Vaxt.Az

«Qarabağ münaqişəsinə yanaşma tərzi dəyişməlidir»


 

Ekspertlər beynəlxalq təşkilatların çağırışlarından müsbət nəticə gözləmirlər

«Qarabağ münaqişəsinə yanaşma tərzi dəyişməlidir» Son günlər cəbhə xəttində yaşanan gərginlik və itkilərdən sonra beynəlxalq təşkilatlar Azərbaycan və Ermənistana çağırış edərək tərəfləri danışıqları bərpa etməyə çağırıb. BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Nyu-Yorkda keçirdiyi brifinqdə bildirib ki, BMT-nin baş katibi Antoniu Quterreş Dağlıq Qarabağda vəziyyətin gərginləşməsindən narahatdır. O həmçinin vurğulayıb ki, Antoniu Quterreş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun gərginliyin azaldılması, eskalasiyanın qarşısının alınmasına yönələn səylərini birmənalı olaraq dəstəkləyir.

NATO-nun baş katibi də Azərbaycan və Ermənistanı danışıqlar masasına qayıtmağa çağırıb. Baş katib Yens Stoltenberq bu barədə Brüsseldə Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra danışıb. Bildirib ki, gərginliyin qarşısını almaq vacibdir: «Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Biz Azərbaycan və Ermənistanı danışıqlar masasına qayıtmağa çağırırıq».

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk da Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin olmadığını deyib. O, Brüsseldə səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib ki, münaqişə tez bir zamanda beynəlxalq hüquqa əsasən siyasi yolla həll olunmalıdır: «Bu münaqişənin hərbi yolla həlli yoxdur. Avropa İttifaqı ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini dəstəkləməyə davam edir».

Həmsədr ölkələr də son hadisələrin danışıqların tezliklə bərpasının vacibliyini göstərdiyini qeyd ediblər. Bəs təmas xəttində yaşanan gərginlik, bu fonda verilən açıqlamalar, danışıqların bərpası haqda deyilənlər danışıqlar prosesinə necə təsir edəcək?

Bu haqda fikirlərini «Kaspi» ilə bölüşən politoloq Natiq Miri dedi ki, Qarabağ cəbhəsində olan gərginliklə bağlı beynəlxalq təşkilatların çağırışlar etməsi indiki vəziyyəti heç cür dəyişdirməyəcək. Çünki bu cür çağırışların arxasında heç bir ciddi niyyət və fəaliyyət dayanmır: «Çağırış edən təşkilatlardan biri və ən mötəbəri Birləşmiş Millətlər Təşkilatıdır ki, 200-ə yaxın dövlət bu təşkilatın üzvüdür. Bu təşkilatın Təhlükəsizlik Şurasında isə 20 ildən artıqdır ki, 4 qətnamə qəbul olunub. Əgər bu qətnamələr icra olunmursa, həmin BMT öz qəbul etdiyi qərara hörmət etmirsə, onun çağırışları nəyə yarayacaq? NATO-ya gəldikdə, onlar demək olar ki, Dağlıq Qarabağ münaqişəsinə ümumiyyətlə, qarışmırlar, bu prosesdə iştirak etmirlər. Buna görə də onların çağırışı əhəmiyyətsizdir və öz sifətlərini qorumaqdan başqa heç nəyə yaramır. Avropa İttifaqı da bu münaqişədə Fransa vasitəsilə iştirak edir. Fransanın mövqeyi isə hamıya bəllidir, birmənalı olaraq, Ermənistanın havadarı rolunda çıxış edir. Bütövlükdə bu münaqişəyə yanaşma tərzi dəyişməyənə qədər Dağlıq Qarabağ probleminin həlli yönündə hər hansı müsbət addımları görməyəcəyik».

