Bəlli olduğu kimi, prezident Serj Sərkisyan apreldə parlament seçkisində hakim Respublika Partiyasının namizədlər siyahısında (Konstitusiya dəyişikliklərinə görə, Ermənistanda parlament seçkisi bütövlükdə proporsional – partiya siyahıları əsasında keçiriləcək) yer almamaq qərarına gəlib. Partiya siyahısına yeni təyin olunan müdafiə naziri Vigen Sərkisyan başçılıq edəcək. Ekspertlər diqqəti ona yönəldirlər ki, Vigen Sərkisyan bir neçə həftə əvvəl partiyaya üzv qəbul olunub. Serj Sərkisyanın ikinci qərarı isə bundan ibarətdir ki, əgər hakim partiya parlament seçkisində qələbə qazanarsa, indiki baş nazir Karen Karapetyan yeni hökumət formalaşdıracaq. Yeri gəlmişkən, Karen Karapetyan da seçkidə partiya siyahısında yer almayıb. Vitse-spiker Eduard Şarmazanov Karen Karapetyanın adının siyahıda olmamasını bununla izah edib ki, baş nazir təbliğati işlərlə məşğul olacaq. «Bu qərarı partiyanın sədri qəbul edib», - deyə o bildirib. «Respublika» Partiyasının sədri Aram Sarkisyan hesab edir ki, Serj Sərkisyan özü baş nazir olmağa hazırlaşır və yeni Konstitusiyanın qəbulu da məhz bunun üçündür. Aram Sərkisyan Ermənistanın hakim Respublika Partiyasının «mətbəxinə» istinadən xəbər verir ki, Karen Karapetyanı baş nazir təyin edənə qədər prezident bu posta Vigen Sarkisyanı təsdiq etmək istəyib.
Erməni siyasi dairələri və mətbuatı dərhal Sərkisyanın addımına özünəməxsus tərzdə cavab verib. «Sarkisyan seçkiyə «köhnə qurdlar»la gedir» deyə erməni saytları xəbərə bu tip başlıq seçiblər. Müxalifət iddia edib ki, Sərkisyanın rəhbərlik etdiyi hakim Respublika Partiyasının siyahısı göstərir ki, əslində bu rejim yenə elə əvvəlki şəxslərdən ibarətdir. Seçki siyahısına deputat-biznesmen Samvel Aleksanyan da düşüb ki, o, 3 saylı seçki dairəsindən mübarizə aparacaq. Mətbuat yazır ki, 2003-cü ildən deputat olan Aleksanyan həmişə hakimiyyətin tərəfində olub. Müxalifət onu daima seçicilərə rüşvət paylamaqda və siyasi rəqiblərə qarşı zorakılqda ittiham edir.
Müxalifətçi Nikol Paşinyan 2012-ci il seçkilərində onun mübarizə apardığı seçki dairəsinə daxil olan Malatiya-Sebastiya rayonunu «Osvensim» nasist düşərgəsinə bənzətmişdi. Hakim partiyanın siyahısına deputat Arakel Movsisyan da düşüb və bu dəfə o, Armavir vilayətinin daxil olduğu 6 saylı seçki dairəsində mübarizə aparacaq. Movsisyan müxalifəti «baş kəsmək və zorlamaqla» hədələyən, həmçinin parlamentdə müxalif deputatları təhqir edən bir deputat kimi tanınır. Məsələn, o deyib: «Onları öz yerlərində oturmağa çağırıram. Allah eləməsin, əgər tutsaq, mütləq zorlanacaqlar». Mənbə yazır ki, Movsisyan ötən 5 il ərzində parlamentdə bir dəfə də olsun sual verməyib, çıxış etməyib.
Hakim partiyanın seçki siyahısına ofşor qalmaqalında adı hallanan və buna görə cinayət məsuliyyətinə cəlb olunan Mihran Poqosyanın da adı salınıb. O, Ədliyyə Nazirliyi məhkəmə qərarlarının icrasına nəzarət orqanının keçmiş rəisidir və bu yaxınlarda ona qarşı açılan cinayət işi bağlanıb. Mihran Poqosyan 3 rayonu birləşdirən 1 saylı seçki dairəsindən mübarizə aparacaq. Hakim Respublika Partiyasının siyahısına SAS supermarketlər şəbəkəsinin «Sasi» kimi tanınan sahibi Artak Sarkisyan da düşüb. Yerli gəlmişkən, o, ötən həftə ilk dəfə parlamentdə çıxış etməyə cəhd göstərdiyinə görə, mətbuatın diqqət mərkəzinə düşüb. Amma mirkrofon işləməyib. Deyilənlərə görə, Artak Sarkisyan da deputat olduğu 5 il ərzində bir dəfə də olsun parlamentdə çıxış etməyib.
Mənbə yazır ki, deputatlıq uğrunda yenidən Ermənistanın polis rəisi Vladimir Qasparyanın kürəkəni Artur Gevorkyan və Yerevan meri Taron Markaryanın qaynı Robert Sərkisyan da mübarizə aparacaqlar ki, onlar da bir dəfə olsun parlamentin iclaslarında ağızlarını açmayıblar. Müxalifətdə olan «Erməni Milli Konqresi» partiyasının sədr müavini Levon Zurabyan yada salır ki, onların partiyası daima deyirdi ki, Serj Sərkisyanın elədiyi konstitusiya düzəlişləri hakimiyyətin saxlanmasına yönəlib. Yəni əslində proporsional sistem adı altında, daima hakimiyyətlə əməkdaşlıq edən yerli avtoritetlərin üstünlük qazandığı həmin majoritar sistem işləyəcək. «Bu elə eyni hakimiyyət, həmin rejim, eyni şəxslərdir. Yalnız eyni şeyin həyata keçirilməsi üsulları dəyişir, yenə də köhnə çirkli şeylər edilir», - deyə Zurabyan müsahibəsində deyib. «İrs» partiyasının sədr müavini Armen Martirosyansa deyir ki, Sərkisyan yenidən seçkiyə eyni adamlarla getməklə, hakimiyyətini möhkəmləndirmək istəyir.