Vaxt.Az

Azərbaycanda pensiya yaşı da artırılır...


 

... iş stajı da

Azərbaycanda pensiya yaşı da artırılır... Fevralın 28-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclasında «Əmək pensiyaları haqqında» qanuna təklif edilən dəyişikliklər müzakirə edilib.

VAXT.AZ xəbər verir ki, pensiya qanununa təklif edilən 98 dəyişiklik parlament komitəsi tərəfindən qəbul edilib. Qanun layihəsi parlamentin yaz sessiyasında müzakirə olunacaq.

Dəyişikliklər əsasən, pensiyaya çıxmaqdan ötrü iş stajlarının artırılması ilə bağlıdır.

Təkliflərə görə, hakimlərdən pensiyaya çıxmasından ötrü 15, prokurorluq işçilərindən isə 35 il iş stajı tələb olunacaq. Hazırda qüvvədə olan qanunvericiliyi görə, pensiyaya çıxmaqdan ötrü hakimlərə 5, prokurorluq işçilərinə isə 25 il iş stajı kifayət edirdi.

Dəyişiklik layihəsində həmçinin, pensiyaların baza hissələrinin ləğv olunması, 110 manat minimum pensiya məbləğinin müəyyən olunması təklif edilir.

Daha bir dəyişiklik təklifi pensiya yaşının artırılması ilə bağlıdır.

Kişilərin pensiyaya çıxmaq yaşının hər il 6 aydan bir artırılmaqla 65 yaşa qaldırılması təklif edilir.

Qadınların əmək pensiyaya çıxmasında yaş həddi də 2027-ci ilə qədər hər il 6 aydan bir artırılaraq 65 yaşa çatdırılması təkliflər arasındadır.

Qeyd edək ki, hazırda Azərbaycanda qadınların pensiya yaşı 60, kişilərin pensiya yaşı isə 63-dür.

Dəyişiklik təklifləri qəbul edilərsə, 2017-ci il iyulun 1-də qüvvəyə minəcək.

 





28.02.2017    çap et  çap et