Vaxt.Az

Sən niyə susursan?


 

Akif Çovdarovu danışmamağa məcbur edən nədir?

Sən niyə susursan? Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.

Bugünkü iclas büsbütün bir epizod üzrə şahidlərin ifadələrinə həsr edildi və kəskin zərərçəkmiş-vəkil-hakim qarşıdurması ilə yadda qaldı.

İclasın başlanğıcında təqsirləndirilən Akif Çovdarovun vəkili Rəsul Sadiqov vəsatətlə çıxış edərək, zərərçəkmiş Cahangir Alışovun barəsində kütləvi informasiya vasitələrində müxtəlif vaxtlarda dərc olunmuş ifşaedici məqalələrin cinayət işinin materiallarına əlavə edilməsini xahiş etdi. Vəsatət qəbul olundu.

Xatırladaq ki, zərərçəkmişlər Cahangir Alışov və Nəsib Əliyev Akif Çovdarova qarşı iddia irəli sürərək, onlardan 19 mənzilin təqdim olunmuş adamların adına keçirilməsini, 500 min dollar ödənilməsinin tələb edilməsini, sonradan isə həmin məbləğin ayrı-ayrı binalarda yerləşən 6 mənzillə əvəzləndiyini bildiriblər.

Qeyd etmək lazımdır ki, zərərçəkmiş Nəsib Alıyev Yeni Günəşlidə tikdiyi binadakı eyni mənzilləri bir neçə adama satdığı üçün dələduzluqda günahkar bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilib və cəzasının 5 ilini çəkib. Bu səbəbdən o, məhkəməyə Bakı şəhəri 9 saylı cəzaçəkmə müəssisəsindən konvoyla gətirilir.

 

1-ci kurs tələbələri üçün hüquq dərsi

 

Şahid qismində ifadə verən Cəfər Cəfərzadə qeyd etdi ki, Cahangir Alışov ona zəng edərək, Yeni Yasamalda yerləşən yeni tikilidə 137 kvadrat metrlik mənzili alıcılara göstərməyin lazım olduğunu deyib. Binanın yanına çatandan bir qədər sonra C.Cəfərzadə təqsirləndirilən Akif Çovdarovun qara rəngdə xidməti «Nissan Maxima» avtomobili ilə ora yaxınlaşdığını görüb.

Vəkillərin suallarını cavablandıran şahid ifadəsini bir neçə dəfə dəyişdi. Bir neçə dəqiqədən sonra o, binaya artıq yaxınlaşanda Akif Çovdarovun orada olduğunu söylədi. Daha sonra isə zərərçəkmiş Cahangir Alışovun ona zəng edərkən mənzilə baxmağa Akif Çovdarovun gələcəyini bildirdiyini dedi.

Şahidi çaşdıran kənar suallar verən vəkilə etirazını bildirən hakim, prosesə sədrlik edən Həbib Həsənovla vəkil Kamandar Nəsibov arasında mübahisə yarandı. K.Nəsibov qeyd etdi ki. bu sualları bilərəkdən verir və şahidin cavablarının müxtəlifliyindən də görünür ki, onlar yerində verilmiş suallardır.

«Hüquq fakültəsinin birinci kurs tələbəsi də anlayardı ki, mən bu sualları niyə verirəm», - vəkil qeyd etdi. Bu sözlərdən sonra vəkillə hakim Həbib Həsənov arasında yüksək tonlarda mübahisə qızışdı və onlar bir-birinə qarşı təhqiramiz ifadələr işlətdilər.

Qeyd etmək yerinə düşər ki, proses boyunca bir neçə dəfə  vəkillərlə zərərçəkmiş Cahangir Alışov arasında da kəskin mübahisələr və təhqir dolu dialoqlar baş verdi. İş o yerə çatdı ki, hakimlər tərəfləri sakitləşdirmək üçün zala nəzarətçiləri dəvət etdilər.

 

Akif Çovdarovun xanım qohumu pul verib aldığı mənzilə niyə buraxılmır?

 

Növbəti ifadə üçün zala təqsirləndirilən Akif Çovdarovun kürəkəninin bacısı, şahid Təranə Əmircanova dəvət olundu. Şahid 2014-cü ildə Bakı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən yeni tikilmiş binada 117 min manata mənzil aldığını dedi.

Onun sözlərinə görə, mənzil almaq üçün pulu qardaşı, A.Çovdarovun kürəkəni Rəşad Əmircanova verib və özü yalnız MTK-nın həyətlərinə gəlmiş əməkdaşının təqdim etdiyi müqaviləni imzaladığını bildirdi.

T.Əmircanova mənzili indiyə kimi də görmədiyini, onu gələcəkdə «dar gün üçün» aldığını söylədi.

