VAXT.AZ «Azadlıq radiosu»na istinadən bildirir ki, Böyük Britaniyanın «VARKEY» Fondunun yeni hesabatında belə deyilir.
20 ölkənin 14-ündə 1995-2001-ci illər arasında doğulanlar, yəni «Z nəsli» adlandırılanlar daha çox mühacirətin gerçəkləşməsini arzulayır. Ötən il seçicilərinin Avropa Birliyindən çıxmağa səs verdiyi Böyük Britaniya, Donald Trampın antiimmiqrasiya siyasəti hesabına prezident seçildiyi ABŞ da bu ölkələr sırasındadır.
Sağ meyllilik artsa da…
Həmin gənclərin 43 faizi düşünür ki, hökumətləri qaçqınlara az yardım edir. 12 faiz isə daha çox iş görüldüyünü hesab edir.
Bu nəticələr elə bir dönəmdə ortaya çıxır ki, Böyük Britaniya və ABŞ-da siyasətdə sağmeyllilik güclənib. Həm onlarda, həm də Fransa və Almaniyada sağ partiyalar bu il keçiriləcək seçkilər öncəsi dəstək qazanmaqdadırlar.
Sorğu təkcə miqrasiya və qaçqın məsələlərini deyil, zehni sağlamlıq və gender bərabərliyi daxil olmaqla, bir sıra mövzuları əhatələyib. Üzə çıxan budur ki, bütün dünyada gənclərin 1/3-i – 74 faizi transgender şəxslərin qeyri-transgenderlərlə bərabər hüquqlara yiyələnməli olduğunu düşünür.
Bir sıra ölkələrdə – Kanadada (83 faiz), Yeni Zelandiyada (80 faiz), Argentinada (80 faiz) və Böyük Britaniyada (80 faiz) bərabər hüquq tərəfdarlarının sayı yüksəkdir.
Narahatlıqlar da var
Dünya cavanları immiqrasiya və qaçqın hüquqlarıyla bağlı öz hökumətlərindən daha liberal mövqe tutsalar da, ekstremizm, münaqişə və müharibə qorxularını bölüşürlər. Rəyi soruşulanların 83 faizdən çoxu deyib ki, gələcək sarıdan ən böyük əndişə ekstremizm və qlobal terrorçuluq, 81 faiz isə konflikt və müharibələrlə bağlıdır.
Gənclərin 37 faizdən çoxu inanır ki, dünyadakı durum getdikcə pisləşir, 20 faiz isə əksini, yaxşılaşdığını hesab edir. Dünyada ən bədbin ölkə Fransadır, 53 faiz işlərin yaxşı getmədiyini düşünür. Ən nikbin ölkənin isə Çin olduğu üzə çıxıb, 53 faiz düzənin yaxşılaşdığını, yoluna düşdüyünü söyləyib.
Rəy sorğusu Argentina, Avstraliya, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İndoneziya, İsrail, İtaliya, Yaponiya, Yeni Zelandiya, Nigeriya, Rusiya, Cənubi Afrika, Cənubi Koreya, Türkiyə, Böyük Britaniya və Birləşmiş Ştatlarda keçirilib.