Xatırladıram ki, 1550 manat borcu bank borcludan deyil, nədənsə yalnız zamindən tələb edir və onu həbs etdirmək istəyir. Zamin hətta borc edib 50 manat da ödəyib ki, ondan əl çəksinlər. Amma çəkmirlər.
İclasda mən ilk növbədə icra məmuruna suallar verdim:
- Tərtib etdiyiniz protokolda vətəndaşa dəfələrlə şifahi xəbərdarlıq etdiyinizi yazırsınız. Konkret nə vaxt xəbərdarlıq etmisiniz?
- Yadımda deyil.
- Həmçinin yazırsınız ki, vətəndaş ödənişi qərəzli olaraq həyata keçirmir. Qərəz nədən ibarətdir? Bunu necə müəyyən etmisiniz?
- Ödəmir də. Bu qədər vaxtı olub.
- Daşınmaz Əmlakın Dövlət Reyestrinə və Daxili İşlər Nazirliyinə adına daşınmaz əmlakın və avtomobilin olması haqda sorğu vermisiniz?
- Bəli.
- Cavab var?
- Xeyr.
- Sorğularınız işin içində var?
- Xeyr.
- Bəs vətəndaşın əmlak vəziyyətini necə müəyyən etmisiz?
- ...
- Protokolda yazırsız ki, vətəndaşın əmək haqqı yoxdur, işsizdir. Fikrinizcə, belə olduğu halda pulu necə ödəməli idi? Adam öldürməli, oğurluq etməli idi?
- Xeyr.
- Banklarda pulunun olması haqda sorğu vermisiz?
- Bizim sorğulara ancaq 4 bank cavab verir.
- Uzağa getmək lazım deyil. Elə «Expressbank»da hesabında 1000 manat pul var. Bunu niyə müəyyən etməmisiniz?
Bu anda bankın Orxan adlı hüquqşünası qışqırmağa başladı ki, bu yalandır, bankda vətəndaşın əmanəti yoxdur və sənəd təqdim etməyi tələb etdi. Mən sənəd təqdim edəndə isə başladı ki, bu, əmanət deyil, cari hesabdır və vətəndaşın digər öhdəliyi üçün saxlanılan puldur. Bunun ətrafında xeyli mübahisə getdi və hakim bildirdi ki, hesabda pul varsa, bank oradan tutsun, vəssalam, işə xitam verirəm, qalan pulu bilavasitə borcludan tutun. Bankın hüquqşünası dedi ki, məsələni bankla araşdırmalıdır. Hakim ona banka zəng etməyə icazə verdi və zaldan telefonla (vəkil olmaya-olmaya binaya telefonla necə daxil olduğu mənə qaranlıq qaldı!) çıxdı və 10 dəqiqəyə dönüb dedi ki, bəli, pul var, amma qoy vətəndaş söz versin ki, onu bu borca yönəldilməsinə etiraz etmir və banka gəlib ərizə versin. Əslində, buna heç bir ehtiyac yoxdur. İcra məmuru həmin pulu məcburi də tuta bilər. Amma vətəndaş təbii, dedi ki, elə günü sabah gəlib bunu edər və dəfələrlə banka bunu təklif etmişdi, amma bank onunla digər mübahisəsi olduğu üçün etmirdi.
Bundan sonra bankın hüquqşünası hakimə «Expressbank»ın adının mənim tərəfimdən «Facebook»da hallandırılmasına etiraz etdi. Hakim dedi ki, burada sosial şəbəkələrdəki çıxışlara qiymət verilmir. Bankın hüquqşünası dedi ki, mən bu işin bankın sifarişi ilə olduğunu yazmışam, amma əslində hər hansı şəxsi-qərəzlik yoxdur. Amma hakim özü də etiraf etdi ki, «icra məmuru nə etsin, bank Ədliyyə Nazirliyinə şikayət edib deyə icra məmuru bu işə başlayıb». Yəni işin məhz bankın sifarişi ilə olduğu tam üzə çıxdı. Mən isə bildirdim ki, şəxsi-qərəzlik yoxdursa, niyə bank pulu borcludan deyil, məhz zamindən belə canfəşanlıqla tələb edir, onu tutdurmaq istəyir?!
Bundan sonra mən ümumən bildirdim ki, borca görə həbs Avropa Konvensiyasına ziddir və bizim qanun da yalnız üzrsüz səbəbdən məhkəmə aktının icra edilməməsinə görə həbsi ehtiva edir, təqsirin olması, üzrün olmaması icra məmuru tərəfindən sübut edilməlidir. Borca görə şəxsi məsuliyyət qədim dövrlərdə olub, Avropada hazırda yeganə dövlət bizik ki, borca görə həbs edirlər. Amma mən hətta bununla da razılaşardım, əgər bu sanksiya hamıya qarşı tətbiq edilsəydi. 10-dan çox bank müflis olub, orada insanların, şirkətlərin pulu batıb, niyə həmin bank sahibləri də həbs olunmur? «Expressbank»a yaxın olan «Azərenerji»nin milyardlarla borcu var, niyə onun rəhbərliyi həbs olunmur? Bütün banklarda, Expressbank daxil olmaqla minlərlə problemli kredit var, niyə banklar hamıdan borcu tələb etmir? Ona görə ki, xeylisini öz yaxınlarına veriblər.
Bu anda bankın hüquqşünası dedi ki, «Bankın rüşvət aldığını dediyinizə görə, biz haqqınızda başqa işə başlayacağıq». İclasın ən gülməli anı məhz bu oldu! Mən də, hakim də dedik ki, axı mən «rüşvət» sözünü işlətmədim!!! Yəni mən bir şey deyirəm, bank işçisi bankın rüşvətxor olduğunu eşidir. Görəsən niyə???
Nə isə, bununla da iclas martın 9-na saat 10.00-a təxirə salındı. Hakim dedi ki, bank həmin vaxtadək 1000 manatı hesabdan silsin, qalan borcu borcludan tələb etsin, vəssalam!
P.S. Mən bir daha borclulara müraciət edirəm. Borcu ödəyə bilmirsinizsə, qorxmayın, sizə heç nə edə bilməzlər. Bəli, bəzən qanunsuz həbslər olur, bununla da mübarizə aparırıq. Həbs təhlükəsi yarandıqda, bizə xəbər edin. Həbs baş verdikdə belə, qohumlarınız bizə xəbər etsin ki, şikayət edək və işi Avropa Məhkəməsinə göndərək. Artıq bir neçəsini göndərmişik. Sadəcə nə qədər çox göndərsək, ən azı bir işə tez baxıb presedent yaradarlar və bununla da bu barbarlıq bitər!