Qurbanqulu Berdiməhəmmədovun namizədliyi Türkmənistan Demokratik Partiyasından irəli sürülüb. Bu seçkidə Berdiməhəmmədovun əsas rəqibləri Sənayeçilər və Sahibkarlar Partiyasının üzvü, «Rısqal» aksioner-kommersiya bankının İdarə Heyətinin sədri Bekmırat Atalıyev və Aqrar Partiyanın Marı vilayət komitəsinin sədri Durdıqılıç Orazov hesab edilirdi. Onun prezident postunda ilk addımları siyasi islahatlara ümidlər yaratdı: Berdiməhəmmədov sabiq prezident Niyazovun qızılı heykəllərin yığışdırılmasını əmr etdi. Onun göstərişiylə mərhum prezidentin dəyişdiyi ayların və həftə günlərinin adları bərpa edildi, opera, sirk və internet kafelərin yenidən açılmasına icazə verildi. Prezidentliyinin ilk illərində ölkədə bəzi islahatlar aparıb, orta məktəb proqramına xarici dillərin tədrisini əlavə edib, S.Niyazovun kəndlərdə bağlatdırdığı xəstəxanaları açdırıb. Yeni prezidentin qərarı ilə ölkə 10 illik təhsil sisteminə qayıtdı, kəndlərdə kitabxana və xəstəxanaların fəaliyyəti bərpa olundu. S.Niyazov özünü «Türkmənbaşı» (türkmənlərin atası) adlandırırdı, Qurbanqulu Berdiməhəmmədov isə özünə «Arxadağ» (qoruyucu, müdafiəçi) təxəllüsünü götürüb. O da S.Niyazov kimi, özünə çox qiymətli heykəl qoydurub. Aşqabadda onun qızıla bürünmüş mərmərdən 21 metrlik heykəli ucalır. Prezident at üstündə, əlində göyərçin təsvir olunub.
Ağır iqtisadi durum
Beləliklə, Berdiməhəmmədov daha 7 il hakimiyyətdə qalacaq. Lakin onun üçün bu müddət asan keçməyəcək. Məsələ ondadır ki, ölkə çox ağır iqtisadi durumdadır. Belə ki, dünya qaz ehtiyatlarının böyük bir qisminə malik Türkmənistan onu satmağa yer axtarır. Bir vaxtlar Rusiya onun əsas qaz alıcısı olsa da, son illər münasibətlər pisləşib və «Qazprom» türkmən qazını almaqdan imtina edib. Artıq bir neçə ildir ki, Aşqabad bazarlarında alış-veriş «iki qiymətlə» aparılır. Yəni məhsul göstərilən qiymətdən orta hesabla 40-60 faiz baha qiymətə satılır. Türkmənistanda əsas qida məhsullarının qiymətinə nəzarət, vacib siyasi tədbirlər ərəfəsi və ya ölkə rəhbərinin regionlara səfəri zamanı hökumətin geniş tətbiq etdiyi tədbirlərdən biridir. Məsələn, prezident yanvarın sonlarında Daşoğuz regionuna səfər edərkən qida məhsullarının qiyməti məcburi aşağı salınmışdı. Qiymətlərə nəzarət və bir sıra ərzaqların süni şəkildə ucuzlaşdırılması qıtlıq və ərzaq məhsullarının bahalaşmasına səbəb olub. Əhali bəzən yağ, un, şəkər növbəsində saatlarla, günlərlə gözləməli olur. Taxılçılıq və pambıqçılıq da geriləyib, onların ÜDM-dəki payı yalnız 13 faizdir. Uşaq ölümlərinə görə Türkmənistanın keçmiş SSRİ respublikaları arasında öncül yerlərdən birini tutur.