Prosesin axırlarına yaxın vəkillərin zərərçəkmiş Cahangir Alışova verdikləri suala zərərçəkmişin cavabından məlum oldu ki, C.Alışov həmin bu mənzilin qapısını dəyişib və qanuni sahiblərini ora buraxmır. Bunun səbəbini isə belə izah etdi: «Prosesin axırını gözləyirəm, onsuz da satışa çıxarılacaq, haqq yerini tapacaq». Ondan bu hərəkətinin qeyri-qanuni olduğunu bilməsini xəbər aldıqda isə «bilirəm» deyə cavab verdi.

 

«Məndən 300 min dollar istədi, o qədər pulum yox idi, 280 min verdim»

 

Növbəti şahidlər zərərçəkmişlərin həmtəsisçiləri olduqları MTK-dan mənzil almış Faiq Məmmədov və zərərçəkmiş Cahangir Alışovun dostu Seyran Babayev oldular.

Mingəçevirdə yaşayan Faiq Məmmədov aldığı mənzilə görə narahat olduğunu və onun taleyindən xəbər tutmaq istədiyini bildirdi. Zərərçəkmiş Cahangir Alışov bununla bağlı problemin olmadığını və mənzilin sahibinin artıq təmirə başlaya biləcəyini dedi.

Digər şahid Seyran Babayev isə Cahangir Alışovla yaxın dost olduğunu bildirdi. Onun sözlərinə görə, bir gün zərərçəkmiş ona MTN-lə problemlərinin olduğunu, işlərinin pis getdiyini deyib və borc kimi 300 min dollar istəyib. «Həmin vaxt o qədər pulum yox idi, 280 min dollar verdim», - şahid bildirib. S.Babayevin ifadəsinə əlavə olaraq zərərçəkmiş qeyd edib ki, həmin pulları A.Çovdarovun tələb etdiyi 6 mənzili almaq üçün xərcləyib. Amma nəyə görə pulu nağd şəkildə MTN generalına vermədiyini Cahangir Alışov açıqlamadı.

 

Akif Çovdarovun kürəkəni məhkəmədə ifadə verdi

 

Şahid qismində ifadə vermiş keçmiş MTN əməkdaşı, Akif Çovdarovun kürəkəni Rəşad Əmircanov tam fərqli faktlarla danışdı. Şahidin dediyinə görə, bir gün şöbə rəisi ondan Cahangir Alışova zəng edərək MTN-ə çağırmasını istəyib. Qeyd edək ki, R.Əmircanov MTN-də Akif Çovdarovun baş idarəsində işləməyib.

Bu zəngdən sonra Cahangir Alışov təqsirləndirilən Səlim Məmmədova zəng edərək, MTN-ə dəvət edildiyini və onu kimin dəvət etdiyini deyib. Səlim Məmmədov Rəşad Əmircanovun diqqətinə çatdırıb ki, inşaatla məşğul olan Cahangir Alışov Akif Çovdarovun yaxın adamıdır və bu işdən uzaq dursun.

Daha sonra, şahidin sözlərinə əsasən, Cahangir Alışov onu Nəbatat bağının yaxınlığında görüşə çağırıb və qətlində günahlandırıldığı «Təfəkkür Universiteti»nin rektoru ilə bağlı sənədlər göstərdiyini dedi.

Rəşad Əmircanov bacısının adına alınmış mənzilin pulunu Masazırda əlbəəl zərərçəkmişə verdiyini sözlərinə əlavə etdi.

Akif Çovdarovun kürəkəninin çıxışına münasibət bildirən zərərçəkmiş Cahangir Alışov Nəbatat bağının yanında Rəşad Əmircanovla görüşdüyünü etiraf etdi, lakin özü ilə heç bir sənəd götürmədiyini dedi: «Rəşad özü məni ora çağırmışdı. Mən də onu görüş vaxtı tənbeh etdim ki, nəyə görə mənə zəng vurub narahat edir».

Zərəçəkmişin bu sözlərindən sonra təqsirləndirilən Səlim Məmmədovun vəkili Cavid Rzazadə üzünü Cahangir Alışova tutaraq dedi: «Rəşad Əmircanov sizi çağırmışdı ki, onu tənbeh edəsiniz? Bu nə məntiqdir belə?»

 

Akif Çovdarovun maşını hansı rəngdə olub?

 

Proses boyunca dördüncü dəfə şahid qismində ifadə vermək üçün Akif Çovdarovun keçmiş sürücüsü Nurxan Atakişiyev dəvət edildi.

Şahiddən adına yeni tikilmiş binada mənzilin olub-olmadığı soruşuldu. «Mənim nə o binadan, nə də mənzildən xəbərim yoxdur. Deyirlər, müqavilədə imzam var. Əgər o binanı görməmişəmsə, heç yerini də bilmirəmsə, hansı müqavilədən söhbət gedə bilər?» – həmişə ötkəmliyi ilə seçilən N.Aatakişiyev bildirdi.

