«Bu məni çox kədərləndirdi. Müşfiq talecə bədbəxt insan idi, amma şair kimi çox xoşbəxt idi. Cəmi 29 il yaşayıb, amma yaratdıqları mahnılarda, könüllərdə yaşayır. Hələ də bir çox insanlar onun şərəfinə uşaqlarına Müşfiq adı qoyurlar. Bu el məhəbbətidir. Belə bir şairin heykəlinə toxunmaq olarmı?
Müşfiqin heykəlini dağıtmaq ruhsuz, duyğusuz, qədirbilməz insanların işidir. Çox təəssüf ki, indi söz, mədəniyyət maddiləşib. Müşfiqin heykəlini dağıtmaqmı olar?! Bunu edənlər mütləq cəzalarını almalıdırlar», - deyə M.Yaqub bildirib.
Qeyd edək ki, M. Müşfiqin heykəli «Azəravtoyol» ASC tərəfindən Mədəniyyət və Turizm Nazirliyinin icazəsi olmadan qoparılaraq götürülüb. Nazirlik bununla bağlı məhkəməyə müraciət edəcəyini desə də, «Azəravtoyol» ASC heykəli yenidənqurma işləri ilə əlaqədar müvəqqəti olaraq anbarda saxladığını və təmirdən sonra bərpa edəcəyini açıqlayıb.