Nəşrlər yazır ki, Özbəkistan prezidentinin ilk rəsmi səfərini hansı ölkəyə edəcəyi postsovet məkanında ən intriqalı məsələ kimi diqqət mərkəzində idi. Daşkənddəki Qazaxıstan səfirliyindən podrobno.uz saytına verilən xəbərə görə, Şövkət Mirzoyevi Astanada gözləyirlər. Qazaxıstan prezidenti Nursultan Nazarbayev özbək həmkarını şəxsən ölkəsinə dəvət edib. Analoji dəvəti Rusiya prezidenti Vladimir Putin, Belarus və Çin liderləri - Aleksandr Lukaşenko və Tsi Tzinpin də edib.
Özbəkistan prezidentinin dost səfərini ilk olaraq Türkmənistana etməsinin səbəbləri də var. Qeyd edilib ki, bunun üçün əsas da var - Qurbanqulu Berdıməhəmmədovu təbrik etməklə yanaşı, Amudərya çayı üzərindən dəmir və avtomobil yollarının istismara verilməsi nəzərdə tutulub. Bu yollar vasitəsilə Özbəkistan-Türkmənistan-İran-Oman nəqliyyat dəhlizi yaradılır. Bundan əlavə, Özbəkistanın Fars körfəzi limanlarına çıxış imkanı yaranır. Bu nəqliyyat dəhlizi bərpa edilən Böyük İpək yolunun bir hissəsi hesab edilir. Və tək Türkmənistan üçün deyil, həm də Özbəkistan üçün beynəlxalq yükdaşımalar baxımından strateji önəm kəsb edir. İqtisadçı Bəxtiyar Erqaşev bildirir ki, bu, özbək-türkmən əməkdaşlığının əsas istiqamətlərindən biridir: «Bir neçə il bundan əvvəl başlayan bu layihənin reallaşması Xəzər, Qafqaz və Qara dənizin limanlarına çıxış, eləcədə həmin istiqamətdə nəqliyyat axının artırılması üçün ciddi köməkdir. Geriyə istiqamətdə isə Türkmənistan, Özbəkistan və Çinə yüklərin daşınması üçün mühüm nəqliyyat dəhlizidir». Ekspert xatırladıb ki, Daşkənd və Aşqabadın mövqelərinin yaxınlaşması ilə bağlı sistemli işlər 2007-ci ildə - Türkmənbaşı Saparmurad Niyazovun ölümündən sonra başlayıb. «Son bir neçə ildə Özbəkistan Türkmənistan üçün ən əhəmiyyətli tərəfdaşa çevrilib. Hətta iki ölkə prezidentləri - Berdıməhəmmədov və Kərimovun son 3-4 ildə görüşlərinin dinamikliyi hamını heyrətə gətirirdi. Berdıməhəmmədov heç kimlə bu qədər çox görüşmürdü», - deyə Erqaşev bildirib. Onun qənaətinə görə, bunun əsas səbəbi iki ölkənin ümumi maraqlarının olmasındadır. Bu maraqlar tək enerji layihələrini deyil, nəqliyyat layihələrini də əhatə edir. Belə ki, Özbəkistan ərazisindən Türkmənistan-Çin qaz xəttinin üç qanadı keçir.
O ki, qaldı Qazaxıstana ediləcək rəsmi dövlət səfərinə - təsdiqlənmiş məlumata görə, səfər Novruz bayramından sona baş tutacaq. Sonra isə Moskva və Pekinə səfər ediləcək. B.Erqaşevin fikrincə, Astanaya səfər hazırlıq mərhələsindədir. «İki ölkə liderlərinin danışıqlarında Qazaxıstan ərazisində M-39 nəqliyyat dəhlizi ilə yük və sərnişin daşınmaları ilə bağlı razılaşma olacaq. Bu yol 2006-cı ildə bağlanıb. Özbək maşınları Səmərqənddən Qazaxıstana getmək üçün əlavə 100 km. qət etməli olurlar», - deyə iqtisadçı bildirib. Bir sıra digər həllini tapmayan problemlər də var və iki ölkənin «yol xəritəsin»də öz əksini tapıb. Qazaxıstanın bu ölkədəki səfiri Erik Utembayev bildirib ki, M-39 yolunda işlər bu ayın sonunda başa çatmalıdır.
«Daşkənd üçün yaxın qonşularla münasibətləri intensivləşdirmək çox vacibdir. Regionun heç bir dövləti ayrı-ayrılıqda problemlərin öhdəsindən gəlmək iqtidarında deyil. Mərkəzi Asiyanın tarixi reallıqları belədir. Bu, su resursları, sərhədlər, hətta Əfqanıstandakı mövcud durumdur. İnfrastruktur layihələrinin həllindən isə bütün regionun gələcəyi asılıdır. Məsələn, Özbəkistan üçün bu, Fars körfəzi və Pakistanın dəniz limanlarına çıxış deməkdir», - deyə Özbəkistan Senatı sədrinin müavini Sadık Safayev bildirib. Ekspertlər hesab edirlər ki, Astana ilə regional sistemdə münasibətlər Daşkənd üçün mühüm əhəmiyyət kəsb edir. Vaxtilə iki ölkənin regional liderlik uğrunda mübarizə apardıqları gündəmdə idi. Lakin əslində belə deyildi. Hər iki dövlət buna heç can da atmırdı. Lakin iki ölkə səylərini birləşdirməklə regionda söz sahibinə çevrilə bilərlər.