Qonşularla münasibətlər
Rusiya ilə siyasi münasibətlər normal olsa da, qaz sahəsində gərginlik hökm sürür. Əgər 2008-ci ildə Türkmənistan Rusiyaya ilə ərzində 40 milyard kub metr qaz nəql edirdisə və Çinə qaz xətti inşa edirdisə, indi vəziyyət xeyli pisləşib. Yəni, Aşqabadın «qızıl dövrləri» geridə qalıb. Türkmənistan qazının Asiya respublikaları içərisindəki «alıcıları» içində yalnız Çin və İran qalıb. Ötən il «Türkmənqaz» «Qazprom»la müqaviləni dayandırıb və yaxın illərdə belə nəqletmənin bərpasından söhbət də getmir. O ki qaldı Çinə, bu ölkə Aşqabadın götürdüyü kreditin müqabilində qaz alır. Yəni burada puldan söhbət getmir.
Aşqabad son onilliklərdə türkmən qazı üçün yeganə real bazar olan Pekinin sayəsində inkişaf edib və Çin ölkənin əsas borcverəninə çevrilib. Bir faktı qeyd edək ki, Türkmənistan dünyanın dördüncü ən böyük təbii qaz ehtiyatlarına sahibdir, ancaq coğrafi və siyasi təcridolma ölkənin bu imkanlardan yetərincə yararlanmasını əngəlləyir. Nəticədə Türkmənistan Çinin qaz qiyməti diktəsindən tam asılı hala düşüb.
İranda ölkənin əsas tərəfdaşlarından biridir. Lakin bu yaxınlarda İranın Milli Qaz Kompaniyası (NIGC) Türkmənistanın enerji şirkəti «Türkmənqaz»ı məhkəməyə verib. Səbəb də rəsmi Aşqabadın yanvarın 1-dən bu ölkəyə təbii qazın nəqlini dayandırmasıdır. Artıq müvafiq iddia Beynəlxalq Arbitraj Məhkəməsinə təqdim edilib. Türkmən tərəfi öz qərarını onunla əsaslandırır ki, rəsmi Tehran qaz ödəmələrini düzgün həyata keçirməyib. Nəticədə ortada 2 milyard dollarlıq borc yaranıb və tələb edir ki, İran tərəfi bu borcu tez bir müddətdə qaytarsın. İran tərəfi borcun yığıldığını etiraf edir, ancaq bildirir ki, 2 milyard dollar çoxdur və şişirdilib. NIGC bəyan edir ki, məhz «Türkmənqaz» müqavilənin şərtlərini pozur və bu səbəbdən də İran tərəfinin beynəlxalq məhkəməyə müraciət etməyə tam haqqı çatır.
Beləliklə, bir vaxtlar strateji müttəfiqlər kimi göstərilən Türkmənistan və İran arasında münasibətlərə indi bu sözləri şamil etmək olmaz. Lakin ekspertlər hesab edir ki, İranla bağlı mübahisəli vəziyyətdə uduzan tərəf Türkmənistan ola bilər. Məsələn, Aşqabadın ruslarla mübahisəsi və güzəştə getməməsi heç bir xeyir vermədi. Məsələn, İranın NIGC şirkəti bəyan edib ki, yaxın vaxtlar üçün ölkənin bütün regionlarını birləşdirəcək yeni qaz nəqliyyat sisteminin inşasına başlanılacaq. İran tərəfi bəyan edib ki, türkmən qazından olan asılılığını minimuma endirmək niyyətindədir. Beləliklə də, türkmən qazına olan ehtiyac arxa plana keçir. İstisna deyil ki, belə vəziyyətdən yararlanan Çin olacaq. Türkmənistan qazının yeganə alıcısına çevriləcək Çin bundan öz mənfəəti üçün yararlanmağa çalışacaq. Necə ki, belə bir vəziyyətdən Rusiya ilə bağlı istifadə edib. Rusiya qazından Avropa imtina edəndə, «Qazprom» Çinlə qaz sazişi imzaladı. Çin yaranmış vəziyyətdə Rusiya qazını ən aşağı qiymətə aldı. İndi də istisna deyil ki, rəsmi Pekin türkmən tərəfinə qarşı belə bir addım atsın. Çin tərəfinin məlumatına görə, Aşqabad hər min kub metr qazı onlara 185 dollara satır.