«Hər dəfə qeyd etdiyimiz kimi Ermənistanda sabitlik yoxdur. Sərkisyan öz hakimiyyətini qorumaq üçün belə addımlar atır. Ölkədə etiraz edənlərə bununla bildirilir ki, cəbhədə vəziyyət gərgindir, siz də stabilliyi pozmayın.
Azərbaycan ordusu bu günə qədər düşmənin bütün təxribatlarının qarşısını alıb. Belə təxribatlar davam etdikcə, ordumuz düşmənə aprel döyüşlərindən daha ağır zərbələr endirəcək. Bütün bunlar ermənilərin fəlakətinə gətirib çıxara bilər. Düşmən təxribatları davam etdirsə, onlara vurulan zərbələr aprel döyüşlərindən qat-qat çox olacaq» (azvision.az).
Qeyd edək ki, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb.
Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var.