Vaxt.Az

ABŞ kəşfiyyatı məxfi məlumatları Trampdan gizlədir


 

Etimadsızlığın nə qədər dərin olduğu görünür

ABŞ kəşfiyyatı məxfi məlumatları Trampdan gizlədir ABŞ kəşfiyyat strukturları məxfi məlumatların bir hissəsini prezident Donald Trampdan gizləyir. Bu barədə «The Wall Street Journal» qəzeti keçmiş və indiki dövlət məmurlarına istinadən məlumat yayıb.

Qəzet yazır ki, bəzi hallarda kəşfiyyat D.Trampa öz mənbələrini və məlumat toplama üsullarını açmaq istəməyib. Söhbət xarici dövlətlərin ABŞ kəşfiyyatı tərəfindən hansı üsullarla izlənməsindən gedir.

Yazıda qeyd olunur ki, kəşfiyyat Trampdan əvvəlki dövrdə də bəzən öz mənbələrinin güvənliyi naminə bütün informasiyaları prezident və Konqreslə bölüşmürdü. Lakin ilk dəfədir ki, informasiyaların gizlədilməsi prezidentə etimadsızlıq və mümkün sızıntılardan ehtiyatlanmaqla bağlıdır.

«The Wall Street Journal» hesab edir ki, yaranmış durum xüsusi xidmət orqanları ilə Tramp administrasiyası arasındakı etimadsızlığın nə qədər dərin olduğunu göstərir. Kəşfiyyatın qorxuları daha çox prezidentin ətrafındakı adamların Rusiya ilə əlaqələrindən, eləcə də Trampın kəşfiyyata qarşı mənfi münasibətindən qaynaqlanır. «Bu, prezidentlə kəşfiyyat xidmətləri arasındakı münasibətlərin indiyədək görünməmiş şəkildə mürəkkəbliyindən xəbər verir. Mən nə vaxtsa bu cür fikir ayrılığı gördüyümü xatırlamıram. Bu, ölkəmiz üçün heç də yaxşı deyil», - deyə ABŞ kəşfiyyatının sabiq yüksək rütbəli əməkdaşı Mark Lovental bildirib.

Xatırladaq ki, «The New York Times» qəzeti seçki kampaniyası dövründə Donald Trampın yaxın çevrəsindəki bəzi şəxslərin Rusiya ilə əlaqədə olduqlarına dair xəbər yayıb.

 





16.02.2017    çap et  çap et