirilir. Jurnalistlər qeyri-jurnalist şəxs və ya qrupların bu tənqidlərini dinləməli və peşə fəaliyyətlərində bunları nəzərə almalıdırlar. Bundan əlavə, onlar tənqid edən şəxslərin onları tənqid etmələrinə əsas verməməlidirlər. Bu məqsədlə jurnalistikada özünütənqid xüsusi əhəmiyyətə malikdir. Özünütənqid sadəcə jurnalistin deyil, həmçinin, media qurumlarının rəhbərlərinin də vəzifə borcudur. İctimai rəyin səsi olmağı özünə məqsəd seçmiş hər bir media orqanı ictimai rəyi nəzərə almalı və ona qarşı daşıdığı məsuliyyəti unutmamalıdır. Jurnalistikada məsuliyyət hissi dünya təcrübəsində iki yeni praktikanın əsasını təşkil etməkdədir. Bunlardan biri özünənəzarət mexanizminin qurulması, digəri də bu mexanizm çərçivəsində peşə əxlaq qaydalarına riayət məcburiyyətidir».

Yekun olaraq bu nəticəyə gəlmək olar ki, peşə etikası tarixən yazılmamış qanunlara, yəni vicdanın səsinə, ədalətə, cəmiyyətdə müsbət qəbul olunan qaydalara söykənməklə, iki başlıca məqsəd izləyib. Əvvəla, bu peşənin lazımlılıq, yararlılıq səviyyəsini qaldırmaq, ikincisi, cəmiyyət insan qarşısında məsuliyyəti dərk etməkdir.

 





07.02.2017    çap et  çap et