Lakin bankın yeni rəhbərliyi bir neçə il müddətinə verilmiş bu kreditlərin vaxtından əvvəl qaytarılmasını tələb edir. Səbəb kimi kredit müqaviləsinin bir şərtinə istinad edilir. Həmin şərtə görə kreditin qaytarılmaması nəticəsində banka zərər dəyməsi ehtimalı yarandıqda, bank kreditin vaxtından əvvəl qaytarılmasını tələb edə bilər.
Halbuki sadə hesablamalar da göstərir ki, kreditin qaytarılmaması nəticəsində banka zərərin dəyməsi sadəcə mümkün deyil. Məsələn, ötən ilin iyunun 23-də müştəri banka 100000 dollar (həmin dövrdəki 1 dollar=1,53 manat məzənnəsi ilə 153000 manat ekvivalenti) əmanət qoyub və 114000 manat kredit götürüb. Beləliklə də kreditin əmanətə nisbəti 75 faiz idi. Bu gün isə 1 dollar 1,74 manatdır. Başqa sözlə, kreditin məbləği 114000 manat olduğu halda təminat kimi yerləşdirilən əmanətin ekvivalenti 174000 manatdır. Yəni kreditin əmanətə nisbəti 65 faizə düşüb.
Göründüyü kimi, ötən müddət ərzində kreditin əmanətə nisbəti təminatı daha da etibarlı edib. Buna görə də bank üçün hər hansı mümkün zərərdən söhbət belə gedə bilməz.
Bununla belə bank 3 gün (!) ərzində kreditin təcili bağlanmasını tələb edir. Əks təqdirdə, müştəriləri nəinki kreditin əmanətdən tutulması ilə, həmçinin hüquq-mühafizə orqanlarına (?) şikayətlə hədələyir!
Bu, misli görünməyən quldurluq və dərəbəylikdir! Söhbət dövlət bankı tərəfindən vəziyyətindən sui-istifadə edərək, müqavilə öhdəliklərinin kobud pozulmasından gedir! Belə ucuz hərəkətə (oyun qaydalarının birtərəfli dəyişdirilməsinə) indiyədək nəinki heç bir yerli bank, heç ABB-nin qovulan sabiq rəhbərləri də yol verməmişdi. Təəssüf ki, buna ümidlər bəslədiyim və vaxtilə bir yerdə çalışdığım şəxslər gedir. Görünən odur ki, onlar hələ də özlərini satıcı («front office» əməkdaşları) kimi hiss edir və ölkənin ən iri bankının böhran meneceri olduqlarının fərqində deyillər.
Nəticədə bank sisteminə ağır zərbə vurulur! ABB belə edirsə, bundan sonra kim banka əmanət qoyar, bankdan kredit götürər, sistemə etimad edər? Nəhayət, bankın bu hərəkəti açıq-aşkar kəskin devalvasiya anonsudur: manatı yığıb dollara çevirmək istəyir ki, devalvasiyadan qazansın. Görünən odur ki, bunun manatın süni şəkildə bahalaşdırılması dövründə olması da təsadüfi deyil. Dəfələrlə dediyim kimi, manat həqiqətən möhkəmlənirsə, banklar niyə manatla kredit vermir? Bu halda isə ABB nəinki vermir, verdiyini də qanunsuz geri alır və bununla da manata etimadı tam sarsıdır…