«The Financial Times» qəzetinin yazdığına görə Rusiya hesab edir ki bu, Suriyada daxili nizamlama proseslərinə yardım edəcək. Hansı ki, Rusiyanın patronajlığı altında hazırda Suriyada döyüşən tərəflər arasında əldə edilmiş razılaşma kövrəkdir, münaqişənin nizamlanması perspektivləri dumanlıdır.
Qəzetin yazdığına görə gözlənilir ki, məsələ bu gün Cenevrədə Suriya nizamlanmasına dair danışıqlarda qaldırılacaq. Avropalı diplomatlar deyiblər ki, Rusiya xarici işlə nazirinin müavini Mixail Boqdanov ötən həftə Moskvada Aİ üzvü olan ölkələrin səfirlərini qəbul edərək Suriyanın bərpası məsələsinin əsas gündəm mövzusu olacağını deyib. Boqdanov bildirib ki, bərpa proseslərinə on milyardlarla dollar lazım ola bilər. Və diplomat dərhal işarə edib ki, Rusiyadan bu işdə heç nə gözləmək lazım deyil.
Lakin qəzet yazır ki, Rusiyanın təşəbbüsü müqavimətlə qarşılaşa bilər. Qərb diplomatlarının bildirdiyinə görə, Avropa və Fars körfəzi ölkələri Rusiyanın Suriyaya hərbi müdaxiləsindən qəzəblidir. Bu müdaxilə hərbi əməliyyatların gedişini Bəşər Əsədin xeyrinə dəyişib. Ona görə də Qərb ölkələri Suriyanın bərpasına ancaq bir şərtlə pul verə bilərdi: Rusiya siyasi keçid prosesi üçün şərtlər yaratsın.
«Onlar gəldilər, tam darmadağın etdilər, hər şeyi baş-ayaq çevirdilər, indi istəyirlər ki, dağıtdıqlarının pulunu biz verək» - avropalı diplomatlardan biri belə deyib.
Xatırladaq ki, Rusiyanın Suriyada 2015-ci ilin sentyabrından həyata keçirdiyi hava əməliyyatları böyük dağıntılarla müşaiyət olunur. Bir tərəfdən Rusiya aviasiyası Suriya şəhərlərini bombalayır, o biri tərəfdən Əsəd ordusu Rusiyanın verdiyi silahlarla ölkəni xaraba qoyub. Bu baxımdan Rusiyanın indi Suriyada bərpa işləri üçün Qərbdən milyardlarla dollar xahiş etməsi tamamilə absurd görünür. Doğrudan da İranın və Rusiyanın sındırıb-dağıtdıqlarına görə pulu başqaları niyə verməlidir?