Vaxt.Az

Getmək istəyirsən bəhanəsiz get


 

Avropaya sığınacaq almaq üçün gedənlərin mütləq bir əsaslı səbəbi və ya bəhanəsi olmalıdır

Getmək istəyirsən bəhanəsiz get Zaman-zaman bir qrup adamın mühacir adı ilə ölkədən getdiyi məlumdur. Təbii ki, bunun üçün onlar ciddi bir səbəb göstərmək məcburiyyətindədirlər. Bu zaman ən çox istifadə olunan bəhanə «Azərbaycanda siyasi və ya dini baxımdan təqiblərə məruz qalıram» olur. Hətta ciddi siyasi fəaliyyəti olmayanlar belə mühacir statusu almaq üçün bu yollara baş vururlar. İndiyə kimi də düz-əməlli siyasi fəaliyyəti olmayan, sadəcə, bir ya iki mitinqdə şəkil çəkdirməklə özünü ciddi siyasi fiqur kimi təqdim edib siyasi sığınacaq alanlar da az olmayıb. Amma son zamanlar təkcə bunlar, yəni mitinqdə çəkilmiş şəkil və saxta partiya üzvlüyü vəsiqəsi deyəsən, kifayət etmir. Xaricilərin gözünə daha inandırıcı görünmək üçün sosial şəbəkələrdə müxtəlif statuslar yazılır, fikirlər bölüşülür, siyasi hakimiyyət və ya islam dini haqda təhqiramiz ifadələr işlədilir. Belələri doğma vətənlərini gözdən salmaqla özlərini fərqli fikir sahibi kimi göstərmək istəyirlər. Bu və ya digər yollarla özlərini getdikləri ölkənin cəmiyyətinin həmfikri kimi qələmə verməyə çalışırlar. Bəs belələri vətənlərini gözdən salmaqla, özlərini xaricilərə yararlı göstərməklə o dövlətləri, onların məhkəmə sistemlərini aldada bilirlərmi? Onların bu cür fəallıqları nəzərə alınırmı?

Mövzu haqda fikirlərini «Kaspi» ilə bölüşən hüquqşünas, Ədliyyə Naziri yanında fəaliyyət göstərən İctimai Komitənin üzvü Sahib Məmmədov dedi ki, mühacirlərin bir neçə məqsədi var. Bir qrup şəxs məqsədli şəkildə mühacirət edir və antiazərbaycan təbliğatı aparır. Onları Avropada olan bəzi maraqlı qüvvələr, o cümlədən, qeyri-hökumət təşkilatları cəlb edir: «Bəziləri nəinki mühacirət edir, sonra o ölkələrdə kütləvi informasiya vasitələri açırlar. Sifariş əsasında, pul qarşılığında antiazərbaycan təbliğatı aparırlar. Bu, bir qrupdur. Digər qrup var ki, onların məqsədi sadəcə, Avropada yaşamaqdır. Belələri saxta sənəd düzəldirlər. Sənədlər əsasında həmin ölkələrə qaçırlar. Gedib orada deyirlər ki, guya təqibdən qaçıblar. Bəzən elə olur ki, sənədlərin yoxlanması illər çəkir. Araşdırma aparırlar, əgər kifayət qədər əsas yoxdursa, həmin adamlar departasiya olunur, ölkəyə geri qaytarılırlar. Belə şəxslərin sənədlərinin əsasən nələrdən ibarət olduğunu deyim. Məsələn, mitinqlərə gedirlər, şəkil çəkdirirlər. Hətta bəziləri polisdən axtarışda olmasına dair sənəd alır. Əslində isə sənədin heç bir kökü yoxdur. Müxtəlif partiyalardan, hüquq müdafiəçilərindən arayış alırlar ki, partiya üzvü olublar, təqib olunurlar. Çoxsaylı saytlar var, onlara pul verib təqib olunduqları haqda məlumat yayırlar. Məsələn, ölkədən bir qadın getmişdi. O deyirdi ki, gecələr gəlib qapımı döyürlər. Və yaxud bizdə yazıçı fason biri var idi. Demişdi ki, Ziyalılar Forumunun iclasından gələndə polislər onu tutub döyüb. Sonra sübut olundu ki, belə bir şey olmayıb. Çünki məsələ ilə Daxili İşlər Nazirliyi məşğul oldu. Sonra bununla bağlı təkzib verildi. Amma bu məlumat artıq qəzetlərdə getmişdi. Yəni bu cür sənədləri toplayıb gedirlər».

