Vaxt.Az

Təmas xəttində toplar işə düşdü...


 

Azərbaycan ordusu düşmən istehkamlarını vurdu

Təmas xəttində toplar işə düşdü... Azərbaycan ordusu erməni işğalçı qüvvələrinin mövqelərinə toplardan və minomyotlardan zərbələr endirir. Virtualaz.org xəbər verir ki, bu haqda qondarma «dqr müdafiə nazirliyinin» az əvvəl yaydığı məlumatda bildirilir.

Məlumata görə saat 17.00-dən 18.50-yə qədər Azərbaycan ordusu təmas xəttinin şərq istiqamətində (Ağdam) yerləşən erməni mövqelərinə tank əleyhinə 85 mm-lik D-44 toplarından birbaşa tuşlama ilə zərbələr endirib. Bundan əlavə Talış kəndi istiqamətində erməni mövqeləri minaatanlardan atəşə tutulub. İşğalçı qüvvələrin komandanlığı onların mövqelərinə onlarla mərmi atıldığını, lakin itki vermədiklərini iddia edir, cavab tədbirləri barədə hədə-qorxu gəlir. Virtualaz.org erməni tərəfinin bu məlumatı ilə bağlı ötən gün axşam Azərbaycan Müdafiə Nazirliyindən şərh ala bilməyib.

Xatırladaq ki, təmas xəttində son bir neçə ayda ağır artilleriyanın tətbiqi halları demək olar qeydə alınmırdı. İndi tamamilə mümkündür ki, Azərbaycan silahlı qüvvələri düşmən qüvvələrinin hansısa təxribatçı-qızışdırıcı əməlinə qarşı adekvat reaksiya verməli olub.

Azərbaycan Müdafiə Nazirliyi təmas xəttində ötən gün axşam saatlarında baş vermiş hadisələr barədə bu gün rəsmi açıqlama ilə çıxış edib. Nazirliyin məlumatında deyilir:«Fevralın 7-də saat 16.55-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində qoşunlarımızın müdafiənin ön xəttindəki mövqeləri iriçaplı silahlardan, minaatanlar və toplardan atəşə tutulub. Dərhal görülən təxirəsalınmaz cavab tədbirləri nəticəsində atəşlə düşmənin müxtəlif mühəndis qurğuları və atəş nöqtələri məhv edilib.

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı birləşmələrinin mövqelərimizi iriçaplı silahlardan atəşə tutmaqla Dağlıq Qarabağda cəbhənin başqa istiqamətində həyata keçirməyə cəhd etdiyi diversiyadan diqqəti yayındırmaq məqsədi güddüyü ehtimal olunur. Lakin bölmələrimizin sayıqlığı nəticəsində düşmənin aktivliyi əvvəlcədən aşkar olunub. Görülən tədbirlər nəticəsində itki verən düşmən geri çəkilməyə məcbur edilib.Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti heç bir itki verməyib və hazırda bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edilir».

 





08.02.2017    çap et  çap et