Müsahibədəki fikirlərə Milli Məclisin Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri, filologiya elmləri doktoru, professor Nizami Cəfərov da münasibət bildirib. N.Cəfərov virtualaz.org saytına deyib ki, Arif Rəhimzadə tarixi dərindən bilir və Azərbaycan xalqının türk xalqlarından biri olduğundan xəbərdardır.
«Arif Rəhimzadənin müsahibəsi hay-küy yaradıb. Arif müəllim tarixi dərindən bilir. O, həmişə tarixi faktlara əsaslanıb danışır. Amma bu dəfəki müsahibədə ifadəsi anlaşılmazlıq yaradıb. Arif Rəhimzadə çox gözəl bilir ki, Azərbaycan xalqı da türk xalqlarından biridir», - N.Cəfərov əlavə edib.
N.Cəfərovun sözlərinə görə, ruslar Azərbaycan türkləri ilə Türkiyə türklərini çoxdan fərqləndiriblər. Bu tarixi mənbələrdə də əksini tapıb. «Azərbaycanlılara «tatar» deyilməsi də düzgün deyil. Bu fikrə ziyalılarımız etiraz ediblər. Birmənalı olaraq biz türkük», - deputat qeyd edib.
Ermənilər üçün isə Türkiyə türkləri ilə Azərbaycan türkləri arasında fərq qoyulmayıb: «Ermənilər heç vaxt türklər arasında fərq qoymayıblar. Onlar üçün fərqi yoxdur, Anadolu, Osmanlı, Azərbaycan, yaxud İran türkü-hamısına qarşı düşmən mövqeyindədirlər. Hamımız türk mənşəliyik. Arif Rəhimzadənin ifadəsi düşgün qoyulmayıb».