Vaxt.Az

Ermənilər xoflanıb


 

«Müharibəyə hazır deyilik: başlasaq, uduzacağıq»

Ermənilər xoflanıb Dağlıq Qarabağ münaqişəsi zonasında son günlər yaşanan olaylar, Ermənistan silahlı qüvvələrinin cəbhə xəttinin bir neçə istiqamətindən hücuma keçmək cəhdləri və ağır cavab alaraq geri çəkilmələri rəsmi İrəvanın aqressiv planlarının arxivə yollanmadığını göstərir. Ermənilər işğal etdikləri ərazilərdən irəliləməyə, ordumuzun mövqelərini ağır və reaktiv artilleriya sistemlərindən, iriçaplı minaatanlardan və pulemyotlardan atəşə tutmaqla yeni mövqelər qazanmağa çalışırlar.

Düşmənin burnu ovulur, o, hər dəfə geri çəkilir.

Baş verənlər Ermənistanda təlaş yaradıb.

Ermənistanın «Birinci İnformasiya Kanalı»nın (1in.am)  saytında erməni analitik Musa Mikaelyanın «Yeni savaş gözləntisində» adlı məqaləsi dərc olunub.

Məqaləni qısa ixtisarlarla təqdim edirik:

«Dağlıq Qarabağ münaqişəsi zonasında yeni savaşın başlanması istisna deyil. Daha doğrusu, bu ehtimal çox artıb. Savaşın başlanma mümkünlüyü ilə bağlı ya müzakirələri dayandırmaq, danışmamaq, ya da bərkdən danışmaq gərəkdir. Ermənistanda isə səbəb olanda müzakirələr başlayır, sonra səbəbin aktuallığı zəifləyən kimi müzakirələr də dayanır. Bu, uzun illərdən bəri sürəkli olaraq yol verdiyimiz ən ciddi siyasi-ictimai səhvlərimizdən biridir. Həmin səhvin mahiyyəti nədədir? Ermənistanda hakimiyyəti qəsb etmiş qrup və ya klan cəmiyyəti total şadyanalığa düçar edib. Hakimiyyət vətəndaşlara təlqin edir ki, savaşla bağlı məsələlər məhz onun səlahiyyətindədir, məsuliyyəti çərçivəsindədir və bu problem o qədər ağırdır ki, sən demə, hakimiyyət həmin yükü erməni cəmiyyətinin, erməni xalqının çiyinləri üzərinə qoymaq istəmir. Bu yolla dövlətin təhlükəsizliyi üçün çox mühüm məsələdə ictimai müqavimət məhv olundu. Hakimiyyət təkbaşına manevr etmək imkanı qazandı və bu məsələdə genişmiqyaslı, pərdəarxası oyun aparmaqla yanaşı, savaş qorxusu vasitəsilə cəmiyyəti idarə etmək rıçaqlarına yiyələnib.

Etiraf etməliyik ki, Ermənistan cəmiyyəti hakimiyyətin bəyanatlarına, sosial şəbəkədə səslənən «cəsur» açıqlamalara rəğmən Dağlıq Qarabağda yeni savaşdan qorxur.

Məhz bu səbəbdən indi Ermənistanın savaşa hazır olması və ya savaşa başlamaq iqtidarında olması ilə bağlı fikirlər əksəriyyət etibarilə irrasional səciyyəli olaraq daxili siyasət diskursunun bir hissəsi deyil. Halbuki Dağlıq Qarabağda bitməmiş savaş kimi problemi olan ölkədə belə diskurs qaçılmaz olmalıydı.

Burada savaşın perspektivlərini effektiv anlamağa imkan verən effektiv qavram, şüur önəmli məsələdir.

Əgər ölkə uzun müddət savaşla sülh arasındadırsa və ən başlıcası, həmin problemin bu yaxınlarda çözüm yolları görünmürsə, onda cəmiyyəti bu diskursdan çıxarmaq olmaz. Yaxud da diskursun özü ictimai-siyasi gündəmdən çıxarılmalıdır.

