XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin verdiyi xəbərə görə, görüşdə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Sankt-Peterburq görüşündəki müzakirələrinin davamı olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin intensivləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.
Nazir Elmar Məmmədyarov münaqişənin həlli prosesində irəliləyişə nail olmaq üçün substantiv danışıqlara başlamaq məqsədilə səylərin artırılmasının vacibliyini vurğulayıb.
Görüşdən sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dəvəti əsasında həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birgə şam yeməyi olub.
***
Münhendə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun erməni həmkarı Edvard Nalbəndyanla da görüş olub.
Virtualaz.org bildirir ki, bu barədə öz «Facebook» səhifəsində Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəri Tiqran Balayan yazıb.
T.Balayan, görüşün ATƏT Minsk Qrupunun həmsədrlərinin təşəbbüsü ilə baş tutduğunu bildirib.
Görüşün digər təfərrüatları açıqlanmır.
Danışıqlar Münhen Təhlükəsizlik Konfransı çərçivəsində aparılıb.
Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında sonuncu görüş ötən ilin dekabrında Hamburqda baş tutub.
Onu da qeyd edək ki, nazirlər bundan əvvəl ayrı-ayrılıqda ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Xoqland (ABŞ) ilə görüşmüşdülər.
Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşik də iştirak etmişdi.