Vaxt.Az

1-ci xanım vatikanlı nazirlə görüşüb


 

Mehriban Əliyeva ilə Canfranko Ravazi Azərbaycan - Vatikan münasibətlərindən danışıb

1-ci xanım vatikanlı nazirlə görüşüb Noyabrın 4-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazi ilə görüşüb. Kardinal Canfranko Ravazini Heydər Əliyev Fondunda salamlayan Azərbaycanın birinci xanımı onu Azərbaycanın ən yüksək mükafatlarından olan "Dostluq" ordeninə layiq görülməsi münasibəti ilə təbrik etdi. Mehriban Əliyeva son illər Azərbaycan ilə Vatikan arasındakı münasibətlərin, xüsusi ilə də mədəniyyət sahəsindəki əlaqələrin möhkəmləndirilməsində kardinalın rolunu yüksək qiymətləndirdi.
Birinci xanım Mehriban Əliyeva Vatikanda keçirilən tədbirlərin, dünyanın ən möhtəşəm mədəniyyət ocaqlarından olan Vatikan muzeyində Azərbaycan ilə bağlı sərgilərin Canfranko Ravazinin təşəbbüs və dəstəyi ilə reallaşdığını bildirmişdir. Azərbaycan ilə Vatikan arasındakı əməkdaşlığın uzunmüddətli olduğunu vurğulayan birinci xanım həyata keçirilən birgə layihələrin davam etdirilməsində Heydər Əliyev Fondunun maraqlı olduğunu demişdir. Mehriban Əliyeva Heydər Əliyev Fondunun həm müxtəlif bərpa işlərində iştirak etməyə, həm də sərgilər keçirməyə hazır olduğunu diqqətə çatdırmışdır.
İkinci dəfədir Heydər Əliyev Fondunda olmaqdan məmnunluq ifadə edən Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazi Azərbaycanın birinci xanımına təşəkkürünü bildirmişdir. Kardinal Canfranko Ravazi Mehriban Əliyevanın Romaya səfərlərinin ölkələrimiz arasındakı möhkəm əlaqələrin sübutu olduğunu bildirmişdir. Canfranko Ravazi ikitərəfli münasibətlərin əhəmiyyətini yüksək qiymətləndirmişdir.
 





04.11.2013    çap et  çap et