AHP-nin koordinatoru Əliməmməd Nuriyev platforma haqqında məlumat verib. Bildirib ki, platforma 09 sentyabr 2016-cı il tarixində təsis olunub. Platformada Azərbaycan vətəndaş cəmiyyətinin bütün spektrini əhatə edən 31 aparıcı QHT və parlament, 9 dövlət qurumu təmsil olunur. AHP-nin yaranması Açıq Hökumət Təşəbbüsünün Azərbaycanda tətbiqinin genişləndirilməsi, bu prosesdə vətəndaş cəmiyyətinin yaxından iştirakı, digər məsələlərin həllinə yeni imkanlar verir. Açıq müzakirələr, dialoq və əməkdaşlıq üçün çox əlverişli format və müstəvi təqdim edən bu qurum hər bir QHT üçün açıqdır: «Əminik ki, platforma hər bir QHT üçün müzakirə və əməkdaşlıq imkanlarını təmin edən çox əhəmiyyətli müstəvi kimi, Azərbaycan vətəndaş cəmiyyətinin güclənməsinə öz töhfəsini verəcək.
Artıq QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə edilən dəyişikliklər və vətəndaş cəmiyyətinin fəaliyyəti üçün şərtlərin daha da yaxşılaşdırılması istiqamətində əldə olunan uğurlar Azərbaycan vətəndaş cəmiyyəti ilə hökumət arasında olan dialoqun və əməkdaşlığının ən əhəmiyyətli təzahürüdür.
AHP-nın ilk iclaslarında ölkədə vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətinə dair hüquqi mühitin təkmilləşdirilməsi və bu qurumların fəaliyyəti üzrə praktiki çətinliklərin aradan qaldırılması məsələləri müzakirə edilib. Platforma adından bu məsələlərin həlli ilə bağlı hökumətə təkliflər təqdim edilib.
Hökumət tərəfindən QHT-lər üçün əlverişli şəraitin yaradılması məqsədi ilə vətəndaş cəmiyyəti təsisatları ilə dialoq formatında daimi müzakirələr aparılıb və bununla bağlı konkret addımlar atılıb.
21 oktyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən «Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda «bir pəncərə» prinsipinin tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı» imzalanıb.
Platformanın təklifləri Nazirlər Kabinetinin 11 yanvar 2017-ci il tarixli «Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması» və 24 yanvar 2017-ci il tarixli «Xarici donorlar tərəfindən Azərbaycan Respublikası ərazisində qrant vermək hüququnun əldə edilməsi» Qaydalarında dəyişikliklər edilməsi barədə qərarlarında nəzərə alınıb. Bu qərarlar qrant müqavilələrinin qeydiyyatına süni maneələr və bürokratiya yarada bilən bir çox tələbləri ləğv edir və qeydiyyat prosedurunu asanlaşdırır. Təqdim olunacaq sənədlərin dairəsi xeyli dərəcədə azaldılır. Bir sıra sənədlərin notarial qaydada təqdim edilməsi ləğv edilir. Qrant müqavilələrinin xidmət müqaviləsi kimi qeydiyyata alınmasına imkanlar yaranır.
Eyni zamanda xarici donorlar tərəfindən qrantların verilməsi proseduru xeyli sadələşdirilib. Təqdim olunmalı olan sənədlərin sayı və müraciətlərə baxılması müddəti 2 dəfəyədək azaldılıb. Qrantın maliyyə-iqtisadi, məqsədəmüvafiqliyinə dair rəyin verilməsindən imtina üçün əsaslar dəqiqləşdirilib. Bütün bunlar əhəmiyyətli irəliləyiş kimi qeyd edilməlidir».
Ə.Nuriyev məlumat verib ki, platforma açıqdır, artıq üzvlüklə bağlı müraciətlər daxil olub və növbəti toplantılar zamanı bunlara baxılacaq. Eyni zamanda bir sıra nazirlik və dövlət qurumları da AHP-yə üzvlüklə bağlı müraciət edib.
Platformanın koordinatoru xüsusilə qeyd edib ki, Azərbaycan vətəndaş cəmiyyəti ölkəmizin Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatında fəaliyyətini davam etdirməsini istəyir və bunun üçün çalışır: «Açıq Hökumət Təşəbbüsü məhz vətəndaş cəmiyyəti üçün önəmlidir. Məhz vətəndaş cəmiyyəti üçün yeni imkanlar yaradır».
