Hazırda Mikayıl Müşfiqin abidəsini yol çəkilməsi ilə əlaqələndirib sökənlər də eyni iradlarla qınanır. Həm də daha kəskin formada. Hadisəyə «vəhşilik», «vandallıq» kimi möhürlər vurulur. İctimai qınağın böyüyüb daha geniş dairələri əhatə etməsinə səbəb həm də abidənin sökülməsi ilə bağlı əlaqədar qurumlar tərəfindən doğru-düzgün informasiyanın vaxtında verilməməsi oldu. Gah «ərazidə təmir işləri aparılır, abidəni bərpa edib yerinə qoyacağıq» dedilər, gah «Sovetski»də salınacaq yeni parkın mərkəzində Müşfiqin abidəsi ucaldılacaq» söylədilər. Sonda da «Azəravtoyol»un üç əməkdaşının rəhbərlikdən xəbərsiz halda abidəni sökdüyü və onların cəzalanması, birinin isə işdən çıxarılması» ilə bağlı xəbərlər çıxdı meydana. Bir-birini təkzib edən, biri-biri ilə uzlaşmayan informasiyalar isə böyük şairin abidəsinə olan anlamsız münasibəti ortaya qoydu. Abidənin aidiyyəti dövlət orqanları ilə razılaşdırılmadan söküldüyü üzə çıxdı. Mədəniyyət və Turizm Nazirliyi, Abidələrin Mühafizəsi İdarəsi öz növbəsində abidənin sökülməsindən xəbərsiz olduqlarını açıqladılar. Ölkə başçısı da məsləyə laqeyd qalmadı: «Hadisə arasdırılmalı, abidəni sökənlər layiqli cəzalamdırılmalıdır», - dedi.
Elə qeyri-maddi nəsnələr var ki, onlar maddi şeylərdən çox dəyərlidir. Bu dəyərlər milli özünüdərki formalaşdırır. Bunu yalnız milli mədəniyyətin nə qədər önəmli olduğunu anlayan təhsilli və mədəni insanlar başa düşə bilər. Cahil adam bu dəyərin qiymətini anlamırsa, bunu ona söyləməyin heç bir mənası yoxdur. Ancaq bu, heç də onlarla qanunların dili ilə danışmamaq anlamına gəlmir. Çox təəssüf ki, bəzi çinli məmurlar mədəni abidələrin nə demək olduğunu, onun itkisinin dövlət üçün nə qədər ağır başa gəldiyini dərk eləmirlər. Dərk eləsəydilər, nə tarixi abidələrə, nə kitabxanalara, nə də digər mədəni obyektlərə əl uzadardılar. Mənəvi dəyərlərin nə demək olduğunu bilənlər isə onları məsələn, Leninqrad blokadası zamanı xilas etməyə çalışanlar - «Ermitaj»ın eksponatlarını bombardmandan qorumaq üçün zirzəmiyə daşıyanlar, Tretyakov qalereyasının portretlərini, Təsviri İncəsənət Muzeyinin, Şərq Mədəniyyəti Muzeyinin, Yeni Qərb İncəsənəti Muzeyinin eksponatlarının evakuasiyasını və demontajını həyata keçirib müharibənin bombardmanından xilas etmək üçün eşalonlarla Novosibirskə yola salanlardır. Bu cür faktlar minlərlədir. Mikayıl Müşfiqin büstü söküləndən sonra gəldiyim qənaət həm də budur: şairin büstünə əl qaldıranlar onun şeirinin bircə sətrini də oxumayanlardır. Şairin nakam, faciəli taleyindən xəbərsiz olanlardır. Şeirin, sənətin nə demək olduğunu anlamayanlardır.
İctimai qınaqlardan və ölkə prezidentinin məsələyə müdaxiləsindən sonra abidənin yerləşdirildiyi yerə baş çəkən əlaqədar qurumların nümayəndələrinin uzun-uzadı müzakirəsi «Mikayıl Müşfiqin büstünün həmin ərazidə, əvvəlki görkəminə heç bir xələl gəlmədən quraşdırılacağı» ilə bağlı qərarı ortaya çıxardı. Xoşagələn məqam isə budur ki, «Sən Müşfiqin yanında qal...»- deyə yazan şairə sevgi insanları onun başına cəm etdi. Bu, mədəni irsimizə, tariximizə, milli-mənəvi dəyərlərə, poeziyaya sevgi idi.
Baş verən hadisə heç bir halda «oldu, keçdi» deyə yaddan çıxmamalıdır. Abidənin sökülməsi ilə bağlı qınaqlar və cəzalar görk olmalıdır ki, milli dəyərlərə uzanan əllər birdəfəlik kəsilsin...