Lakin bunlarla yanaşı, A.Lapşinin həbs olunaraq ölkəmizə gətirilməsi həm də dünyaya ciddi mesajlar verir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini, işğalçı dövlətin qeyri-konstruktiv siyasətini yenidən diqqət mərkəzinə gətirir. Çünki A.Lapşinin həbsi və Azərbaycana ekstradisiyası yalnız ölkə daxilində deyil, Azərbaycandan xaricdə də medianın əsas xəbərlərindən birinə çevrilib. Belə olan halda, bu xəbərlə tanış olan hər bir ölkə vətəndaşı A.Lapşinin həbs olunma səbəbləri ilə də maraqlanır. Bu maraq çərçivəsində həmin şəxs istər-istəməz Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat əldə edir, Azərbaycanın ərazi bütövlüyünün pozulduğunu öyrənir, Ermənistanın təcavüzkar siyasəti ilə tanış olur. Paralel olaraq, A.Lapşin məsələsini mediadan izləyən xarici ölkə vətəndaşları Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etməyin nə ilə nəticələndiyini görür, bundan lazımi nəticə çıxarır. Bu isə Ermənistan dövlətinin, eləcə də işğal altında yaradılan qondarma qurumun illərdir apardığı təbliğata ciddi zərbə vurur, əsl həqiqətlərin gün işığına çıxmasına səbəb olur.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin təmsilçisi Elman Məmmədov mövzu ilə bağlı «Kaspi»yə açıqlamasında bildirib ki, Azərbaycan beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədlərinin, ərazilərinin sahibidir. Deputatın fikrincə, A.Lapşinin həbs olunaraq Azərbaycana ekstradisiya edilməsi ilk növbədə bu amili dünyanın gündəminə gətirib: «Azərbaycan BMT-yə üzv seçilərkən hansı ərazi ilə bura daxil olubsa, o ərazilərə də nəzarət edir. Bu sərhədlərə daxil olan, amma uzun illərdir Ermənistan tərəfindən işğal altında olan torpaqlarımıza nəzarəti də Azərbaycan tədricən bərpa edir. Heç şübhə etmirik ki, işğal altındakı ərazilərə tam nəzarət zamanla başa çatdırılacaq. Amma hələlik o torpaqlar Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Buna rəğmən, həmin torpaqlar Azərbaycan ərazisi sayılır və ora getmək-gəlmək yalnız rəsmi Bakının icazəsi ilə mümkündür. Əgər kimsə bunun fərqinə varmasa, Azərbaycanın icazəsi olmadan o torpaqlara səfər edəcəksə, separatizmi və separatçıları təbliğ edəcəksə, ərazi bütövlüyümüzü şübhə altına alan fikirlər səsləndirəcəksə, aqibəti Lapşin kimi olacaq. Lapşinə qədər və ondan sonra da Azərbaycanın icazəsi olmadan işğal altındakı torpaqlarımıza səfər edənlər gec-tez məsuliyyətə cəlb olunacaq, ölkəmizə gətirilərək qanun qarşısında cavab verəcəklər. Bu cəza tədbiri Serj Sarkisyanı, Robert Köçəryanı, Zori Balayanı, Seyran Ohanyanı və Azərbaycan ərazisində cinayətlər törətmiş digər şəxsləri də gözləyir. Onlar Azərbaycan ərazilərində azərbaycanlılara qarşı cinayətlər, vəhşiliklər törədiblər. Buna görə də məsuliyyət daşıyacaqlar. Eləcə də xarici ölkə vətəndaşları adları sadalanan bu cinayətkarların təsiri altına düşəcəklərsə, Azərbaycan ərazilərinə qanunsuz səfər edəcəklərsə, qanun qarşısında cavab verəcəklər. Bu, birmənalıdır».
Millət vəkili, tarixçi-alim, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvü Fəzail İbrahimli qəzetimizə açıqlamasında bildirib ki, A.Lapşinin həbsi və ölkəmizə gətirilməsi Azərbaycanın öz addımlarını beynəlxalq hüquq çərçivəsində atdığını bütün dünyaya bir daha sübut edib. Onun sözlərinə görə, bu hadisə həm də Azərbaycanın torpaq, sərhəd məsələsində qətiyyətli mövqeyini, həmçinin ərazilərimizin işğalı ilə heç zaman barışmayacağımızı nümayiş etdirib: «Əgər Lapşin həqiqətən jurnalist və ya bloqqerdirsə, o zaman beynəlxalq hüquq normalarını pozmamalı, ölkələrin ərazi bütövlüyünə, qanunlara hörmətlə yanaşmalı idi. Amma o, bunun əksinə olaraq, işğal olunmuş ərazilərimizə işğalçı ölkənin və separatçı qurumun dəvəti ilə gəlib, onların təbliğatçısına çevrilib, ərazi bütövlüyümüzün əleyhinə çağırışlar edib. Yəni, o, haqqı-ədaləti deyil, ədalətsizliyi, işğalçını, təcavüzkarlığı təbliğ edib. İndi də buna görə cəzasını çəkir. Təbii ki, bu hadisə bütün dünyaya, erməni lobbisinin təsiri altında olan qurumlara, siyasətçilərə, parlamentlərə ciddi mesajdır. Ən əsası, bu hadisə haqqın və ədalətin qələbəsidir. Hər kəs bilməlidir ki, Azərbaycanın sərhəddini pozan, işğal altındakı ərazilərimizə qanunsuz səfər edənlər mütləq cəzalandırılacaqlar».
Siyasi İnnovasiyalar və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu da hesab edir ki, A.Lapşinin həbsi və Azərbaycana gətirilməsi Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın təcavüzkarlığının dünyaya nümayiş etdirilməsi baxımından çox böyük PR aksiyasıdır. Politoloq bizimlə söhbətində qeyd edib ki, A.Lapşin beynəlxalq səviyyəli dələduzdur və onun əməlləri xeyli hay-küy yaradıb. Siyasi şərhçinin sözlərinə görə, onun həbs edilib Azərbaycana gətirilməsi dünya ictimaiyyətinin diqqətini bir daha Dağlıq Qarabağ probleminə, Ermənistanın təcavüzkar siyasətinə yönəldir: «Ermənistanda, eləcə də dünyadakı erməni lobbisinin təsiri altında olan qüvvələr böyük səs-küy salıblar ki, Aleksandr Lapşini azad edə bilsinlər. Dünyadakı ermənilərin bu cür canfəşanlığı da diqqətləri Lapşinə yönəldir. Lapşin barədə məlumatların toplanması isə Azərbaycan reallıqlarının üzə çıxmasına səbəb olur. Bəlli olur ki, Ermənistan öz qonşusunun ərazisini işğal edib və Lapşin də bu haqsızlığın, qanunsuzluğun təbliğatçısı olduğuna görə, ərazilərimizə qanunsuz səfər etdiyinə görə həbs olunub. Ona görə də ermənilərdə böyük xof var ki, Lapşin hadisəsi presedent olacaq, bundan sonra Dağlıq Qarabağa qanunsuz səfər edən hər kəs həbs olunacaq».