Vaxt.Az

Türkiyənin əl-Bab çıxmazı


 

İki Baş Qərargah rəisi ortaq fikrə gələ bilmədi

Türkiyənin əl-Bab çıxmazı Bakıda rusiyalı həmkarıyla görüşəndən sonra Ankaraya uçan ABŞ ordusunun Baş Qərargah rəisi general Cozef Danfordun Türkiyə təmaslarına xüsusi diqqət var idi. Bu da səbəbsiz deyildi.

Ötən ilin 15 iyulunda baş tutmayan çevriliş cəhdindən sonra Türkiyə özünün ən güclü müttəfiqi ABŞ-la münasibətlərini kəsərək, Rusiyaya yönəlmiş, az qala, NATO üzvlüyü məsələsini belə, gündəmə gətirmişdi. İki müttəfiq arasında yaşanan bütün problemlərin Obamanın uğursuz və mübahisəli Yaxın Şərq siyasətindən qaynaqlandığı düşünən əksər ekspertlərin rəylərinə görə, ABŞ-da keçirilən son prezident seçkilərindən sonra bütün incikliklər tarixə qovuşacaq və Türkiyə öz ənənəvi düşərgəsinə qayıdacaqdı. Həqiqətən, rəsmi Ankara da bu ehtimalı qüvvətləndirən addımlar atır, yeni prezident Trampa böyük ümidlər bəsləyirdi. Türkiyə rəsmilərinin «Fərat qalxanı» çərçivəsində əl-Babdan sonra hərbi əməliyyatları Münbic və Raqqaya qədər genişləndirəcəklərini ifadə etmələri də bu ümiddən doğurdu.

Baxmayaraq ki, «Fərat qalxanı»nın son hədəfinin Raqqaya qədər uzanacağı hələ əməliyyatın ilk günlərindən etibarən, Türkiyənin ən yetkili şəxsi tərəfindən dilə gətirilmiş, əl-Bab uğrunda döyüşlər başlandığı zaman Ərdoğan mediaya verdiyi açıqlamasında bildirmişdi: «İndi əl-Baba doğru irəliləyirik, bundan sonra Münbic və Raqqaya yönələcəyik. Hörmətli Obama ilə bu barədə fikir mübadiləsi apardıq və mən öz fikrimi ona çatdırdım. PYD, YPG kimi təşkilatlara ehtiyacımız yoxdur. Biz bu addımları bərabər atmalıyıq və buna gücümüz çatar».

Ərdoğanın sözlərindən aydın göründüyü kimi, «Fərat qalxanı» əməliyyat ilə bağlı sabiq ABŞ-lı həmkarıyla müzakirə aparmış və bir növ, Obamanın razılığını almışdı. Di gəl ki, Türkiyə əl-Bab əməliyyatına başladığı zaman ABŞ Suriyanın şimalında yaşayan kürd separatçılarını silahlandıraraq, Raqqa əməliyyatına həvəsləndirmişdi. Türkiyənin ciddi etirazları heç bir nəticə verməyincə, Ərdoğan da ritorikasını dəyişmiş, əl-Babın "Fərat qalxanı" əməliyyatında son hədəf olduğunu vurğulamışdı.

Bu yaxınlarda ABŞ rəsmiləriylə danışıqlardan sonra Ərdoğanın yenidən əvvəlki ritorikasına qayıtması isə nəinki sıravi vətəndaşlarda, həmçinin AKP hakimiyyətinin ən yüksək dairələrində belə müəyyən çaşqınlıqlar yaratmış və bu çaşqınlıq KİV-lərində əks olunmuşdu. Bu cür çaşdırıcı vəziyyətin biri də elə bir neçə gün əvvəl yaşanmışdı. Türkiyənin baş nazirinin müavini Niman Kurtuluş mətbuat açıqlamasında «Fərat qalxanı» əməliyyatını əl-Babla tamamla biləcəyini» ifadə etmiş və bu fikirlər özünü çox gözlətmədən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən təkzib olunmuşdu. Mətbuat  nümayəndələri qarşısında çıxış edən prezident demişdi: «Əl-Bab təmizləndikdən sonra hədəf Münbicdir. Başda Səudiyyə Ərəbistanı olmaqla, Körfəz ölkələrinin də ciddi dəstəyinə ihtiyacımız var».