Platformanın üzvü, Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının Azərbaycan üzrə milli koordinatoru, millət vəkili Vüsal Hüseynov Açıq Hökumət Təşəbbüsündə Azərbaycanın fəaliyyətinin 1 il müddətinə dayandırılması və bundan sonra ölkəmizdə görülən işlər barədə məlumat verib. V.Hüseynov qeyd edib ki, Azərbaycana münasibətdə çox sərt qərar qəbul edilib. Buna baxmayaraq Azərbaycan tərəfi Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatı ilə əməkdaşlıqda maraqlıdır və verilən tövsiyyələrin icrası istiqamətində əhəmiyyətli addımlar atıb: «Açıq Hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planı vətəndaş cəmiyyəti ilə birlikdə hazırlanıb və qəbul edilib. Planın hazırlanmasında vətəndaş cəmiyyətinin təkliflərinin 60 faizi nəzərə alınıb. Vətəndaş cəmiyyəti və dövlət qurumlarının, eyni zamanda parlamentin təmsil oldunğu Açıq Hökumət Platforması yaradılıb. QHT-lərin fəaliyyəti üçün daha yaxşı şəraitin yaradılması istiqamətində tədbilər həyata keçirilib. Milli donor AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası açıq hökumətlə bağlı layihələrin maliyyələşdirilməsini həyata keçirib».
V.Hüseynov bir daha vurğulayıb ki, AHP hər bir QHT üçün açıqdır. Qurumun koordinatoru tərəfindən üzvlüklə bağlı QHT-lərə müraciət edilib.
V.Hüseynov vurğulayıb ki, Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının İdarə Heyəti üzvlərinə ölkəmiz haqqında obyektiv məlumatların çatdırılması baxımından xanım Tsuikilaninin Azərbaycanda keçirdiyi görüşlər çox mühümdür.
Gürcüstanın ədliyyə naziri qeyd edib ki, doğurdan da Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatı Azərbaycanla bağlı çox sərt qərar qəbul edib: «Gürcüstan bu məsələdə Azərbaycanı dəstəkləyib. Gürcüstan hesab edir ki, Azərbaycan bu təşəbbüsdə qalmalı və öz töhfəsini verməlidir».
Xanım T.Tsuikilani Azərbaycanla bağlı verilən tövsiyyələri xatırladaraq, ölkəmizdə keçiridiyi görüşlər zamanı aldığı məlumatları Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının İdarə Heyəti üzvləri ilə bölüşəcəyini, bu məsələdə kömək etmək istədiklərini qeyd edib. Onun sözlərinə görə, Azərbaycan vətəndaş cəmiyyəti və hökumət də öz növbəsində tövsiyələrin icrası barədə beynəlxalq tərəfdaşlarını məlumatlandırmalı, əməkdaşlığı genişləndirməlidir.
Xanım nazir Azərbaycan vətəndaş cəmiyyəti və hökumət nümayəndələrini Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının komitələrində Azərbaycanla bağlı keçiriləcək müzakirələrə də dəvət edib.
AHP-nin üzvü, korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın katibi Kamal Cəfərov Açıq Hökumət Platforması və ümumiyyətlə vətəndaş cəmiyyəti-hökumət əməkdaşlığından söz açıb. Qeyd edib ki, korrupsiyaya qarşı mübarizə üzrə komissiya vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq edir, eyni zamanda digər dövlət qurumları da bu istiqamətdə əhəmiyyətli səylər göstərirlər.
Çıxışlardan sonra Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Rəna Səfərəliyeva Açıq hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planının monitorinqinin nəticələrini təqdim edib.
Xanım T.Tsuikilani platforma üzvlərinin suallarını cavablandırıb və qaldırılan məsələlərlə bağlı öz fikirlərini bölüşüb.
Gürcüstan ədliyyə naziri ilə görüşdən sonra AHP-nin iclası davam edib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı Ceyhun Məmmədov açıq məlumatlar bazasını ( http://data.gov.az/) təqdim edib.
Toplantıda platformanın ogp.org.az saytı da təqdim olunub.
Təqdimatlardan sonra platforma üzvləri Mirvari Qəhrəmanlı, Sabit Bağırov, Səadət Bənənyarlı, Rəna Səfərliyeva, MirvaÜmud Rəhimoğlu, İsrail İsgəndərov, Əhməd Abbasbəyli, Milli İnternet Forumun prezidenti Osaman Gündüz çıxış ediblər. V.Hüseynov, K.Cəfərov, Ə.Nuriyev və Ədliyyə Nazirliyinin hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi Rahim Rahimov sualları cavablandırıblar, müzakirə olunan məsələlərə münasibət bildiriblər.