Vaxt.Az
Britaniyalı deputatdan jest
Penni Mordaunt Azərbaycana silah ixracatına qoyulmuş qadağanı yumşaltmağa çağırır
«Biz üzünü Qərbə tutmuş ölkələrlə körpü yaratmalıyıq. Onların Qərb yönümlü olmalarını, öz cəmiyyətlərində demokratiya, insan hüquq və azadlıqlarının inkişaf etdirilməsini, həmçinin birgə təhlükəsizliyimizlə bağlı səylərini dəstəkləməliyik. Azərbaycan belə ölkələrdən biridir».
Avropa Azərbaycan Cəmiyyətindən (AAC) APA-ya verilən məlumata görə, bunu, Böyük Britaniya parlamentinin deputatı, Müdafiə və Silah İxracatına Nəzarət Komitəsinin üzvü, xanım Penni Mordaunt (Penny Mordaunt) deyib.
P.Mordaunt bildirib ki, Azərbaycan beynəlxalq sülhməramlı əməliyyatların fəal iştirakçısıdır və bu məqsədlə İraq, Kosovo və Əfqanıstana öz qoşunlarını yollayıb: «O, həmçinin Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin təchizatının daşınması üçün ən vacib tranzit ölkəsi olub, 2014-cü ildə Böyük Britaniya qoşunlarının və hərbi texnikasının Əfqanıstandan çıxarılması zamanı yenə də əsas tranzit ölkəsi rolunu oynayacaq. Ağır hərbi texnika Qazaxıstandan keçəcək və bərə vasitəsilə Xəzər dənizindən Bakıya, oradan isə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Türkiyəyə daşınacaq. Bu, Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında bir körpü kimi önəmliyindən xəbər verir».
Deputat qeyd edib ki, Böyük Britaniya həm Azərbaycan, həm də BP şirkəti vasitəsilə Xəzər dənizində ciddi mühafizəyə ehtiyacı olan qiymətli mülkə sahibdir: «Azərbaycan bu platformaları qorumaqdan ötrü döyüş gəmiləri almaqla, öz dəniz güvənliyini gücləndirmək arzusundadırsa, zənnimcə, onlara Britaniya gəmilərini almağa şərait yaradılmalıdır. Bu baxımdan sırf donanma gəmiləri, daha dəqiq desək, dəniz patrul gəmiləri ilə bağlı Azərbaycana olan silah satışı qadağasının yumşaldılmasını istəyərdim. Dəniz patrul gəmilərinin satışı bizim marağımızdadır. Bu, təkcə Xəzər dənizindəki neft qurğularının, kəmərlərin və gəmilərin mühafizəsi baxımından deyil, həm də qeyd olunan gəmilərin ixracatının artımı bizim donanmamız üçün sərf olunan maliyyə xərclərini azaldar. Bu kimi sövdələşmənin Azərbaycanla münaqişədə olan Ermənistana heç bir təsiri olmayacaq. Biz Azərbaycana tətbiq etdiyimiz hərbi texnika təchizatı ilə bağlı qadağa siyahısını bir daha nəzərdən keçirməliyik. Böyük Britaniya və Azərbaycanın milli təhlükəsizliyinə xidmət edəcək və Dağlıq Qarabağ münaqişəsində istifadə olunmayacaq texnikanı həmin siyahıdan çıxarmalıyıq. Eyni dəlili Azərbaycan dəniz zabitlərinin təlimi məsələsinə tətbiq etmək olar. Bu kimi təlimlər yalnız və yalnız bizim silahlı qüvvələrimiz arasında olan hərbi əməkdaşlığı gücləndirəcək».
06.11.2013 çap et