S.Məmmədov qeyd etdi ki, bəzən həmin adamların vəkilləri onlara deyir ki, əlindəki dəlillər kifayət deyil. Onlar da orada qalmaq üçün Azərbaycanı pisləməyə başlayırlar: «Bəzən heç fikirlərini normal qaydada yaza bilmirlər. Başlayırlar söyüş yazmağa. Sonra bunları skrin-şot eləyib həmin hökumətin qurumlarına verirlər. Deyirlər ki, baxın, biz hökumət əleyhinə bu cür fikirlər yazmışıq. Bundan sonra ölkəyə qayıda bilmərik. Bu yollarla orada qalmağa çalışırlar. Eləsi var, deyir ki, mən dindaram, məni dini baxışlarıma görə təqib edirlər. Bir hissəsi deyir ki, mən siyasətçiyəm, məni siyasi baxışlarıma görə təqib edirlər. Bloger, ictimai fəal olduğunu deyənlər də var. Bəziləri isə cinsi azlıq olduğunu deyir və bu yolla müxtəlif ölkələrdə yaşamağa başlayırlar. Yəni müxtəlif yollarla Avropada qalmağa çalışırlar. Bildiyiniz kimi, Avropada bəzən səfirliklərin önündə piket keçirməyə yığışırlar. Onlara bunu çox vaxt vəkilləri məsləhət görür. Bu cür yollarla orada qalmalarını təmin edirlər. Bir zamanlar Skandinaviya ölkələrinə İrandan çox mühacirət edirdilər. Onların çoxunun bir barmağı yox idi. Özlərinə işgəncə edildiyini sübut etmək üçün barmaqlarını kəsirdilər. Əl və ya ayaq barmaqlarını. Onlar haqda ironiya ilə deyirdilər ki, buradakı iranlıların 9 barmağı var. Yəni insanlar zaman-zaman müxtəlif üsullara əl atırlar. Azərbaycanda da, Avropada da xüsusi qurumlar yaranır. Bu cür saxta yollarla sığınacaq alanlara yardımlar edilir. Məsələn, Azərbaycandakılar müəyyən pul qarşılığında saxta sənəd komplektləşdirib verirlər. Bəzən pulun miqdarı, xərclər 50 min manata qədər gedib çıxır. Bəzi adamlar var ki, belə xərcləri ödəmək üçün pulları olmur. Avropaya getmək üçün xəta, cinayət əməli törədirlər. Buradakı təşkilat onları siyasi məhbus elan edir. Bir müddətdən sonra əfv olunurlar və onların Avropaya gedişi asanlaşır».

S.Məmmədov həmin şəxslərin yaşamaq istədikləri ölkənin müxtəlif qurumlarını, məhkəmələrini aldada bildiklərini də nəzərə çatdırdı. Bildirdi ki, onların arxasında müəyyən qüvvələr olur: «Onlar ölkə haqqında mənfi rəy yaradırlar. İnsanların təqib olunduğunu deyirlər. Bu, təkcə bizim ölkəyə aid deyil. Başqa ölkələrdən gedənlər də belə deyir. Belələri vicdansız insanlardır. Bir nəfər var idi, getmişdi. Amma əlində kifayət qədər əsas yox idi. Ona görə də onu geri qaytarırdılar. O da, erməni saytlarında Azərbaycan xalqını aşağılamağa başladı. Əkrəm Əylisli kimi. Həmin məqaləni Azərbaycandakı qəzetlərdə də verdi. Ermənilər də bunu öz saytlarında verib onu qəhrəman elan etdilər. «Həqiqət carçısı» kimi təqdim etdilər. Bizdə belə adama pis baxırlar axı. Satqın hesab edirlər. Ona görə də qayıtmadı və o adam bu yolla İsveçdə qaldı, sığınacaq aldı. Avropalı vergi ödəyicilərinin hesabına orada yaşayırlar. Çox zaman da cəmiyyət üçün yararlı insan olmurlar. Azərbaycanda olduğu kimi, orada da yararsız olurlar. Ya kriminal qruplara, ya da narkomanlara qoşulurlar. Az qismi həyatını başqa cür qurur. Həyatlarını quran kimi də antiazərbaycan fəaliyyətləri yaddan çıxır. Çünki məqsədləri orada yaşayış əldə etmək idi. Yəni sifarişlə gedənləri dəstəkləyən qüvvələr var. Bəzən bu, ermənipərəst qüvvələr də olur. Fikir verirsinizsə, ermənilər Azərbaycanla bağlı tədbirlər keçirəndə panellərdə azərbaycanlıları oturdurlar. Bundan Azərbaycan əleyhinə istifadə edirlər».

 





16.02.2017    çap et  çap et