Vaxtaşırı «Hakimlərin maaşı artırılsın!» təklifi səsləndirənlər bunu ona görə edirlər ki, ədalət mühakiməsini həyata keçirənlər elə yüksək məvacib alsınlar ki, rüşvətə meyl eləməsinlər.
Amma nə yazıq ki. Azərbaycan məhkəmələrində ədalət axtaranlar bir çox hallarda rüşvət və korrupsiya ilə qarşılaşmağa məcbur olurlar. Bu gün məhkəmələrdə əsl qanun keşikçiləri, ədalətli, rüşvət və təmənnadan uzaq hakimlər barmaqla sayılacaq qədər azdırlar, bəlkə də bir neçə nəfərdirlər...
Halbuki, Azərbaycan reallığında onların maaşı indi də az sayıla bilməz. Hakimlərin nə qədər əməkhaqqı aldığı hamı üçün maraqlıdır.
Məsələ ilə bağlı Modern.az kiçik bir araşdırma aparmağa çalışıb. Amma Ədliyyə Nazirliyi və Ali Məhkəmədən hakimlərin maaşı ilə bağlı sorğularımızı cavablandımaq istəmədilər.
Əvəzində bu işdə QHT-lər kömək etdilər. «Hüquqi Dövlət» Araşdırmalar Fondunun sədri Müzəffər Baxışov bildirdi ki, «Məhkəmələr və hakimlər haqqında» qanunun müvafiq maddəsinə görə, hakimlərin əməkhaqqı Ali Məhkəmə sədrinin maaşına uyğun hesablanır.
«Belə ki, hazırda Ali Məhkəmə sədrinin aylıq əməkhaqqı 2070 manat təşkil edir.
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin və Apellyasiya məhkəmələrinin sədrlərinə Ali Məhkəmə sədrinin maaşının 90 faizi həcmində maaş verilir, yəni 1863 manat.
Ağır Cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinin, Hərbi məhkəmələrin və İnzibati İqtisadi məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin maaşının 80 faizi həcmində maaş verilir, yəni 1656 manat.
Digər məhkəmə sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində maaş verilir, yəni 1449 manat.
Bütün məhkəmələrin sədr müavinlərinə müvafiq məhkəmə sədrlərinin vəzifə maaşlarının 90 faizi həcmində, yəni 1304 manat maaş verilir.
Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində -1592 manat maaş ödənilir.
Bütün məhkəmə hakimlərinə müvafiq məhkəmə sədrinin 80 faizi həcmində maaş verilir, yəni 1159 manat».
Hüquqşünasın sözlərinə görə, hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə də hakimlərə hər vəzifə maaşlarının 15 faizi həcmində 45 faizdən çox olmamaq şərti ilə əlavə pul verilir.
«Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarında xidmətinin hər 5 ilinə görə, eyni həcmdə əlavə haqq verilir.
Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında-yəni 465 manat, Apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında-yəni 372 manat, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında-yəni 279 manat miqdarında vergilərdən azad olunan aylıq pul təminatı da verilir.
İlk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik müavinət ödənilir. Hakimin fəaliyyəti müddətində onun əməkhaqqının məbləği aşağı salına bilməz».