Ərdoğanın daha sonra körfəz ölkələrinə səfərə çıxması və ən son Səudiyyə krallığı yetkililəriylə bir araya gəlməsi də onun bu istiqamətdə mühüm addımlar atmağa çalışdığını göstərirdi. Bütün bunlar Ankara-Vaşinqton arasında yenidən hansısa razılaşmaların olduğu ehtimalına və bütün gözlərin okeanın o tayından gələcək rəsmilərə dikilməsinə yol açırdı.

Maraqlıdır ki, Ankarada gözlərin okeanın o tayına dikildiyi sıralarda Suriyadakı rus hərbi təyyarələri «səhvən» türk əsgərlərini bombalamış və 3 məhmətçik şəhid olmuş, xeyli hərbçi yaralanmışdı. Rusiya tərəfi bu «səhvin» koordinasiya yetərsizliyi ucbatından qaynaqlandığını etiraf etsə də, bir çox müşahidəçilər fərqli ehtimallar üzərində dayanmışdılar. Ən yayğın qənaət isə bundan ibarət idi ki, Moskva Ankaraya müttəfiqini dəyişərsə, mərmilərin «dost-yaxın» tanımayacağını xatırlatmaq istəmişdi.

Tam bu şəraitdə Adananın İncirlik hərbi bazasında bir araya gələn iki Qərargah rəisinin görüşündən çox şeylər gözlənilirdi. Ehtimal olunurdu ki, ABŞ generalı Türkiyəni yenidən öz tərəfinə çəkmək üçün onun həssasiyyətini başa düşəcək, Suriyanın şimalında terrorçulara qarşı birgə hərbi əməliyyat keçirilməsilə bağlı razılığa gələcək.

Belə bir təəssüratın yaranmasında qardaş ölkənin Müdafiə nazirinin mövzuyla bağlı açıqlamaları da ciddi rol oynamışdı. Nazir açıqlamasında Pentaqonun Raqqa əməliyyatını mütləq PYD separatçılarıyla bərabər həyata keçirməkdə israr etmədiyini vurğulamış, Türkiyənin bu əməliyyatda iştirakının kürd separatçılarına olan ehtiyacı aradan qaldıracağını bildirmişdi.  Bu isə ABŞ-ın çoxdan arzuladığı, amma Obama dönəmində Türkiyəyə heç cür qəbul etdirə bilmədiyi təklif idi və Ankaranın güzəştə hazır olduğu mesajı kimi səslənirdi. Elə bu səbəbdən də Danfordun gəlişindən öncə səsləndirilən həmin fikirlərin Pentaqon tərəfindən də müsbət qarşılanacağına böyük ümid var idi.

İki qərargah rəisinin görüşündən sonra yayımlanan rəsmi açıqlamalar isə gözləntilərin özünü doğrultmadığından xəbər verir. Belə ki, Türkiyə Silahlı Qüvvələrinin açıqlamasına görə, görüşdə PKK və başda DEAŞ (İŞİD) olmaqla, Suriya və İraqdakı terror qruplaşmalarına qarşı aparılan mübarizə yolları müzakirə edilib.

