«Həmin ərazidə yolların genişləndirilməsi və yenidənqurma işləri çərçivəsində Mikayıl Müşfiqin büstü müvəqqəti yığışdırılıb və anbara qoyulub ki, təmir işləri gedəndə ziyan çəkməsin. Plana görə həmin ərazidə indikindən beş dəfə geniş park salınacaq, heykəl də qaytarılıb yerinə qoyulacaq», - Anar Nəcəfli deyib.
«Azəravtoyol» ASC-nin mətbuat xidmətinin rəhbəri bunu da deyib ki, bir azdan heykəlin fotosunu yayımlayacaq və onun dağıdılmadığını əyani təsdiq edəcək. Hərçənd ki, yayılan fotoya əsasən şairin heykəlinin postamenti dağıdılıb, barelyef götürülüb , başqa sözlə, heykəltəraşın yaratdığı əsər korlanıb. Hansı ki, heykəltəraş gənc yaşlarında Stalin repressiyasının qurbanı olan şairi qaya parçasının üzərində həkk etmişdi , indi isə ona qarşı ikinci dəfə repressiyaya yol verildi. Ola bilsin heykəlin baş hissəsi doğrudan da dağıdılmayıb, ancaq sual yaranır: bəyəm «Azəravtoyol» rəhbərliyi həm də heykəltaraşlıqla məşğul olur ki, dağıdılan heykəli əvvəlki formasında bərpa edə biləcək?
A.Nəcəfli onu da deyib ki, Mədəniyyət Nazirliyinin heykəlin dağıdılmasına görə onları məhkəməyə verməyə hazırlaşmasından narahat deyillər. «Onların öz işidir», - «Azəravtoyol» rəsmisi deyib.
***
12:14
«Azəravtoyol» ASC Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmadan görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin Bakıdakı abidəsini dağıdıb.
Bu haqda virtualaz.org-a Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yanında mədəni irsin mühafizəsi, inkişafı və bərpası üzrə Dövlət xidmətinin rəhbəri Zakir Sultanov məlumat verib.
Bundan başqa, vandalizm aktı Mədəniyyət Nazirliyi tərəfindən qadağalara baxmayaraq törədilib.
«Abidəni hər hansı icazə olmadan dağıdıblar. Bu hiddət doğuran hadisə ilə əlaqədar biz məhkəmə instansiyalarına müraciət etmək niyyətindəyik», - deyə o vurğulayıb.