Vaxt.Az

Seçkiyə müdaxilə iddiası


 

Fransa prezidentliyinə namizəddən Rusiyaya ittiham

Seçkiyə müdaxilə iddiası Fransa prezidentliyinə şanslı iddiaçılardan olan «İrəli!» hərəkatının namizədi Emmanuel Makronun komandası Rusiyanı seçki prosesinə müdaxilədə ittiham edib.

«Reuters»in verdiyi xəbərə görə, hərəkatın baş katibi Rişar Ferran «France 2» telekanalına müsahibəsində bildirib ki, E.Makron Rusiya KİV-ləri və Rusiyadan qaynaqlanan kiberhücumların hədəfinə çevrilib.

R.Ferran hesab edir ki, Moskva digər namizədlərə – Xalq Cəbhəsinin lideri Marin Le Pen və respublikaçıların namizədi Fransua Fiyona isti yanaşır. O, Fransa hökumətini seçkilərə xarici müdaxilənin qarşısını almaq üçün tədbirlər görməyə çağırıb. R.Ferran Rusiyanın dövlət KİV-ləri «Russia Today» və «Sputnik»dən şikayətlənərək onları Makronun nüfuzuna zərbə vurmaq üçün saxta xəbərlər yaymaqda günahlandırıb. O, «İrəli!» hərəkatının internet resurslarına kiberhücumlar edildiyini də söyləyib. R. Ferran E. Makronun Avropanın maraqlarına uyğun mövqeyinə görə Moskvanın hücumlarına məruz qaldığını vurğulayıb.

ABŞ seçkiləri ilə paralellik aparan Rişar Ferran deyib ki, amerikalılar seçkiyə xarici müdaxilədən xəbər tutsalar da, artıq gec olub.

Qeyd edək ki, Fransada keçirilən rəy sorğuları M.Le Pen və E.Makronun ikinci tura keçəcəyini göstərir. Seçkilərin ilk turu aprelin 23-də, ikinci turu mayın 7-də keçiriləcək.

 





14.02.2017    çap et  çap et