Halbuki ictimai-siyasi şüur, kütləvi fikir sağlam, rasional, məntiqi müzakirələr aparmalı, hərbi strategiya məsələsində diskussiya ilə məşğul olmalıdır.

Unutmamalıyıq ki, savaş köpək kimidir: nə qədər ondan qorxursansa, o sənə o qədər yaxınlaşır. Bizdə savaşdan qorxan yox, savaşa hazır cəmiyyət olmalıdır.

Bundan başqa, savaş anlayışının özünü genişləndirmək lazımdır. İnsanlara anlatmalıyıq ki, savaş sadəcə döyüşlər, atəşlər və qurbanlar, itkilər deyil. Savaş ümumiyyətlə, situasiya, vəziyyət, dövlətin həyatı, ictimai yaşam, məişətdir. Savaş hərəkət yox, vəziyyətdir.  Ermənistan indi belə vəziyyətdədir. Di gəl insanların başlarını qatırlar, müxtəlif primitiv, bəsit siyasi oyunlarla, əyləncələrlə aldadırlar, süni və saxta gündəmlərlə beyinləri zəbt etməyə çalışırlar. Ermənistan prezidenti Serj Sərkisyan bu minvalla mənhus və murdar siyasətini sivil formada göstərmək istəyir. Ermənistandakı siyasi tabanda və hakimiyyət sistemində olanların əksəriyyəti nadir istisnalar olmaqla cəmiyyəti savaş vəziyyətindən ayırmağa çalışır. Onların məqsədi belə yanlış şüurdakı cəmiyyətin daha asan idarə olunması üçün zəmin yartamaqdır.

Qorxaq və müti cəmiyyət hakimiyyətdən nəyinsə hesabını tələb edə bilmir, edə bilməz də. Belə cəmiyyət hakimiyyətdən savaş situasiyasına, müharibə vəziyyətinə uyğun davranış, ədalət, bərabərlik tələb edə bilməz.

Halbuki müharibə vəziyyətində bu anlamlar o qədər vacibdir ki, onlar olmadan cəmiyyət çökür, insanın vətəndaşlıq səviyyəsindən tənəzzül etməsi sadəcə, vaxt məsələsinə çevrilir. Ermənistandakı hakim elita elə əxlaq və davranışla, elə şəraitdə yaşayır, istirahət edir ki, sanki müharibə vəziyyəti yoxdur.

Biz bədbəxtik, çünki situasiyanı əsla idarə edə bilməyən zavallı, yarıtmaz hakimiyyətimiz var.

Və bütün bu deqradasiyanın nəticəsində indi Ermənistanda hərbi diskursun yerinə savaş qorxusu, təlaş var. Qorxu Dağlıq Qarabağda mümkün savaşın perspektivləri, gedişatı və strateji qərarlarla bağlıdır. Çoxları savaşla bağlı məsələləri ictmai hesab etmir. Ermənilər deyirlər ki, ordu var, savaş barədə düşünməli olan qurumlara malik dövlət var.

Bütün bunlar anlaşılandır. Amma problem psixologiyada, mühitdə, düşüncə tərzindədir. Dövlət qurumları konkret hərbi əməliyyatlar üçün effektiv ola bilər. Amma bundan əvvəl müvafiq ab-havanı yaratmalıyıq. Söhbət haray-həşir salmaqdan, səhərdən-axşamadək Azərbaycanı hədələməkdən və ya «zərurət yaranarsa, Bakını alarıq» tipli sarsaq bəyanatlardan getmir. Söhbət savaşın nə olduğunu anlayan, dərk edən dövlətçiliyini qorumağı bacaran cəmiyyətdən gedir.

Belə cəmiyyət isə hələ yoxdur.  Bizim cəmiyyət dəvəquşu kimi başını quma gömüb.

20 ildən bəri davam edən savaş situasiyası isə bizim müharibəyə əsla hazır olmadığımızı göstərir».

 





28.02.2017    çap et  çap et