Vaxt.Az

«Adamda bir insaf olar da…»


 

Baş nazir müavini əsəbiləşdi

«Adamda bir insaf olar da…» «Azərbaycanda baş verən torpaq sürüşmələrinin iqlim şəraiti ilə heç bir əlaqəsi yoxdur, bunun günahkarı özümüzük». Baş nazirin müavini Abid Şərifov jurnalistlərə açıqlamasında belə deyib.
Abid Şərifov Ağsu aşırımında baş verən sürüşmənin səbəbini də açıqlayıb: «Mən 60 ildir Ağsu aşırımından gedib-gəlirəm, ildə ən azı on dəfə oradan keçirəm. Ağsu aşırımında heç vaxt sürüşmə olmayıb. Yalnız polis postunun yaxınlığında çox cüzi torpaq tökülərdi. İndi isə Ağsu aşırımı bütövlükdə sürüşür. Niyə? Ona görə ki, orada 50 metrdən bir restoran tikilib. Nə kanalizasiya xətti var, nə də suyun axması üçün başqa vasitə. Hərə bir tualet və sair tikib. Amma heç bir axar yolu yoxdur. Sürüşmə ərazisində pillə-pillə nəsə etmək olmaz. Əgər şampolar betonla tikilsəydi və ərazidəki torpaq vaxtaşırı daşınsaydı, heç vaxt sürüşmə olmazdı».
Baş nazirin müavini bildirib ki, Bakının Zığ, Bayıl və Badamdar qəsəbələrindəki sürüşmələr də insanların fəaliyyəti ilə bağlıdır: «Bu sürüşmələr yalnız insanların fəaliyyəti, qanunlara əməl olunmaması nəticəsində yaranır. Bəyəm əvvəllər Azərbaycanda yağış yağmırdı? Yoxsa yağıntılar artıb? Əksinə, keçmiş dövrə nəzər salsaq, indi yağıntıların azaldığını görərik. Ona görə də günahkar özümüzük. Sürüşmə zonalarında ev, restoran, kafe tikənlər, buna icazə verənlər, göz yumanlardır günahkar. 
Düzənlikləri çıxmaq şərtiylə, hazırda bütün dağ rayonlarında torpaq sürüşmələri var. Vəziyyəti bu həddə gətirmək nə dərəcədə doğrudur? Bir az insafımız olmalıdır, addım atanda, iş görəndə belə məsələləri düşünməliyik, ölçüb-biçməliyik. Adamda bir insaf olar da».
Abid Şərifov deyib ki, Nazirlər Kabinetinin tapşırığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi sürüşmə zonalarının xəritəsini hazırlayır: «Nazirlik bir ay ərzində xəritəni təqdim etməlidir. Sonra Nazirlər Kabinetinin qərarı olacaq. Həmin qərarla icra başçılarına, bələdiyyə sədrlərinə tapşırıq veriləcək ki, sürüşmə zonalarında tikintiyə icazə verməsinlər, bunun qarşısını alsınlar».
 





30.10.2013    çap et  çap et