Ə.Həsənov bildirib: «Bütün səfirlər buradadır, yalnız 5-6 səfir gələ bilməyib. Onların bəziləri üzrlü səbəbdən burada deyillər. ABŞ səfiri, bir də Qızıl Xaç Komitəsinin Bakıdakı nümayəndəliyinin rəhbəri gəlməyib. Təəssüf edirəm ki, onlar burada deyillər».
«ABŞ səfiri ölkədədir, Qızıl Xaç Komitəsi isə belə izah edib ki, guya nizamnaməsinə görə onlar belə tədbirlərdə iştirak edə bilmirlər. Belə nizamnaməyə inanmıram. Halbuki onlar cəbhə bölgəsinə getmələri üçün dəfələrlə bizə müraciət edir. Biz bəzən icazə veririk, bəzən isə yox. Amma onlar həmişə cəbhə xəttində olmaq istəyirlər. Cənab Prezidentin məqsədi bu idi ki, xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatlar - Avropa Şurası, Avropa İttifaqı və ATƏT nümayəndələri ermənilərin 4 ay işğalda olan bir yaşayış məntəqəsini nə hala saldıqlarını öz gözləri ilə görsünlər. Bunu ATƏT-in faktaraşdırıcı missiyası da təsdiqləyib. Amma bir var kağız üzərində olsun, bir də var gözləri ilə görsünlər», - deyə Ə.Həsənov vurğulayıb.
«Azərbaycan prezidentinin məskunlaşdırmağa qərar verdiyi Cocuq Mərcanlı kəndinə əvvəlcə xarici jurnalistlərin, bu gün isə xarici ölkə səfirliklərinin nümayəndələrinin səfərinin təşkili yaxşı ideya idi. Xarici jurnalistlər və diplomatlar öz gözləri ilə gördülər ki, erməni separatçıları Cocuq Mərcanlının timsalında Azərbaycan kəndini necə dağıdıblar, ərazidə salamat heç nə qoymayıblar» bu fikirlər isə «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.
Politoloqun fikrincə, ABŞ səfiri Robert Sekutanın Cocuq Mərcanlı səfərindən niyə imtina etməsinin səbəbini bilmək maraqlı olardı: «Yaxşı tutaq ki, özün getmirsən, səfirlikdə çalışan onlarla diplomatdan birini də görmək mümkün deyildi? Sekuta iki ölkə arasındakı münasibətlərə xələl gətirə biləcək addım atmamalıydı. Misal üçün digər iki həmsədr ölkənin – Rusiya və Fransanın Azərbaycandakı səfirləri Cocuq Mərcanlıda olublar. Ancaq hər iki səfirin Cocuq Mərcanlıda jurnalistlərimizə verdikləri açıqlamalar heç nə ifadə etmir. Məsələn, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Cocuq Mərcanlıda verdiyi açıqlamaya diqqət yetirin: «Bu, təbii ki, bir daha o mesajı verir ki, biz münaqişənin həlli ilə daha ciddi məşğul olmalıyıq».
Elxan Şahinoğlu işğaldan azad olunan ərazidə Bolqarıstan səfirinin davranışını yüksək qiymətləndirib: «Sağ olsun, Bolqarıstanın Azərbaycandakı səfiri Mariya Xristova. Bolqar diplomat deyib ki, biz Azərbaycana hər şeyin ən yaxşısını diləyirik və arzu edirik ki, bu yerlərdə bir neçə il sonra daha çox insan yaşasın, uşaq bağçaları olsun: «Ölkə prezidenti də bu barədə tədbirlər planı müəyyən edib. Bizi bunun effektinə inanırıq. Təşəkkür edirəm ki, bizi buraya gətiriblər». Açıqlama belə olar».