Vaxt.Az

Aygün Muradxanlıdan AXCP sədrinə müraciət


 

Əli Kərimlinin müşavirinin oğlu başda olmaqla partiya üzvləri məşhur jurnalisti təhdid və təhqir edib

Aygün Muradxanlıdan AXCP sədrinə müraciət Ölkədə təhlükəsizlik tədbirlərinə diqqət çəkmək məqsədi daşıyan və qısa zaman sonra sildiyim statusumla bağlı üzərimə gələnlər oldu. Dəyərli qələm yoldaşlarım narahatlıqlarını belə bir müraciətlə ifadə ediblər. Dəstək verən hər kəsə təşəkkür edirəm. Qoşulmaq istəyənlər adlarını əlavə etsin, lütfən.


Azərbaycanda fəaliyyət göstərən jurnalistlərin AXCP sədri Əli Kərimliyə 

MÜRACİƏTİ


Azərbaycan Xalq Cəbhəsi bu ölkənin ikinci dəfə müstəqillik qazanmasında müstəsna rolu olan, milli-azadlıq hərəkatına rəhbərlik etmiş təşkilat olub. Bu ölkəyə ilk demokratik seçki ab-havasını da məhz bu təşkilat gətirib.

Azərbaycan Xalq Cəbhəsinin ilk sədri və milli-azadlıq hərəkatının lideri mərhum Əbülfəz Elçibəy təkcə millətini sevən fədakar lider deyil, eyni zamanda, mətbuat azadlığını, fikir plüralizmini yüksəkdə tutan dəyərli demokrat idi.

Təəssüflə bildiririk ki, Əbülfəz Elçibəydən miras qalmış bu təşkilatın gənc üzvləri tanınmış jurnalisti məhkəməyə verməklə hədələyir.

Məlumat üçün bildirək ki, tanınmış imza sahibi Aygün Muradxanlı metroda gördüyü gənclərin ona şübhəli gəlməsi səbəbindən narahat olub, bununla bağlı «Facebook» səhifəsində paylaşım edib. Bir müddət sonra həmin gənclərin demokratik düşərgəyə yaxın olduğu məlumatını aldıqdan sonra həmin paylaşımı silib. Lakin məsələ burada yekunlaşmayıb. AXCP Gənclər Komitəsinin bir qrup üzvü bu paylaşıma görə Aygün Muradxanlıdan üzr tələb edib, qarşı tərəfi məsələni məhkəmədə çözməyə çağırıb. «Facebook»da davam edən müzakirələrdə həmin gənclər bu təhdidlə qalmayıb, jurnalisti və onu müdafiə edənləri təhqir ediblər.

Hörmətli Əli bəy!

Azərbaycanın tarixi keçmişində bu qədər xidmətləri olan bir təşkilatın bu səviyyəyə düşməsi, siyasi mübarizənin qaragüruhçuluq rənginə boyanması bizi üzür. Qeyd edək ki, Aygün Muradxanlının AXCP funksionerlərinə müraciətindən sonra da «demokrat gənclər» susmayıb.

Həmin təhdid və təhqir dolu rəyləri yazan şəxslər partiyanızda kifayət qədər tanıdığınız insanlardı. O gənclərdən biri sizin həbsdə olan müşavirinizin oğludur. Digəri AXCP GK-nin İdarə Heyətinin üzvüdür. Başqa biri «Azadlıq» qəzetində çalışır.

Azərbaycan jurnalistlərinin sizə bu barədə məlumat verməkdə istəkləri də odur ki, jurnalistləri hədəf alan gəncləri siyasi mübarizəyə yönəldəsəniz. Siyasi mübarizə onların anladığı kimi, mətbuat təmsilçilərini təhdid və təhqir etmək deyil.

Ümid edirik ki, müraciətimizi nəzərə alıb, həmin gənclərin başqalarının şərəf və ləyaqətinin hədəfə alınması kimi mənfi tendensiyalardan uzaq tutmağa yardımçı olacaqsınız.

Öz sıralarından beş mindən artıq şəhid vermiş bir təşkilatın üzvləri bu ölkədə demokratiyanın və fikir azadlığının bərqərar olması üçün siyasi mübarizədə fəal olması partiyanıza və cəmiyyətə faydalı olar.

P.S. VAXT.AZ Aygün xanıma qarşı təşkil edilən olaydan təəssüflədniyini bildirir və buna atalar sözü ilə reaksiya verir: «Tanrı dağına baxıb, qar yağdırır!»

 





28.02.2017    çap et  çap et