Vaxt.Az

Təhlükəsizlik - tarladan süfrəyədək


 

Mütəxəssislər deyir ki, qurumun fəaliyyəti Azərbaycanın qida sektorunu inkişaf etdirəcək

Təhlükəsizlik - tarladan süfrəyədək Bu günlərdə Azərbaycan prezidenti İlham Əliyev ölkədə qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Azərbaycanda qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya normaları və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini), risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və «tarladan süfrəyədək» prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq, qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədilə, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi yaradılacaq. Qeyd edək ki, Qida Təhlükəsizliyi Komissiyasının sədri Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov təyin edilib. Agentlik fəaliyyətə 2018-ci il yanvarın 1-dən başlayır və həmin gün Komissiyanın səlahiyyət müddəti başa çatır.

Bəs görəsən agentliyin fəaliyyəti hansı istiqamətlərə yönələcək və hansı məsələləri tənzimləyəcək?  Belə bir qurumun  fəaliyyətindən  dünya təcrübəsində istifadə edilirmi?


«Qida təhlükəsizliyinin təmin edilməsi yaxın on il ərzində əhalinin orta ömründə artıma səbəb  ola bilər»


«Azad İstehlakçılar» Birliyinin sədri  Eyyub Hüseynov qəzetimizə açıqlamasında belə bir qurumun yaradılmasının faydalı olacağını  bildirdi: «Hesab edirəm ki, bu, vaxtında atılan bir addımdır və bizim üçün ən vacib məsələlərdən biridir.  Yeri gəlmişkən, qeyd edim ki, dörd il öncə beynəlxalq təşkilatlar qida təhlükəsizliyinə dair qanun layihəsini hökumətə  təhvil vermişdilər. Həmin qanun layihəsində  nəzərdə tutulan  işçi qrupunun tərkibinə  Azərbaycanda yeganə qeyri-hökumət təşkilatı olaraq «Azad İstehlakçılar»  Birliyi də daxil edilmişdi. Bu gün bir çox  biznes qurumları onlar üçün yaradılan şəraitdən  sui-istifadə edir. Heç kim inkar etmir ki, ölkənin əmtəə bazarında təhlükəli qidalar var və bu tendensiya getdikcə artmaqdadır. Elə bu gün  məşhur bir firmanın vaxtı keçmiş məhsullarının  satılması barədə firmaya məlumat versəm də, onlar heç bir reaksiya bildirmədilər. Bu, sadəcə, bir nümunədir. Əmtəə bazarında təhlükəli qidalar daim satılır. Düşünürəm ki, bu qurum yaradılsa və effektiv fəaliyyət göstərsə,  bu kimi məsələlər öz həllini tapa bilər».

Eyyub Hüseynov bəzi vacib məqamlara da diqqət çəkdi: «Qurumun fəaliyyətinin uğurlu olacağını və bir sıra məsələləri tənzimləyəcəyini hesab edirəm. Qida təhlükəsizliyinin təmin edilməsi yaxın on il ərzində əhalinin orta ömründə artıma səbəb  ola bilər. İkinci bir tərəfdən, bu tənzimlənmə insanların apteklərdə və klinikalarda  olan növbəsinə son qoyacaq.  Bütün bunlarla  yanaşı, ən  vacib məsələ isə qurumun fəaliyyəti Azərbaycanın qida sektorunu  inkişaf etdirəcək və xarici bazarlara çıxışını təmin edəcək. Bütün bu fikirlərlə bağlı bu gün mən baş nazirin müavininə rəsmi məktub yazmışam. Agentliyin fəaliyyətinə gəldikdə isə deyə bilərəm ki, qurum yalnız qida sektorunun tənzimlənməsinə xidmət göstərəcək. Bununla da ölkədə təhlükəsiz  qidanın istifadəsi, yəni «tarladan süfrəyə» sistemi tətbiq olunacaq».


«Dünyanın bir çox ölkələrində belə bir təcrübə var»


Müsahibim dünya təcrübəsindən də nümunələr göstərdi: «Təsadüfi deyil ki, beynəlxalq təşkilatlar da bu məsələdən  narahat idilər. Biz hələ 2011-ci ildə bununla bağlı  ABŞ-a müraciət etdik və ölkədə  təhlükəsiz qida istehsal edən müəssisələrin  lobbisinin  yaradılmasını xahiş etdik. Beləliklə, dünyada  ilk dəfə olaraq «Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi» deyilən nişanı qeydiyyata aldırdıq. Qeyd edim ki, 2011-ci ildən bəri 6  müəssisəyə  bu nişan şamil olunub. Beynəlxalq təşkilat olaraq dünyanın 120 ölkəsində Azərbaycanda istehsal olunan təhlükəsiz qidanın lobbiçilik işini  aparmışıq. Dünyanın bir çox ölkələrində belə bir təcrübə var. Misal olaraq, Yeni Zelandiyada belə bir agentliyin  fəaliyyət göstərdiyini deyə bilərəm. Sözügedən ölkədə  bütün funksiyalar ictimai təşkilatın əlindədir. Həmçinin, Almaniyada və digər ölkələrdə də buna  bənzər təcrübələr var. Bu mənada bizim fəaliyyətimiz də şübhəsiz ki, dünya təcrübəsinə əsaslanacaq. Biz də təşkilat olaraq hökumətin bu siyasətinin uğurla həyata keçirilməsinə öz dəstəyimizi verəcəyik».


«Qida təhlükəsizliyi bütün dünyada Milli Təhlükəsizlik Konsepsiyasının tərkib hissəsi hesab olunur»


Tibb üzrə ekspert Adil Qeybulla deyir ki,  sözügedən qurum sırf  qida təhlükəsizliyi ilə bağlı bir struktur olacaq: «Dünyada qida və dərman təchizatına nəzarət edən qurum FDA (Food And Drug Adminstration)  bir çox dünya ölkələrində rast gəlinir. Xüsusən ABŞ-da bu kimi məsələlərə çox ciddi nəzarət olunur. Bu, konkret olaraq, ərzaq növünün ölkə ərazisinə istifadəsinə icazə verən qurumdur. Ona görə də hesab edirəm ki,  belə bir qurumun yaradılması çox vacibdir. Həmin qurumun iş mexanizmi ölkəyə ekoloji baxımdan təhlükəsiz,  parametrləri yüksək olan qidaların daxil olmasına  şərait yaradacaq. Hesab edirəm ki, istənilən dövlət qurumu  yaradılan zaman dünya təcrübəsinə,  analoqlara oxşar  mexanizmlərə baxmaq mütləq lazımdır. Çünki bu, işlək mexanizmin necə təmin olunacağı bilmək baxımından çox vacibdir.  Əgər agentliyin fəaliyyəti təcrübəyə əsaslanmasa, onun fəaliyyətinin heç bir faydası olmayacaq. Onu da qeyd edim ki, adıçəkilən qurumun fəaliyyəti sırf ərzaq təhlükəsizliyi məsələsini  əhatə edəcək ki, bu da ən vacib məsələlərdən biridir. Qida təhlükəsizliyi bütün dünyada Milli Təhlükəsizlik Konsepsiyasının tərkib hissəsi hesab olunur. Bu baxımdan, belə bir qurumun bizdə də yaradılması çox müsbət haldır».

 





16.02.2017    çap et  çap et