Azvision.az-ın məlumatına görə, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, iki nazirliyin birləşdirilməsi idarəetmə xərclərinin azaldılmasına, daha effektiv idarəetmə mexanizmlərinin yaradılmasına, rabitə infrastrukturunun genişlənməsinə, nəqliyyat sahəsində informasiyalaşmanın güclənməsinə yardımçı olacaq: «Bu, bir sıra ölkələrdə - Türkiyədə, Baltikyanı ölkələrdə sınanmış variantdır. İki nazirlik mahiyyətcə əlaqəsi bir-biri ilə güclü olan fəaliyyət sahəsi ilə məşğul olurdu. Belə demək mümkünsə, hər ikisi daşıma ilə məşğul idi. Ona görə də bu iki nazirliyin birləşdirilməsi uğurlu addımdır».
O.Gündüz qeyd edib ki, idarəetmənin optimallaşdırılması, çevik, effektiv idarəetmə mexanizmlərinin yaradılması «Strateji Yol Xəritəsi»ndə önə çəkilən məsələlərdən biri idi: «Effektiv mexanizmlərin yaradılması, xərclərin azaldılması baxımından uğurlu və düzgün addımdır. Bundan başqa özəl şirkətlər, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin özü də magistrallar boyu rabitə infrastrukturunun qurulmasında problemlərlə üzləşirdi. İndi rabitə və yol infrastrukturu birlikdədir. Hesab edirəm ki, bu iki nazirliyin birləşdirilməsi daha effektiv, çevik formada rabitə infrastrukturunun qurulmasına kömək olacaq. Eyni zamanda nəqliyyat sferasında informasiyalaşma normal deyildi. Düşünürəm ki, iki sahənin birləşməsi və cavabdehliyi bir şəxsin daşıması nəqliyyatda da informasiyalaşma, elektron hökumət, elektron xidmətlər məsələsinin güclənməsinə xeyli kömək olacaq».
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, yeni nazirliyin yaradılması ilə bu sahədə idarəçilik sadələşdiriləcək. Ekspert birgə əlaqələndirmənin daha səmərəli olacağını deyib: «Bu sahədə birgə əlaqələndirmə daha səmərəli olacaq. Əsas odur ki, idarəçilikdə yeni addım atıldı. Sovet dövründən bəri yığılıb qalan problemlər həll olunmamışdı. İctimai nəqliyyatda nizamsızlıq, yük daşımalarındakı pərakəndəlik və bu kimi digər problemlər mövcuddur. Bunların həllinə real şans yaradıldı. Yeni struktur çərçivəsində qeyd etdiyimiz problemlər həll oluna bilər. Nəqliyyat sahəsində problemlərin aradan qaldırılması baxımından yeni nazirliyə ümidlər çoxdur».
İqtisadçı-ekspert Vüqar Bayramovun fikrincə də, Nəqliyyat Nazirliyinin ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi beynəlxalq praktikaya uyğundur.
«Finlandiya, Avstriya, Norveç, Almaniya (Nəqliyyat və Digital İnfrastruktur formasında), Bolqarıstan, Makedoniya, Kipr, Türkiyə, Andorra, Çili, Peru, İsveçrə (federal department formasında), Latviya, Bosniya və Herseqovina, Qətər, Oman, Myanmar və bir sıra ölkələrdə nazirliklər bu və ya oxşar adlar altında fəaliyyət göstərir. Bu addımdan sonra Azərbaycanda struktur islahatların davam etdirilməsi çox vacibdir.
Stuktur islahatları çevik idarəetmə, xərclərə qənaət və xeyli dərəcə şəffaf menecment deməkdir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) 2011-ci ildə hazırladığı struktur islahatları paketində nəzərdə tutulan bir sıra təkliflər ötən müddətdə reallaşsa da bir sira təkliflərimizin növbəti dövrdə reallaşmasını məqsədəuyğun hesab edirik. CESD «Azərsu», Meliorasiya və Su Təsərrüfatı səhmdar cəmiyyətlərinin ləğv edilməsi, onların bazasında Dövlət Su Agentliyinin yaradılmasını, Dövlət Gömrük Komitəsinin ləğv edilməsi və ayrıca idarə kimi Vergilər Nazirliyinin tərkibində fəaliyyət göstərməsini, İqtisadiyyat və Sənaye Nazirliyinin tərkibindəki Antiinhisar Departamentinin nazirlikdən ayrılması, onun bazasında Rəqabətin Müdafiəsi Agentliyinin yaradılmasını, Energetika Nazirliyinin ləğv edilməsi və funksiyalarının bir qisminin Neft Şirkətinə, digər qismininsə İqtisadiyyat və Sənaye Nazirliyinə verilməsini (bu nazirliyin bazasında Yanacaq Energetika Departamentinin yaradılması) və digər islahatların aparılmasını təklif edir».