Vaxt.Az

«Səhvimi etiraf edərək...»


 

Trampın istefa verən müşavirinin məktubu yayıldı

«Səhvimi etiraf edərək...» Qərb mətbuatının əsas mövzularından biri ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinnin (Michael Flynn) istefasıdır. Xatırladaq ki, hərbi kəşfiyyatın keçmiş rəisi, general M.Flinn Ağ Evdə heç bir ay deyildi fəaliyyətə başlamışdı. Onun belə tezliklə getməsi Ağ Evdən ötrü adi hal deyil. Mətbuat, müşavirlər komandasının, adətən, belə tezliklə ələnmədiyini vurğulayır. General Filin hələ Trampın prezident seçilməsindən əvvəl Rusiya ilə şübhəli əlaqələrinə görə diqqət mərkəzindəydi.

O, Moskvada «Rossiya 24» telekanalının yubileyində prezident Putinlə yanaşı oturmuşdu və Trampın komandasında «Rusiyanın adamı» hesab olunurdu. Maykl Flinnin istefasına səbəb onun Trampın prezident səlahiyyətlərinin icrasına başlaması ərəfəsində Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla telefon danışığı və bu telefon danışığı zamanı Rusiyaya qarşı sanksiyaların yumşaldılmasına çalışacaqları haqda danışması, habelə söhbətin məzmunu barədə Trampa və vitse-prezident Maykl Pensə məlumat verməməsidir. Bu məsələnin ortaya çıxması qalmaqala səbəb olub və Filinn istefa verib.

«The Associated Press» agentliyi müşavirin istefa məktubunu dərc edib. Agentliyin Ağ evdən əldə etdiyi məktubda M.Flinn müşavir vəzifəsinə keçməzdən öncə bir neçə xarici həmkarı, nazirlər və səfirlərlə telefonla söhbət etdiyini, bununla prezidentlə, onun müşavirləriylə xarici liderlər arasında münasibət qurmağa çalışdığını bildirib. «Təəssüf ki, hadisələr sürətlə cərəyan etdiyindən, mən vitse-prezidentə də, başqalarına da Rusiya səfiriylə telefon söhbətim haqda tam məlumat verməmişəm. Səhvimi etiraf edərək prezident və vitse-prezidentdən üzr istədim və onlar mənim üzrxahlığımı qəbul etdilər», – deyə M.Flinn yazır.

M.Flinnlə bağlı qalmaqala səbəb elə onun Rusiya səfiriylə uzun-uzadı telefon söhbətləridir. Müşavirin səfirlə vəzifəyə təyin olunmazdan əvvəl, həm də keçmiş prezident Barak Obama Rusiyaya sanksiyalar qoyduğu gün danışdığı aşkara çıxıb.

Ağ Evin mətbuat katibi Şon Spayser də, vitse-prezident Maykl Pens də danışıqlar zamanı sanksiyalardan bəhs edilmədiyini deyirdilər. M.Pens müsahibələrindən birində buna hətta əmin olduğunu bildirmişdi. Ancaq onun çıxışından bir neçə həftə sonra M.Flinn özü rus səfiriylə söhbətində sanksiyalar məsələsinə toxunduğunu istisna etməyib. Bu isə ABŞ qanunlarına ziddir.

M.Flinn məktubunda istefaya xalqına xidmətdən şərəf duyaraq getdiyini bildirib. Həmçinin, cəmi 3 həftə ərzində ölkənin xarici siyasətində köklü dəyişikliyə, ABŞ liderliyinin bərpasına nail olmuş prezident D.Trampa xidmət etməyin onun üçün böyük şərəf olduğunu vurğulayıb: «Bilirəm ki, prezident D.Trampın və vitse-prezident M.Pensin güclü liderliyi sayəsində onların komandası ABŞ tarixinə düşəcək. Mən Amerika xalqına yaxşı xidmət ediləcəyinə inanıram, çünki onlar Amerikanı yenidən nəhəng ölkəyə çevirmək uğrunda birgə çalışırlar».

D.Tramp seçki kampaniyası zamanı da, sonra da Rusiyayla əməkdaşlığa meylli olduğunu dəfələrlə vurğulayıb. Ancaq onun təhlükəsizlik müşavirinin rus səfiriylə təyinatdan öncə danışması, həmçinin qanuna zidd olaraq sanksiyaları müzakirə etməsi yuxarı dairələrdə geniş mübahisələr doğurub. Fevralın 13-də keçirdiyi mətbuat konfransında Ağ Evin sözçüsü Şpn Spayser D.Trampın müşavirin məsələsinə baxdığını, prezident üçün ölkənin təhlükəsizliyinin hər şeydən önəmli olduğunu deyib.

 





14.02.2017    çap et  çap et