Vaxt.Az
«Heç bir münasibət qurulmayacaq»
Egemen Bağış: «Ermənistanın əhalisi 4 milyondan 2 milyona enib»
«Azərbaycan Türkiyənin ən əhəmiyyətli investorlarından biridir». Avropa Azərbaycan Cəmiyyətindən ANS PRESS-ə verilən məlumata görə, bunu Türkiyənin Avropa İttifaqı məsələləri üzrə naziri Egemen Baxış Avropa Azərbaycan Cəmiyyətinin (AAC) regional əməkdaşlıq və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair suallarını cavablandırarkən bildirib. E.Bağış Türkiyə və Azərbaycanının enerji sektorundakı sıx əməkdaşlığının, gələcəkdə Avropanın enerji probleminin həlində böyük rol oynayacağını vurğulayıb.
Egemen Baxış Türkiyənin baş naziri R.T Ərdoğan ilə Azərbaycan Respublikası prezidenti İlham Əliyevin arasında qardaş münasibətlərinin olduğunu da sözlərinə əlavə edib: «Liderlərimiz bütün məsələləri səmimi və şəffaf şəkildə müzakirə edirlər. Bu da məndə inam yaradır ki, bizim gələcək münasibətlərimiz bugünkündən də parlaq olacaq».
Onun sözlərinə görə, Türkiyənin qonşuluq münasibətlərinin gündən-günə gücləndiyi digər bir ölkə isə, əlbəttə ki, Gürcüstandır: «Gürcüstan, Türkiyə və Azərbaycan arasında üçtərəfli müttəfiqlik əlaqələri var. Bu münasibətlərin xaricində qalan ölkə isə Ermənistandır. Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsi regional əməkdaşlığa mənfi təsir göstərir».
Nazir ötən iyirmi ilə nəzər saldıqda, Azərbaycan və Gürcüstanın necə inkişaf etdiyi, Ermənistanın isə inkişafdan kənarda qaldığı aydın göründüyünü bildirib.
E.Bağış qeyd edib ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri üçtərəfli əməkdaşlığın inkişafı üçün sadəcə bir başlanğıc idi.
Nazirin sözlərinə görə, son 10 ildə Azərbaycan hədsiz dərəcədə inkişaf edib: «Bu gün Azərbaycan və Bakı öz inkişaf tempinə görə dünyanın əsas beynəlxalq ölkələri və şəhərləri ilə rəqabət aparmaq iqtidarındadır. Lakin son onillikdə Ermənistanın əhalisi 4 milyondan 2 milyona enib. Çünki insanlar yoxsulluq və iqtisadi çətinliklərin ucbatından ölkədən baş götürüb gedirlər və kütləvi miqrasiyanın əsas səbəbi Ermənistan hökumətinin öz qonşuları ilə olan problemlərini həll etmək istəməməsindən irəli gəlir. İqtisadi cəhətdən onlar böyük itkidədirlər. Təəssüf ki, Azərbaycanın 20 faizə qədər ərazisi hələ də Ermənistanın işğalı altındadır və bir milyona yaxın azərbaycanlı hələ də qaçqın və məcburi köçkün vəziyyətində yaşayır».
O, Ermənistan özünün işğalçılıq siyasətinə son qoymalı olduğunu vurğulayıb. Dövlət rəsmisi Azərbaycandakı bacı və qardaşlarının erməni təcavüzündən hələ də əziyyət çəkdikləri üçün Türkiyə Ermənistanla heç bir münasibət qurmayacağını deyib. Onun sözlərinə görə, rəsmi İrəvan öz vətəndaşlarının maraqlarına cavab verən düzgün qərarlar qəbul etməlidir. «Düzgün olan da Dağlıq Qarabağ problemini həll etmək, Azərbaycanla yaxşı münasibətlər yaratmaq və bununla da Türkiyə və Gürcüstanla da yaxşı münasibətlər qurmaqdır ki, ermənilər də həmçinin onların xeyrinə olacaq regional investisiya layihələrinin bir hissəsindən yararlana bilsinlər».
05.11.2013 çap et