Vaxt.Az
Söyün Sadıqov söyləndi...
«Milyarderlər ittifaqı»nın ən qalmaqallı üzvü Qarabağ münaqişəsinin həlli üçün nə təklif edir
Qalmaqallı «Milyarderlər ittifaqı»nın cəmi iki-üç ay əvvələ qədər Azərbaycan hakimiyyətinə qarşı qalmaqallı açıqlamaları ilə gündəmdən düşməyən üzvü, keçmiş «KQB» əməkdaşı Söyün Sadıqov nəhayət ki, danışıb.
Virtualaz.org saytı xəbər verir ki, bu gün Rusiya mənbələrinin birində S.Sadıqovun maraqlı fikirləri yer alıb.
Doğrudur, Azərbaycanda hakimiyyət dəyişikliyinə dair Kremlin bəzi dairələrinin hazırladıqları planının baş tutmayacağı məlum olandan sonra qəfildən ortadan «qeybə çəkilən» S.Sadıqov siyasət və hakimiyyət mövzusunda sükutunu qorumaqda davam edir. Bununla belə, Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi olan bu qaranlıq tip hər halda danışıb.
«BigCaucasus» internet portalına (bu resursun Rusiya kəşfiyyat xidmətlərinə bağlılığı haqda iddialar var) açıqlamasında S.Sadıqov Rusiyanın Azərbaycana hücum silahları satmasının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) öhdəliklərinə zidd olduğu haqda İrəvandan səslənən fikirlərə münasibət bildirib.
Rusiyanın ünvanına bu tənqidlə KTMT Parlament Assambleyasının İrəvanda keçirilmiş toplantısında erməni deputatlar çıxış etmişdilər.
Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyəti «AzerRos»un keçmiş prezidenti S.Sadıqov portala açıqlamasında deyib ki, İrəvanda Rusiyanın təkcə Ermənistanın yox, Azərbaycanın da müttəfiqi olduğunu nəzərə almalıdırlar.
«Əvvəla, onlar strateji tərəfdaşdırlar. İkincisi, dövlətlərarası müqavilə var, orada göstərilib ki, Azərbaycana nə qədər silah satıla bilər, Ermənistan nə qədər silah ala bilər. Ona görə də KTMT öhdəliklərinin pozulmasından söhbət getmir. Rusiya Azərbaycana dövlətlərarası razılaşmada göstərilmiş kvotaya uyğun silah satır. Bu baxımdan mən erməni deputatların narahatlıqlarını əsassız hesab edirəm. Ermənistanda daha çox Rusiya silahı var, nəinki Azərbaycanda. Çünki orada Rusiya hərbi bazası yerləşir» - deyə S.Sadıqov bildirib.
S.Sadıqovun sözlərinə görə, erməni deputatları silahla təchizat məsələsindən danışmaq əvəzinə başqa məsələ ilə - Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmalıdır: «Mən erməni deputatlarına təklif edirəm ki, ən yaxşısı bu münaqişədən çəkilməkdir. Azərbaycanla ümumi dil tapmaq lazımdır, Dağlıq Qarabağ separatçıları Ermənistanın, erməni deputatlarının, ictimaiyyətinin köməyi ilə bu daşı ətəklərindən tökməlidir. Hamı gözəl bilir ki, heç kim heç vaxt Dağlıq Qarabağı tanımayacaq. Bu münaqişə uzunmüddətli olacaq, dondurulacaq, sonra donu açılacaq. Və bu da birinci növbədə Dağlıq Qarabağda yaşayanlar və oradan qaçqın düşüb Bakıda məskunlaşanlar üçün problemlər yaradır. Çünki onlar öz tarixi vətənlərinə qayıda bilmirlər. Bu münaqişə həm Ermənistan, həm Azərbaycan, həm də bütövlükdə Cənubi Qafqaz, Rusiya, Türkiyə, İran üçün problem olacaq».
S.Sadıqovun fikrincə, münaqişənin qızışdırılmasında heç də İrəvan və Bakı yox, üçüncü tərəflər maraqlıdır. Onun sözlərinə görə, əgər siyasi nöqteyi-nəzərdən yanaşılsa, bu gün Qarabağ separatizmi nə Ermənistana, nə də Azərbaycana lazım deyil.
«O, başqa maraqlı dövlətlərə lazımdır. Ermənilər və azərbaycanlılar əsrlərlə birgə yaşayıblar və birgə yaşayacaqlar, çünki qonşuluğu onlar özləri seçməyiblər. Allah bunu belə istəyib ki, onlar qonşu olsunlar. Bu münaqişəni silahın və müharibənin köməyi ilə yox, dinc xalq diplomatiyası ilə həll etmək lazımdır. Və heç bir vasitəçinin iştirakı olmadan. Dağlıq Qarabağ separatçıları tərəfindən kişilik göstərilməlidir ki, onlar öz niyyətlərindən çəkilsinlər» - deyə S.Sadıqov əlavə edib.
Xatırladaq ki, S.Sadıqov mətbuatda sonuncu dəfə Azərbaycan hakimiyyəti daxilindəki güc mərkəzlərinin münasibətinə dair müəmmalı təhlili ilə görünmüşdü.
04.11.2013 çap et