Mütəxəssislər bu cür açıqlamaların hər iki tərəfin redaktəsiylə hazırlandığını vurğulayır, mətndə PYD-dən açıq şəkildə bəhs edilməməsini isə Pentaqonun mövqeyi ilə əsaslandırırlar. Bilindiyi kimi, Türkiyənin bütün israrlı tələblərinə baxmayaraq, Vaşinqton PYD-ni PKK-dan ayırır və terrorçu təşkilatlar siyahısına salmır. Həqiqətən də, bununla bağlı Türkiyə prezidentinin üsyankar çıxışları dəfələrlə nəticəsiz qalmış və ABŞ rəsmiləri öz mövqelərindən nəinki geri çəkilməmiş, əksinə, PYD-ni İŞİD-ə qarşı ən yaxşı döyüşən silahlı qüvvə kimi öymüşdülər.

Rəsmi açıqlamada PYD adının çəkilməməsi Ərdoğanın əl-Babdan sonra Münbic əməliyyatına başlayacağı ilə bağlı dediklərini də şübhə altına alır. Zira Münbic PYD-nin əlindədir və görünən isə budur ki, ABŞ həmin təşkilata qarşı mübarizəyə isti baxmır. Deməli, Türkiyə bu əməliyyata başlayacaqsa, ABŞ-ın razılığı olmadığı riskini gözə almalıdır.

Məsələni qəlizləşdirən bir başqa amil isə Rusiyanın da bu məsələdə Türkiyənin tərəfində dayanmayacağı ehtimalı ilə bağlıdır. Baxmayaraq ki, Moskva və Ankaranın təşkilatçılığı keçirilən I Astana toplantısına PYD dəvət olunmamış və bu, iki dövlətin ortaq mövqeyi kimi təqdim edilmişdi. Sonrakı mərhələlərdə isə Rusiyanın açıq şəkildə kürd separatçılarını dəstəklədiyi ortaya çıxmışdı.

Danford və Akarın İncirlik hərbi bazasında keçirdikləri görüşün nəticələriylə bağlı TSQ-nin yaydığı açıqlmada diqqəti cəlb edən başqa bir məqam əl-Babdan fərqli olaraq, nə Münbiç, nə də Raqqa adının keçməsdir. Mütəxəssislər bu məqamı da generalların "Fərat əməliyyatı" ilə bağlı ortaq fikrə gəlməməsilə izah edirlər.

Görünür, Niman Kurtulmuş ««Fərat qalxanı» əməliyyatı əl-Babın alınmasından sonra tamamlana bilər» deyərkən, heç də havadan danışmamışdı. Mümkündür ki, ABŞ-ın təzyiqilə Türkiyə hökuməti əməliyyatın ilk günündəki hədəflərindən geri çəkilmiş və bundan xəbərdar olan baş nazirin müavini həqiqəti vaxtından əvvəl ictimailəşdirmişdi. Türkiyə prezidenti isə onun tələskənliyinə faktı inkar etməklə cavab verməli olmuşdu.

Uzun müddətdən bəridir, əl-Babın mərkəzinə qədər irəliləyən Türk ordusunun hələ də bu şəhərin ucqarları uğrunda mübarizəsini tamamlaya bilməməsi də müəmmaları artırır. Belə təəssürat yaranır ki, əl-Bab əməliyyatının tamamlanması indiki mərhələdə heç Türkiyə hökumətinə də sərf etmir. Axı, əməliyyat tamamlanandan sonra ordu həmin əraziləri yerli sakinlərə təhvil verib «evə» qayıtmalıdır. «Çölə» çıxarkən planlaşdırılan hədəfə tam varılmadan geri qayıtmağın səbəbi isə «ev əhlinə» izah olunmalıdır.

Sözsüz ki, bu acizlik öz seçicilərinə «qətiyyətli və güclü Osmanlı sultanı» kimi görünmək istəyən Ərdoğanın əzəmətinə xələl gətirə bilər. Xüsusilə də prezidentlik üsul-idarəsinin bərqərar olacağı referendumdan qabaq… Odur ki, bir çox paxırların üstünü açacaq evə qayıdış prosesini referendumdan sonraya qədər uzatmaq daha məqbuldur.

Referenduma isə hələ 2 ay var.

 





18.02.2017    çap et  çap et