Vaxt.Az

««Müxalifət qoçları»nın biri istefaya gedir»


 

Qabil Hüseynli: «Digəri də reallıqla barışmalıdı»

««Müxalifət qoçları»nın biri istefaya gedir» Politoloq Qabil Hüseyli mediaya açıqlamasında son günlər müzakirə olunan «super partiya» ideyasını şərh edib. O bildirib ki, reallıqda bu məsələ mümkün deyil: «Bu müsbət ideyadı. Cəmiyyətdə siyasi qüvvələrin təmərküzləşməsinə ehtiyac var. Amma siyasi partiyaların özü buna hazırdımı? Liderlər super partiyanın yaradılmasına hazır deyil. Onlar partiyalara özlərinin bir məhsulu kimi baxır və bu məhsul üzərində hökm vermək hüququnu yalnız özlərində görürlər».
Politoloq bu halın üzvlər arasında olduğunu da deyib: «Partiyaların sıravi üzvləri arasında da liderlərə pərəstiş yaranıb. Bu mühitdən çıxa bilmədikləri üçün birləşməni faciə kimi qarşılayırlar. Liderlər də bundan məharətlə istifadə edir. Belə bir ideya ortaya atılan kimi onu süngü ilə qarşılayırlar. Super partiyanın reallaşacağına ciddi şübhələr var. Bu ideyanın baş tutması üçün bir çox şərtlər mövcuddur. Siyasi liderlər bu məsələ xeyirxahlıqla yanaşmalı, partiya funksionerləri bunu səmimi qarşılamalı və inanmayan sıravi üzvləri də inandırmalıdırlar. Bu şərtlərin də həyata keçəcəyinə inanmıram. Belə ki, «super partiya» ideyası baş tutmayacaq».
Qabil Hüseynli vurğulayıb ki, nəzəri olaraq super partiyanın yaranması mümkündü: «Normal siyasi mühit olarsa, insanlar proseslərə düzgün yanaşa bilərsə, birləşmə mümkündür. Azərbaycan kimi kiçik bir ölkədə 51 siyasi partiyanın olması nonsensdi. Amma iki aparıcı partiyanın birləşməsini mümkün etmək olar. Bunun üçün isə sadaladığım şərtlər reallaşmalıdı. İsa Qəmbər və Əli Kərimli fonunda iki qoçun başı bir qazanda qaynamaya bilər. Amma qoçlardan biri artıq istefaya getməyə hazırlaşır. Digər qoç da reallıqla barışmalıdı».
 





01.11.2013    çap et  çap et