Məsələn, yəni İlham Rəhimov Vladimir Putinlə tələbə yoldaşı olub deyə, bizim məmləkətdə at oynatmaq qüdrəti qazana biləcəyinimi düşünürük? Ola bilsin ki, pul verdiklərinin, işlətdikləri kimlərinsə gözündə qüdrət sahibidir. Ancaq bir az kənara çəkilib cibinə yox, özünə baxsanız, mənzərə dəyişir axı. Adam yaxşı alim, yaxşı dost, yaxşı nazir, ağsaqqal və hətta yaxşı insan da ola bilər. Bütün bu məziyyətlər hələ qüdrət göstəricisi deyil axı. Belə məsələlər təkcə pulla da həll olunmur. Şəxsi liderlik keyfiyyətləri tələb olunur, bəli. Lakin həmin potensialı gerçəkləşdirmək üçün real müstəvi yoxdursa, o adam qüdrətini necə göstərə, şəxsini identikləşdirə bilər? Bəli, bizim ölkədə hələ ki, kənar qüdrətin «qüdrətliləri» üçün real müstəvi mövcud deyil- şərait yoxdur. Bəlkə dostlarının ölkəsində qarşılarına iri göstərən güzgülər qoyub «sən böyüksən» deyirlər, ancaq bizdə belə aynalar oyun zallarında, bəzi gözəllik salonlarında və brend mağazalarda olur. Yeri gəlmişkən, belələrinin bir neçəsi 2013-də yığılıb «Milyarderlər klubu» yaradaraq siyasi iddiaya düşmüşdülər. İndi həmin klub üzvlərindən bəzilərinin güzgülərini qırıblar və onlar da yenidən vətənlərinə sığınmaq istəyirlər, özü də biabırcasına, yaltaqcasına. Deməli, pullu olmaq, hələ ağıllılığa dəlalət etmir. Rusiyada qarışıqlıq zamanı, qanunsuzluğun meydan suladığı vaxtlarda maya tutub pullananlar nəticənin səbəbini ağıllı olmalarında deyil, başqa daxili xüsusiyyətlərində axtarsınlar. Söz yox, həmin xüsusiyyətlər indi də keçərlidir, ancaq artıq uyğun şərait yoxdur. Nahaqdan ölkəni kiçik, özlərini böyük görüb nəyəsə nail olacaqlarına boşuna ümidlənməsinlər.
Bu məqamda yadıma köhnə bir Şəki lətifəsi düşdü.
Uzun müddət Rusiyada bizneslə məşğul olmuş şəkili xoşuna gələn bir parça alır ki, kostyum tikdirsin. Dərzi parçaya baxaraq bundan kostyum çıxmayacağını, ancaq istəyirsə, şalvar tikə biləcəyini söyləyir. Soydaşımız parçasını götürüb kor-peşiman evə gəlir. Uzun illər sonra biznesi çökmüş həmin şəxs Şəkiyə qayıdıb orada yaşayası olur. Qəfil yadına düşür ki, Moskvada aldığı parça durur, ondan heç olmasa, şalvar tikdirsin. Parçanı götürüb gedir Şəkinin ən yaxşı dərzilərindən birinin yanına ki, mənə şalvar tik. Dərzi deyir ki, ə, heyif deyil, parçanı zay edirsən? Gəl, sənə kostyum tikim bundan. Keçmiş iş adamı soruşur ki, kostyum, yəni şalvar, bir dənə də pencək? Dərzi cavab verir ki, ha istəsən, bir cilet də tikərəm. Müştəri razılaşır. Dərzinin dediyi vaxtda gəlib görür ki, pencək, şalvar, jilet-hamısı qaydasında, əyninə qutu kimi oturur. Dərzinin pulu verərək soruşur:
- Mən Moskvada bunu aparmışdım ki, kostyum tikdirim, dedilər, şalvar güclə çıxar. Bəs sən necə etdin ki, «troyka» çıxdı?
Dərzi gülümsəyərək cavab verir:
- Bacıoğlu, ola bilər ki, sən Moskvada böyük adamsan. Ancaq burada, bizim Şəkidə cücəsən e, cücə. Al şapkanı da.
Hər parçadan kostyum çıxmır. Dərzidən də çox şey asılıdır. Ən əsas isə məkandır.