Lakin son beş ildə ABŞ müdafiə xərclərində 25 faizlik «qayçılama» edib ki, bu da Silahlı Qüvvələrdə keyfiyyət göstəricisini aşağı salıb.
Məsələn, bu yaxınlarda məlum olub ki, ABŞ-ın «F/A-18 Hornet» və «Super Hornet» kimi qırıcıları uçuş üçün yararsız vəziyyətdədir. Səbəb isə təmir üçün zəruri avadanlıqların olmamasıdır.
Strateq.az xarici mətbuata istinadən dünyanın supergücünün ordusunda hansı problemlərin yaşandığını göstərməyə çalışacaq.
Muzeyə möhtac qalan təyyarələr…
«National Interest» yazır ki, dəniz piyadalarının qərargahı «F-18»ləri normal vəziyyətdə saxlaya bilmək üçün muzeyə göndərilən təyyarələrin ehtiyat hissələrindən istifadə edir.
Məlumata görə, bu qırıcıların yalnız 30 faizi uçuşa yararlıdır. Bundan başqa, ay ərzində 30 saat uçuş etməli olan pilotlar cəmi 4 saat havada olurlar.
Digər təyyarələrlə də bağlı vəziyyət oxşardır. «F-16»lardan hissələri çıxarıb digər təyyarələrə yerləşdirirlər ki, onlar da uça bilsinlər.
«B-1» bombardmançılarını işlək vəziyyətdə saxlamaq üçün də muzeydəki ehtiyat hissələrinə müraciət olunur. Bununla belə, onların tam yarısı döyüşə hazırlıqlı deyil.
«B-52» strateji bombardmançıları 53 il əvvəl istehsal olunub. Hazırda ABŞ Hərbi Hava Qüvvələrinin nəzarətində 76 təyyarə var (18-i rezervdədir). Onların hər biri 31,5 tonluq qanadlı raket, bomba, mina daşımağa qadirdir.
Ehtimal olunur ki, bu təyyarələr təxminən 2030-cu ilə qədər fəaliyyət göstərə biləcək. Məsələn, bu yaxınlarda təlim uçuşu zamanı «B-52»lərdən birinin mühərrikində ciddi problem yaranmışdı.
Artan qəzalar…
Son on ildə dəniz piyadalarının təyyarə və vertolyotlarında baş verən qəzaların sayı orta statistik göstəricidən təxminən iki dəfə çoxdur.
Ötən ilin əvvəlində bir gündə iki qırıcı – bir «F-18», bir «F-16» qəzaya uğramışdı.
Əvvəlki administrasiya 2019-cu ilədək qırıcıların sayını 26-ya, döyüş bombardmançılarının sayını isə 112-dən 96-ya salmağı planlaşdırırdı.
ABŞ Hərbi Hava Qüvvələrini modernləşdirmək istiqamətində əsas hədəflər arasında «F-35» qırıcısı və dəniz piyadalarının qərargahı vardı. Lakin büdcədəki azalmaya görə Pentaqon planlarının bir hissəsini reallaşdıra bilmədi.
Məsələn, 2015-ci ildə 42 ədəd «F-35» qırıcısının alınması planlaşdırılırdısa, sonradan bu rəqəm 34-ə endi.
Gəmi qıtlığı
ABŞ donanmasının problemi ondadır ki, gəmilərin xidmət müddəti uzadılsa da, onların sayı yetərli deyil. Hərbi Dəniz Qüvvələri 350 gəmiyə ehtiyac duyduğu halda hazırda cəmi 273 işlək gəmi var.
2019-cu il üçün gəmilərdən birinin sayının azaldılması, 56 sualtı qayıqdan isə 51-nin saxlanılması nəzərdə tutulub.
Hərbi Dəniz Qüvvələrində ən nəzərəçarpan dəyişiklik desant gəmilərinin sayının 41-ə endirilməsi oldu. 2019-da bu rəqəmin 31 olması planlaşdırılır.
Məsələ təkcə kəmiyyətlə də deyil. Mütəxəssislər deyir ki, Hərbi Dəniz Qüvvələrinin problemi həm də hansı gəmilərdən və nə qədər sifariş edilməsinə qərar verənlərlə bağlıdır.
