Vaxt.Az
Bu dəfə anasını və xalasını söydü
Prezidentin qızını hədələdilər; «özünü sakit aparsın, yoxsa»
Özbəkistanın hakim ailəsində yaşanan qarşıdurma barədə yeni xəbərlər yayılıb. Virtualaz.org saytı Orta Asiya qaynaqlarına istinadən xəbər verir ki, prezident İslam Kərimovun böyük qızı Gülnarə Kərimova twitter bloqunda yeni mesajlar yayıb. G.Kərimova atası tərəfindən döyüldüyünü inkar edib, eyni zamanda Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin rəhbərini, öz anasını, xalasını və xalası oğlunu özbaşınalıqda günahlandırıb.
G.Kərimovanın atası tərəfindən oktyabrın 20-də axşam döyüldüyünü “Forbes” jurnalının Qazaxıstan versiyasında dərc edilmiş məqaləsində Usman Haqnazarov adlı müəllif yazmışdı. Bu məqalədə Özbəkistanın hakim ailəsində yaşananlar və prezident İslam Kərimovun qızına qarşı təqibləri başladan göstərişləri barədə bütün detallar yer alırdı.
Usman Haqnazarov adlı politoloqun həqiqətən mövcud olub-olmadığı bilinmir. Xaricdə mühacirətdə olan özbək müxalifət lideri Məhəmməd Saleh “Azadlıq” radiosunun özbək xidmətinə bildirib ki, bu adda adamdan elektron məktublar alır, ancaq onun kimliyini bilmir.
G.Kərimova twitter bloqunda yazıb ki, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Rüstəm İnoyatov onun prezidentliyə yolunu kəsməyə çalışır. G.Kərimovanın yazdığına görə, İnoyatov ona məsləhət görüb ki, toxunulmaz qalmağı istəyirsə, özünü sakit aparsın.
Daha sonra prezidentin qızı anasının, xalasının və xalası oğlunun ünvanına tənqidlər yağdırıb. G.Kərimovanın bildirdiyinə görə, Fərqanə vadisində iğtişaşları təşkil edənlər də onlardır.
Prezident qızının yazdığına görə, anası, xalası və xalası oğlunun əməllərinə görə bölgədə bir çox insanlar təzyiq altındadır.
Hazırda Orta Asiya üzrə analitiklər İslam Kərimovun ailəsində baş verənlər və bunun Özbəkistanda hakimiyyət uğrunda mübarizəyə təsiri barədə hansısa konkret nəticəyə gəlməkdə çətinlik çəkirlər.
04.11.2013 çap et