Modern.az saytı jurnalistlərin fikirlərini öyrənib.
Jurnalist Natiq Cavadlı bildirib ki, Azərbaycanda qəzetlərə marağın olmamasına müəyyən amillər təsir göstərib.
«Öncə qəzet satışında müəyyən əngəllər yaradıldı, əl yayımı sıradan çıxarıldı. Köşklərdə qəzetə marağı artıran məqamlar yox dərəcəsindədir. Daha sonra isə qəzetlərin reklam bazarı yoxdur. Həmçinin sosial şəbəkələr və portallar qəzetlərə çox ağır zərbə oldu. Ancaq bütün hallarda qəzeti alıb oxumağın ayrı ləzzəti var».
«Şərq qəzeti»nin baş redaktoru Akif Aşırlı isə qeyd edib ki, Azərbaycanda qəzetlərə marağın azalmasını ölçən heç bir sistem yoxdur.
«Qəzetlərə marağın azalması prosesi bütün dünyada baş verir. Çap mətbuatı və qəzetlərlə yanaşı, alternativ media strukturlarının formalaşması, xüsusən də internet medianın formalaşması qəzet alıcılarına müəyyən dərəcədə təsir edib. Biz inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, çap mətbuatına tələbat müəyyən dərəcədə azalsa da, müsbət münasibət hələ də qalıb. Bildiyimiz kimi, çap mətbuatı üçün satış yerləri olmalıdır. Türkiyədə özəl və digər strukturlar vasitəsilə onların yayım imkanları var. Azərbaycanda da bu satış sistemi formalaşır. Amma bütün qəzetləri tam əhatə edə bilmir. Qəzetlərin satış imkanları məhduddur. Bunu da nəzərə almaq lazımdır ki, rayonlara qəzetlərin çatdırılmasında da müəyyən vaxt itkiləri olur. Amma yenə də ən etibarlı məlumat mənbəyi kimi qəzetlərə müraciət edənlər var. Müəyyən yaş kateqoriyasından olan insanlar var ki, onlar qəzet oxuyurlar. Mən hesab edirəm ki, bütün dünyada baş verən bu proses Azərbaycandan da yan keçməyib. Ona görə də hadisələri obyektiv qiymətləndirirəm».
Azvision.az-ın baş redaktoru Vüsal Məmmədov bu tendensiyanın təkcə Azərbaycanda deyil, bütün dünyada belə olduğunu deyib.
«Əksər ölkələrdə qəzetlər bağlanıb, qlobal nəşrlərin də tirajları kəskin düşüb. «The Wall Street Journal» ilə «The New York Times» ölüm-dirim savaşına çıxıblar ki, Nyu-Yorkda hansı qəzet həyatda qalacaq. «Chicago Tribune» kimi böyük keçmişi olan qəzet çökdü, «The Christian Science Monitor» can üstündədir. Dünyada ən çox qəzet oxuyan xalqı yaponlardır, amma hətta orada da «Asahi Shimbun» kimi dünya nəhəngi tirajını azaltmalı olub. Bu qəzetin 18-20 milyon tirajla çıxdığı vaxtlar olub. Bu gün Fransada qəzetlərin 22, İspaniyada 50, İslandiyada 80 faizi pulsuz paylanmağa keçib ki, bəlkə yeni iqtisadi model tətbiq edərək, həyatda qala bilsinlər. Qəzetlərin internet mediası ilə rəqabətdə heç bir şansı yoxdur. Qəzet erasının sonu gəlib, istəməsək də, bunu qəbul etməliyik. Mən özüm də qəzet oxumağı çox sevən bir insanam. Amma başa düşürəm ki, artıq dövr başa çatır, zorla dirəşməyin mənası yoxdur».