Dünən axşam isə məlum oldu ki, statusumu «Facebook» inzibatçıları bloklaşdırıb və indi onu yalnız özüm görürəm (prinsipcə, 3 gün ərzində onu görməyi lazım olan hər kəs gördü və münasibətini bildirdi). «Facebook»un bildirişindən belə başa düşdüm ki, statusla bağlı Mustafayev şikayət edib. Məlum olduğu kimi, bu sosial şəbəkənin formal tələbləri var və şikayət əsasında onların pozulduğunu zənn etdikdə statusu bloklaşdıra bilər. Güman edirəm ki, səbəb ya Mustafayevin şəklinin Lapşinlə bir yerdə olması (əslində, nə statusumun özündə, nə də şəkildə təhqiredici bir şey olmayıb, amma təbii «Facebook» inzibatçıları detallara vara bilməz), ya da bəzi izləyicilərin şərhlərində onu təhqir etməsi olub. Fərqi yoxdur, çünki əsas bu deyil və statusu hər bir halda başqa formada da dərc etmək mümkündür.
Əsas odur ki, Mustafayevin statusuma dözə bilməməsi əməlindən peşman olmasından xəbər verir. Müqayisə üçün mənim özümə qarşı da bir neçə dəfə başqaları tərəfindən mənfi statuslar yazılıb, hətta şəkillərimdən kolajlar düzəldilib, amma mən reaksiya verməmişəm, şikayət-filan etməmişəm. Niyə? Çünki haqlı olduğuma əminəmsə, kiminsə səhifəsində haqqımda nə yazıldığı mənim üçün maraqlı deyil. Mustafayev üçün mənim səhifəmdəki status dözülməz olubsa, sırf formal tələblərə istinadən «Facebook» inzibatçılarına yalvarmağa başlayıbsa, deməli, səhvini başa düşüb. Çox yaxşı! Deməli, virtual sanksiya nəticə verdi, günahkar islah oldu! Buna yalnız sevinirəm! Ümid edirəm ki, bundan sonra özünü hamı ilə, ilk növbədə həmkarları ilə etik çərçivədə aparacaq. Əks halda, ikimizin də sevimli ədiblərindən biri olan Bulqakovun «Əlyazmalar yanmır!» sözlərini unutmasın. Hələlik isə mən onu əfv etdim...
VAXT.AZ bildirir ki, sözügedən status saytımızın arxivində saxlanılır.