Vaxt.Az

Zərdüştün iman çalmağı


 

Əlizadənin Elçibəyi miliyyətcə kürd adlandırması kin-küdurətin kulminasiyasıdır

Zərdüştün iman çalmağı 1993-cü ildə Türkiyədə ilahiyyat kursunda təhsil alarkən dini mövzuda bir kitab oxumuşdum. Başlığı belə idi: «İmanımızı sorularla çaldılar (oğurladılar – C.C.)». Zərdüşt Əlizadənin Lent.az-a müsahibəsini oxuyanda o kitabın başlığını xatırladım. Zira hörmətli politoloqun bu müsahibədə söylədikləri çağdaş tariximizdən bixəbər yetişən gənclər arasında fikir çaşqınlığı yarada, imanlarını çala bilər.

Müdriklərdən hansınınsa sözüdür: «Mən sənin fikrini bəyənməyə bilərəm, amma sənin öz fikrini azad ifadə etməyin üçün canımı da verərəm». Şəxsən mənim üçün Əbülfəz Elçibəy toxunulmaz büt deyil və istənilən şəxs, o cümlədən Zərdüşt Əlizadə onu tənqid edə bilər. Zaman bizi Elçibəydən daha çox uzaqlaşdırdıqca, onu doğruları ilə də, yanlışları ilə də daha yaxşı təhlil edə bilirik. Məsələn, 1992-ci ildə Azərbaycanın MDB-yə qoşulmamasını prinsipə çevirmək yanlış idi və nəticəsi şəxsən Elçibəyə də, Azərbaycana da baha başa gəldi.

Açığı, Zərdüşt Əlizadənin Elçibəy haqqında fikirləri mənim üçün heç vaxt maraqlı olmayıb, çünki nə deyəcəyi öncədən bəlli olub. Bu səbəbdən qardaşı Araz kimi ciddiyə almamışam heç vaxt onu. Deyə bilərsiniz ki, yanaşmam bu cürdürsə, demək, Əlizadə qardaşlarına qarşı qərəzliyəm və bu yazının obyektivliyi indidən şübhə altına düşür. O zaman başqa bir məqama diqqət yetirmək lazım gəlir - Zərdüşt Əlizadənin Əbülfəz Elçibəyə qarşı qərəzli olduğu bu ölkədə məmə yeyəndən pəpə deyənə qədər hər kəsə bəllidirsə, niyə onu obyektiv saymalıyıq?

1990-cı illərin tarixini bilənlər bilir: Zərdüşt Əlizadə ilə Əbülfəz Elçibəy arasındakı ziddiyyətlər Azərbaycan Xalq Cəbhəsindən başlayıb. O dövrdə AXC-də Azərbaycanın müstəqilliyi uğrunda iki xətt mübarizə aparıb: yenidənqurma nəticəsində yenilənmiş SSRİ-nin tərkibindəki Azərbaycan və milli-azadlıq hərəkatının nəticəsi olaraq müstəqillik əldə etmiş Azərbaycan. Zərdüşt Əlizadə və komandası birinci xəttin, Elçibəy və komandası isə SSRİ-nin dağılmasının tərəfdarı olub. Öz növbəsində müstəqillik tərəfdarları da iki qrupa ayrılıb - Elçibəyin liderliyindəki liberallar; Etibar Məmmədov, Rəhim Qazıyev və Nemət Pənahlı liderliyindəki radikallar. 1990-cı ilin yanvar hadisələrindən sonra bu qruplar bir-birindən birdəfəlik ayrılıb.

Zərdüşt Əlizadə 17 ildir dünyasını dəyişən Əbülfəz Elçibəyin bu gün bir anlıq dirilməsini fərz etməyi təklif edir. Sonra da xəyal edir ki, «Elçibəy tribunaya çıxıb xalqa deyəcək ki, ay camaat, bilin və agah olun, XXI əsr türk əsridir, Baykal gölündən başlamış Aralıq dənizinə qədər böyük bir türk dövləti yaranacaq və s. Çünki Elçibəyin xalqa deməyə başqa sözü yox idi. Elçibəy ölmüş türk dünyasını diriltmək haqqında danışan siyasi Şeyx Nəsrullah idi».

Bu məntiqlə, Elçibəyə daim müxalif olan Zərdüşt Əlizadə özünü də Kefli İsgəndər adlandırmalı idi. Azadlıq meydanına toplaşan milyonlarla insana bu Kefli İsgəndərin hansısa ağıllı və yaddaqalan söz dediyini kimsə xatırlada bilərmi? Yaxud politoloq kimi onun hansısa proqnozunun doğrulduğunu gördünüzmü heç? Türkiyə Rusiyanın hərbi təyyarəsini vuranda yazıçı-deputat Aqil Abbas çıxıb dedi ki, Ankara Moskvadan üzr istəməlidir. Hamı onu az qala fitə basdı, amma sonda o deyən kimi oldu. Zərdüşt Əlizadənin politoloq kimi proqnozları hətta yazıçı Aqil Abbasdan belə zəif olub.