Ultramüasir gəmi ümidləri doğrultmadı
ABŞ-da inşa edilən ultramüasir «USS Zumwalt» dünyanın ən nəhəng raket-eskadra mina gəmisidir.
O, həm də 4,4 milyardlıq dəyəri ilə dünyadakı döyüş gəmiləri arasında ən bahalısıdır. Uzunluğu 186 metr, eni 24 metr olan gəmi 130 nəfərlik hərbi heyət üçün nəzərdə tutulub.
«USS Zumwalt»ın ölçüləri bu qədər böyük olsa da, radarlardan yayına bilir. Gəminin inşasında tətbiq edilmiş rakurslar sayəsində düşmənin radar qurğuları tərəfindən onun aşkar edilməsi imkanı 50 faiz azalır.
«USS Zumwalt» raket-eskadra mina gəmisinin mövcud konfiqurasiyası xeyli miqdarda silah daşımağa imkan verir. Bu qurğular kompüterlə idarə edilən raket döyüş başlıqlarını işə salmağa, 100 kilometr məsafədəki hədəfləri məhv etməyə qadirdir.
Bu, digər raket-eskadra mina gəmilərinin hədəfləri məhvetmə məsafəsindən üç dəfə çoxdur.
Lakin hələ limandan çıxmamış gəmidə problemin olduğu üzə çıxdı. Daha sonra – Panama kanalından keçən zaman da sensorlar daxil olmaqla, bir neçə sistemdə problemlər aşkarlandı.
Quru qoşunları döyüşə hazır deyil
Heç şübhəsiz ki, hər bir ordunun başlıca gücü canlı qüvvədir. ABŞ-da hazırda ordu briqadasının yalnız üçdə biri döyüşə hazır vəziyyətdədir.
İkinci dünya müharibəsindən sonra ilk dəfədir ki, Quru qoşunlarının sayında bu qədər ixtisar aparılıb. Lakin əsas problem bunda yox, yetərli döyüş hazırlığının olmamasındadır.
Yüksək vəzifəli ordu generallarından biri bildirib ki, savaş başlasa, ordu çox ciddi hərbi risklə üz-üzə qalacaq.
Əgər soyuq savaşın sonunda ABŞ ordusunda həqiqi hərbi xidmətdə 770 min nəfər var idisə, 2001-ci ilin sentyabrında onların sayı 481 minə düşdü.
Sonradan – İraq və Əfqanıstandakı münaqişələrə görə 90 min nəfərlik artım oldu.
Lakin Birləşmiş Ştatlar hərbi büdcəsini azaltdıqca hərbçilərin də sayında avtomatik olaraq azalma olur. Üstəlik yaxın bir neçə ildə daha 30 minlik ixtisara gedilməsi planlaşdırılır.
İki yol arasında…
Ötən ilin ortalarında ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general Deniel Ellin demişdi ki, büdcədəki ixtisarlara görə döyüş hazırlığı ilə modernləşmə (potensialı yüksəltmək üçün yeni hərbi texnikaya sahib olmaq) arasında seçim etməli olurlar.
Ellin həmçinin bildirmişdi ki, bu gün 100 min hərbçini döyüş bölgələrinə göndərə bilmirlər.
Orduda hərbi əməliyyatlarda iştirak edə biləcək 380 min hərbçi var. Və hazırda onlardan 162 mini hərbi əməliyyatlara dəstək verir.
Demək, ABŞ ordusunun təxminən yarısı artıq hərbi əməliyyatlara cəlb olunub və ordunun yeni bir böhrana duruş gətirmək imkanları yüksək deyil.
Düzdür, ABŞ ordusu hərbi əməliyyatlarda iştirak baxımından ordular arasında ən professionalıdır. Amma silahlı qüvvələrinin sayının minimuma endirilməsi, modernləşmə ilə bağlı təşəbbüslərin maliyyələşdirilməməsi ciddi problemlər yaradır.
Bunun da əsas səbəbkarlarından biri kimi Konqres göstərir. Konqres böyük həvəslə yeni texnikanın satın alınması ilə bağlı büdcəni «qayçılayır».