Politoloqun fikrincə, təşkilatlar işğal faktorunun aradan qaldırılması üçün konkret qərarlar, qətnamələr qəbul etməli və bunu yerinə yetirməlidirlər: «Bunun üçün dərhal bu qətnamələrin icra mexanizmləri yaradılmalıdır. 93-cü ildən bəri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin qəbul olunmuş 4 qətnaməsinin hələ də icra mexanizmi yoxdur. Bu isə onu göstərir ki, əgər Azərbaycan dövləti tələb etməsə, Dağlıq Qarabağ problemi illərlə uzadılacaq. Yəni bu cür çağırışlar müsbət yöndə heç nə vəd etmir. Sadəcə, öz sifətlərini qorumaq və protokol xatirinə olan çağırışlardır. Dağlıq Qarabağ probleminə yanaşma tərzi dəyişməlidir. Nədənsə, bütün münaqişələrdə ərazi bütövlüyü məsələsi əsas götürülür. Amma Dağlıq Qarabağ probleminə gələndə, ikili yanaşma tərzi ortalığa qoyulur. Ərazi bütövlüyünə tamamilə əks olan xalqların öz müqəddəratını təyin etmə prinsipi ortalığa atılır. Halbuki bunlar bir-birini təkzib edən məqamlardır. Üstəgəl, beynəlxalq hüquqda birmənalı qeyd olunub ki, milli azlıqlar yaşadıqları ərazilərin siyasi taleyini həll edə bilməzlər. İkili yanaşma tərzi ortadan qalxmayınca, Dağlıq Qarabağ problemi beynəlxalq səviyyədə, xüsusilə də vasitəçilik yolu ilə həllini tapmayacaq. Ona görə də düşünürəm ki, artıq Azərbaycan özü proses yaratmalıdır ki, nəinki Ermənistanın havadarları, bütün dünya gücləri və beynəlxalq təşkilatlar Azərbaycanın yaratdığı prosesin arxasınca gəlsinlər. 24 ildir bizim üçün yaradılan proseslərin arxasınca sürünmüşük və münaqişə həllini tapmayıb. Biz tədricən gücümüzü göstərdikcə və hər dəfə proses yaratdıqca, dərhal beynəlxalq təşkilatlar, eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri aktivləşəcək və Dağlıq Qarabağ problemi xarici siyasətdə bir prioritetə çevriləcək. Əks təqdirdə, yenə də onillər boyu bu prosesin arxasınca sürünəcəyik».

Politoloq Elxan Şahinoğlu bildirdi ki, prezident İlham Əliyev bir neçə il əvvəl belə bir sualı gündəmə gətirmişdi - Ermənistan hərbçisinin Ağdam və Füzulidə nə işi var? Bu sualın mənası o idi ki, Azərbaycan ordusu Dağlıq Qarabağın işğalı ilə barışmayacaq və Ermənistan ordusuna təzyiqi artıracaq: «Ermənistan hakimiyyəti işğal altında saxladığı rayonlardan şantaj məqsədilə istifadə edir. Şantaj bundan ibarətdir - Azərbaycan əvvəlcə Dağlıq Qarabağın statusunu müəyyənləşdirən referenduma razılaşsın. Bu, münaqişənin «paket həll» variantıdır ki, rəsmi Bakı bu prinsipi heç zaman qəbul etməyəcək. Çünki statusu müəyyənləşdirəcək referenduma bəri başdan razılaşmaq gələcəkdə Dağlıq Qarabağın müstəqilliyinə yol açacaq. Bakının «Dağlıq Qarabağ Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində öz müqəddəratını müəyyənləşdirən referendum keçirə bilər» prinsipini isə İrəvan qəbul etmir. Cəbhə xəttindəki son gərginliyə gəlincə, işğal davam etdikcə, Ermənistanı və Dağlıq Qarabağı rahatlıq gözləmir».

E.Şahinoğlunun fikrincə, «atəşkəsi biz pozmamışıq» deməklə müdafiə mövqeyinə keçməyin əhəmiyyəti qalmayıb: «Həmsədr dövlətlər Ermənistan hakimiyyətinə «mərhələli həll» planını qəbul etdirib, Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmaq istəmirlər. Belə olan halda, müharibə davam edəcək. Bir il öncə Azərbaycan ordusu strateji Lələtəpə yüksəkliyini işğaldan azad etdi, bundan sonra «Qayıdış» proqramının (Dağlıq Qarabağ və ətraf rayonlardan olan məcburi köçkünlərin geri qaytarılması) tərkib hissəsi kimi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tikinti işləri başladı. Məqsəd 25 ildən sonra məcburi köçkünləri Cocuq Mərcanlıya qaytarmaqdır. Azərbaycan cəmiyyəti bu uğurların davamını istəyir».

 





02.03.2017    çap et  çap et