Onun idarə etdiyi xidməti maşın barədə sualı cavablandıraraq generalın keçmiş sürücüsü dedi: «2005-ci ildən 2011-ci ilə qədər qara rəngdə «Nissan Maxima» sürmüşəm. 2011-ci idən sonra isə həmin maşının albalı rəngində modeli olub. Deyilən hadisə 2014-cü ildə olubsa, maşın heç vaxt qara rəngdə ola bilməzdi».

Qeyd edək ki, Nurxan Atakişiyev son sözləri heç bir sual olmadan əlavə etdi. Maraqlıdır ki, şahid Cəfər Cəfərzadənin Akif Çovdarovun qara rəngli maşını ilə bağlı çıxışı zamanı sürücü zalda deyildi və həmin ifadəni eşitməmişdi.

 

Zərərçəkən Masazırda nə iş görürmüş?

 

Şahid Adil Yaqubov xatırlatdı ki, Akif Çovdarovun sahibi olduğu və Masazırda yerləşən «Bəhrə-2010» MMC-nin direktorudur. Onun sözlərinə görə, zərərçəkən Cahangir Alışovu ilk dəfə elə öz iş yerində görüb. Zərərçəkən Masazırda Akif Çovdarovla birgə tikinti işlərinə başlayıb və həmin işlər bütünlüklə Adil Yaqubovun kassadan verdiyi vəsaitlər hesabına aparılıb.

Təqsirləndirilən Akif Çovdarovun vəkili Sadiq Rəsulov bildirdi ki, zərərçəkən Masazırda görülən işlər üçün Akif Çovdarovun onu 250 min dollar xərcləməyə məcbur etdiyini demişdi. Vəkilin bu sözlərini eşidən zərərçəkən Cahangir Alışov üzünü Sadiq Rəsulova tərəf tutaraq dilləndi: «Sənin dilini nə yerindən qoparardım...»

 

Səhiyyə Nazirliyinin şöbə müdiri 1 milyon 200 min dollar ziyana düşüb

 

Şahid qismində ifadə verən Səhiyyə Nazirliyinin şöbə müdiri Əliheydər Şahmarov bildirdi ki, o da zərərçəkmişlərin həmtəsisçiləri olduğu MTK-nın üçüncü həmtəsisçisidir. «Dövlət qulluqçusu olduğum üçün qərara aldım ki, bu cəncəl işdən uzaq durum», - şahid izahat verdi.

Onun sözlərinə görə, tikilən bina ilə bağlı baş verənlər nəticəsində tikintiyə qoyduğu 1 milyon 200 min dollar əlindən çıxıb və onun hazırda həmin binada bircə mənzili də yoxdur.

İfadədən anlaşıldı ki, MTN-lə bağlı prosesin gedişində Ə.Şahmarovla digər həmtəsisçilər arasında münasibət elə də yaxşı olmayıb, şahid bu işlərdən uzaq durmağı və düşdüyü zərərlə barışmağı üstün tutub.

 

MTN əməkdaşı: «Mən kiçik adam idim»

 

Keçmiş MTN əməkdaşı, hazırda ehtiyatda olan Alı Nəbiyev şahid kimi ifadəsində bildirdi ki, zərərçəkmişlərin onu ittiham etməsini anlamır. Akif Çovdarovla MTK həmtəsisçiləri arasında vasitəçilik etməsi, zərərçəkmiş Nəsib Əliyevi 2 gün boyunca MTN-in dəhlizində saxlaması ilə bağlı deyilənlərə aydınlıq gətirən A.Nəbiyev söylədi: «Mən MTN-də kiçik adam idim, vur-tut əməliyyat müvəkkili idim. Bu işləri necə görə bilərdim?»

Zərərçəkənlər isə bilavasitə Alı Nəbiyevlə görüşdüklərini təkrarladılar və öz ifadələrini bir daha təsdiq etdilər.

 

Akif Çovdarovun susqunluğu

 

Son vaxtlar fəallaşan və səs-küy yaradan çıxışları ilə gündəmə gələn təqsirləndirilən Akif Çovdarov iki iclasdır ki, susur. Ümumiyyətlə, danışmır. Fevralın 20-də müayinə adı ilə zalı tərk edib bir daha geri qayıtmayan və iclasın yarımçıq saxlanmasına səbəb olan general bu gün səsini də çıxarmadı.

Gün boyunca birbaşa maraqlarına toxunan məsələlərin müzakirə edilməsinə baxmayaraq, Akif Çovdarov cəmi bir sual verdi və onu da özü səsləndirmədi – yerinə vəkili danışdı.

Akif Çovdarovu birdən-birə belə susmağa məcbur edən görəsən nədir?

Məhkəmənin növbəti iclası gələn həftənin bazar ertəsi, fevralın 27-də keçiriləcək.

 





22.02.2017    çap et  çap et