«Başımız partizanlara və terrorçulara qarışıb»
ABŞ müdafiə nazirinin texnologiyaların satın alınması üzrə müavini Frenk Kendal dəfələrlə bildirib ki, ABŞ ordusunun texniki təchizat məsələsinə görə narahatdır:
«Soyuq savaşın bitməsindən 20 il keçib. İndi ABŞ-da sanki belə bir qənaət yaranıb ki, biz hərbi-texniki baxımdan hamıdan öndəyik. Bunun düzgün və təhlükəsiz qənaət olduğunu düşünmürəm. Fikrimcə, bu məsələyə çox laqeyd yanaşırıq. Son on ildə isə başımız partizanlara və terrorçulara qarşı mübarizəyə qarışıb», deyə Kendal bildirib.
ABŞ ordusunun admiralı Semyul Loklir də Kendalın bu mövqeyini dəstəkləyib: «Bizim uzun illər boyu mövcud olan dominantlığımız getdikcə azalır. Və buna heç bir şübhəm yoxdur».
ABŞ nələrdən imtina edib?
Son illər ərzində ABŞ qırıcı «F-22»lərin, S-17 təyyarəsinin, «CG» (X) kreyserinin, «F-136» üçün ehtiyat mühərriklərin, Hərbi Hava Qüvvələri üçün axtarış-xilasetmə vertolyotlarının, «VH-71» prezident vertolyotunun istehsalından, həmçinin Quru Qoşunları üçün «Future Combat Systems» proqramından imtina edib.
İcrası dayandırılan və ya büdcəsi ixtisar edilən başqa proqramlar da var – «Comanche» vertolyotu, «EP-X» kəşfiyyat təyyarəsi, «Crusader» özüyeriyən zenit, «Expeditionary Fighting Vehicle» döyüş maşını, «C-27J» nəqliyyat təyyarəsi, «Aerial Common Sensor» Quru qoşunları üçün kəşfiyyat təyyarəsi, «Precision Tracking Space Sensor» yüksək dəqiqlikli izləmə sistemi, «Surface-Launched Advanced Medium Range Air-to-Air Missile» orta məsafəli mobil-zent raket kompleksi və s.
Bir çox peyk sistemləri də «büdcə qayçılanmasının» qurbanı olub.
Tramp nə düşünür?
Vəziyyətin ürəkaçan olmadığı ölkənin yeni rəhbərliyinin də diqqətindən qaçmayıb.
Bir neçə gün əvvəl Floridada hərbi bazaların birində çıxışı zamanı prezident Donald Tramp bildirdi ki, Amerika donanması hazırda I Dünya müharibəsi illərindəki vəziyyətdədir.
Bunun çox aşağı nöqtə olduğunu deyən Tramp vəziyyəti düzəldəcəyinə söz verdi.
Artıq yeni administrasiya bu istiqamətdə hərəkətə keçib.
Bir neçə gün əvvəl Pentaqonun yeni rəhbərliyi Konqresə hərbi xərclərin 30 milyard dollar artırılması ilə bağlı büdcə layihəsi təqdim edib.
Pentaqon bu vəsaiti yeni zirehli texnikanın, reaktiv qırıcıların alınmasına, həmçinin hərbçilərin hazırlığının gücləndirilməsinə sərf etməyi düşünür.
Konqresin nümayəndələr palatasının Silahlı Qüvvələrlə iş üzrə Komitəsinin rəhbəri Mek Tornberri Pentaqonun bu təklifini dəstəklədiklərini bildirib. Həmçinin qeyd edib ki, Konqresdə çoxluq müdafiə xərclərinin həddən artıq ixtisar edildiyini düşünür.
Vəziyyəti düzəltmək üçün Tramp adminstrasiyasının daha hansı addımları atacağı zamanla görünəcək.
Heç şübhəsiz ki, Tramp əsas vədini gerçəkləşdirmək – Amerikanı əvvəlki kimi qüdrətli etmək istəyirsə, dəyişikliklərə həm də ordudan başlamalıdır… (strateq.az)