Onun sözlərinə görə, hətta təcrübəsiz oxucu da diversiya hərəkətlərinin əks olunduğu və bizim KİV-lərdə ictimai nümayiş edilmiş videokadrlarla dəfələrlə şəxsən tanış ola bilib: «Belə hallarda ermənilərin cinayətkar niyyətlərini pozmaq üçün Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyi tərəfindən adi əks tədbirlər görülür: növbətçi qüvvələr və vasitələr təyin olunur, müşahidə hər tərəfdə gücləndirilir, tələlər, pusqular qurulur düşmənin fəal tapşırıqları yerinə yetirə bilməməsi üçün digər tədbirlər görülür. İstənilən hərbi mütəxəssis-peşəkar bu barədə bilir.
Ona görə də Ermənistanın rəsmi nümayəndələrinin və Vitalik Balasanyan kimi başabəla strateqlərinin Azərbaycanın hücum əməliyyatlarının qarşısının alınması kimi bəyanatları heç bir tənqidə sığmır. Özünüz mühakimə edin. Məgər kiçik bir qrupla (üç (!)hərbi qulluqçu ilə) hücuma keçmək olar? Məgər Azərbaycan ordusu bu gün hücum qruplaşmaları yaratmağı və onların hücuma keçməsini savadlı şəkildə planlaşdırmağı bacarmır? Məgər tabeçiliyində olanları xilas etmək üçün irəli atılan və düşmən tərəfindən hücuma və gülləborana məruz qalan Azərbaycan zabitlərinin qəhrəmancasına hərəkəti hörmətə layiq deyil? İndi düşmən artıq neçənci dəfədir ki, yenə də öz hirsini onların üstünə tökərək ordumuzun döyüş meydanında qalmış hərbçilərinin cəsədlərini çıxarmağa imkan vermir.
Qədim zamanlardan bəri qarşıduran tərəflərin döyüşünün nə qədər qanlı olmasına baxmayaraq, Günəşin batmasından sonra döyüş meydanında qalmış ölən və yaralıların yığılması qəbul edilmişdi. Məgər qədimliyini iddia edən ermənilər bu ənənə barədə bilmirlər?»
General qeyd edib ki, bizi qaniçənlikdə, vəhşilikdə, insana nifrətdə ittiham edən ermənilər özləri döyüş meydanında həlak olanlara hörmətlə bir araya sığmayan ən alçaq əməllərə kimi yuvarlanıblar: «Hətta ATƏT-in Minsk Qrupunun həmsədrlərinin müraciəti də onlara təsir etmir. Hərçənd, İrəvan özünün bütün rəsmi bəyanatlarında onların qərarlarının yerinə yetirilməsinə sadiqliyini qeyd edir.
Yaxşı, indi bu «şanlı» erməni ordusu kiminlə döyüşür? Onların «sərhədlər»inə hücum edən mifik Azərbaycan qoşunları ilə, yoxsa həlak olan, amma öz borcunu sonadək yerinə yetirmiş və düşmənin cinayətkar planını pozmuş döyüşçülərlə? Ermənistanın cinayətkar rejimi cəbhədə istənilən planlaşdırılmış təxribat ətrafında hay-küy salmaqla, Azərbaycanın «aqressiyası»na dair mövcud olmayan faktlar barədə saxta məlumatlar yaymaqla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiki vəziyyətində status-kvonu qoruyub saxlamağa, Azərbaycan ərazilərinin işğalına görə məsuliyyətdən yayınmağa və döyüş əməliyyatlarının bərpasına görə öz günahını «xəstə başdan sağlam başın üstünə» atmağa çalışır».