Mən Zərdüşt Əlizadəni savadsız adam saymıram. Düşünürəm ki, o da ürəyinin dərinliyində Elçibəyin savadsız olmadığını ən azı özünə etiraf edir. Hər halda, buna kifayət qədər əsası da var. Çünki ikisinin də ömür yolu oxşar olub: Elçibəy də, Əlizadə də Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib, ərəb ölkələrində tərcüməçi işləyib, alimlik dissertasiyası müdafiə edib, Elmlər Akademiyasının institutlarında çalışıblar. Yəni Əlizadə kimi, Elçibəy də xalq hərəkatına küçədən gəlməmişdi, elm və ziyalı mühitindən çıxmışdı.

Meydan hərəkatı başlayanda tribunada çıxış edənlərin bir çoxu - Anar, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Elçin, hətta Nemət Pənahlı da Elçibəydən məşhur idi. Amma zaman keçdikcə xalq bu adamın arxasınca getməyi seçdi. Bu seçimdə Əbülfəz bəyin özünün liderlik keyfiyyətləri də mühüm rol oynadı. Çünki o, milyonların eşitmək istədiyi sözləri deyirdi, xalqa yalan danışmırdı, siyasi və ideoloji mübarizəsində səmimi idi. İndi Elçibəy neyləsin ki, xalq Əlizadə qardaşlarının yox, onun arxasınca getməyi üstün tutdu? İki qardaşın birgə siyasi istedadı hətta Nizami Süleymanov qədər də olmadı. Xalq niyə baş verən hər şeyə - 20 Yanvar faciəsinə, Xocalı soyqırımına, Qarabağın itirilməsinə görə özümüzü günahlandıran qardaşları lider seçməli idi ki? İstər 1918-ci Osmanlı imperiyasının, istərsə də müstəqilliyimizin ilk illərində Türkiyənin Azərbaycana yardımlarını görməzdən gəlmək bir yana, bu qardaş dəstəyini qaralayan zehniyyət hansı məntiqlə bu millətə lider olmalı idi ki? Zərdüşt bəy, millət sizi ona görə seçmədi ki, Günəşin şərqdə çıxıb qərbdə batdığını öz gözləri ilə gördüyü halda, siz həmişə Günəşin şimalda çıxıb cənubda batdığını iddia etdiniz.

BDU-da Əlizadə qardaşları kimi danışan bir müəllimim vardı. Boş vaxt tapan kimi Elçibəyin qarasınca danışırdı. Əsas tezisi də bu idi ki, Prezident Elçibəy niyə Atatürkün Anıt qəbrini ziyarət edərkən xatirə dəftərində «Sənin əsgərin Elçibəy» yazıb. «Özünü başqa ölkənin prezidentinin əsgəri sayan adam mənim prezidentim ola bilməz» cümləsiylə də fikrini tamamlayardı.

O müəllimimi uzun fasilədən sonra 2001-ci ilin yayında Azadlıq meydanında gördüm. İran təyyarələrinin Azərbaycan səmasını aşsüzənə çevirməsinə son qoymaq üçün gələn «Türk Şahinləri»nin nümunəvi uçuşunu coşqu ilə seyr edənlər arasında o da vardı. Hocam Azadlıq meydanına necə tələsirdisə, çiyini ilə mənə toxunub ayağımı tapdamışdı. Dönüb baxanda qarşımda onu görmüşdüm. Salamlaşsam da, «niyə başqa ölkənin qırıcı təyyarələrini alqışlamağa gəlmisiniz?» sualını verməmişdim.

Zərdüşt Əlizadə Əbülfəz Elçibəyin liderliyi ilə də, fikirləri ilə də xalqa böyük ziyan vurduğunu iddia edir. Gəlin əvvəlcə Elçibəyin nə etdiyinə baxaq. Bir illik prezidentliyi dövründə Elçibəy ali məktəblərə qəbulda rüşvətə son qoyan test sistemini tətbiq edib, latın əlifbasına keçidlə bağlı qərar verib, milli valyutanı dövriyyəyə buraxıb, rus ordusunu Azərbaycandan çıxarıb, Milli Ordu və Sərhəd Qoşunlarını yaradıb, Xocalı faciəsindən sonra gözü qorxmuş millətə Qarabağda hərbi qələbələr qazandırıb. Bir il ərzində bu qərarların hər biri inqilaba bərabər addım olub. Bir ildə bundan artıq nə yatıb nə yuxu görmək mümkün idi ki?

Amma Zərdüşt Əlizadə iddia edir ki, «Elçibəy rus qoşunlarını Azərbaycandan Qarabağın getməsi əvəzinə çıxarıb. Rusların Bakıdan, Qəbələdən çıxıb Qarabağı tutması uğurlu siyasət, xalq üçün xidmətdir?» Kimin necə qiymətləndirməsindən asılı olmayaraq, bu bir həqiqətdir ki, Azərbaycanın müstəqilliyinin qarantı həm də ölkəmizdə rus ordusunun olmamasıdır. Rus ordusunu Azərbaycandan Əbülfəz Elçibəy çıxarıb, sonuncu rus əsgərini isə Qəbələ RLS-dən İlham Əliyev yola salıb. Və hər ikisi ən azı buna görə tarixdə qalacaqlar. Ərazisində rus ordusunun mövcud olması Gürcüstana nəyin bahasına başa gəldi, 2008-ci ildə gördük - Rusiya Abxaziya və Cənubi Osetiyanı «müstəqil» elan etdi. Moldova da rus ordusunu ərazisindən çıxara bilmədi, amma Dnestryanı bölgədə separatçı rejim hələ də qalmaqdadır. Kimsə zəmanət verə bilərmi ki, ərazimizdə rus ordusu olsaydı, ötən ilin aprel döyüşləri zamanı Rusiya Gürcüstana etdiyi kimi, Azərbaycana da hərbi müdaxilə etməyəcək və Qarabağın «müstəqilliyini» elan etməyəcəkdi?

Zərdüşt Əlizadədən daha bir sitat: «Kimsə öz siyasi mənfəəti naminə durub deyəndə ki, Elçibəy Məmmədəmin yolu gedirdi, mənə çox ağır gəlir. Məmmədəmin hara, Elçibəy hara?» Əvvəla, Azərbaycan tarixində istər sahib olduğu nəzəri bilgilər, istərsə də yazdığı əsərlər baxımından Rəsulzadə ilə müqayisə olunası heç bir siyasi lider yoxdur. Heç Elçibəy də buna iddia etməyib. Amma kimsə özünü və ya başqasını kiminsə ardıcılı sayırsa, bunun üçün Zərdüşt bəydən lisenziyamı almalıdır? Bu nə məntiq, bu nə düşüncə?

Əlizadə deyir ki, «Elçibəyin dilimizi Türk dili adlandırması ölkədə separatçılığa yaşıl işıq yandırdı». Hansı separatçılıqdan söhbət gedir? Ələkrəm Hümbətovun Lənkəranda qaldırdığı separatçılıq bayrağını nəzərdə tutursa, bu adam Zərdüşt Əlizadənin həmsədri olduğu Sosial-Demokrat Partiyasının üzvü və liderlərindən biri idi. Bu partiyanın Gəncə təşkilatının sədri Aypara Əliyev isə 1993-cü ilin iyununda Surət Hüseynovun Gəncədə qaldırdığı hərbi qiyamın fəal iştirakçılarından biri olmuşdu, sonradan həbsxanada dünyasını dəyişdi.

Məgər dövlət dilimiz Azərbaycan dili adlandırılandan sonra ölkədə separatçılıq fəaliyyətinə rast gəlinmədimi? Xüsusi xidmət orqanlarımız Ermənistan kəşfiyyatı ilə əlaqədə təqsirləndirilən müxtəlif etnik qrupların təmsilçilərini həbs etmədimi?

Hər kəsə bəllidir ki, «Azərbaycan dili» ifadəsi 1937-38-ci illərdən sonra Stalin rejimi tərəfindən ortaya atılıb. Həmin illərə qədərki pasportlarda soydaşlarımızın milliyyəti türk yazılıb. Niyə bu ölkədə talış da, ləzgi də, kürd də öz milliyyətinin adını olduğu kimi yaza bilər, türklər yox? Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidirsə, cümhuriyyətin dövlət dili ilə bağlı qərarını niyə Əlizadə kimilərə görə qəbul etməməliyik? Zərdüşt bəyin (hələ ki) qəbul etdiyi Məhəmməd Əmin Rəsulzadə «Azərbaycan və İran» məqaləsində yazır: «Dünyada yalnız bir Azərbaycan qitəsi deyil, bir də Azərbaycan cəmaəti vardır. Bu cəmaət kəndisinə məxsus bir ləhcə ilə qonuşur türk əqvamından bir millətdir ki, İran rəfiqimiz bunlara «ətraki-müsəlmani-Qafqaz» diyor. «Ətraki-müsəlmani-Qafqaz»ın «ətraki-müsəlmani-İran» kibi daha məruf bir ismi vardır - Azərbaycan türkü».

Əlizadənin Elçibəyi miliyyətcə kürd adlandırması isə kin-küdurətin kulminasiyasıdır. Burada istinad mənbəyi Əkrəm Əylisli kimi avantüristdir - azərbaycanlıların ermənilərə qarşı soyqırımı törətdiyini iddia edən yazıçımız. Halbuki Əylisli özü də bilir ki, Ordubadda ermənilər yaşasa da, kürdlər heç vaxt olmayıb. Heç olmasa, inandırıcı olması üçün Zərdüşt «Əkrəm deyirdi ki, Elçibəy ermənidir» - deyəydi.

Məsələnin başqa tərəfi də var - özünü ziyalı sayan adam insanı milliyyətinə və valideynlərinə görə ittiham etməz. Çünki milliyyəti də, valideynləri də seçmək insanın öz əlində deyil. Necə ki, Zərdüşt Əlizadə valideynlərini özü seçməyib. Necə ki, Əlizadə qardaşları ilə eyni milliyyətdən olmağı biz seçməmişik...

 





15.02.2017    çap et  çap et