Gürcüstanın Qərbə inteqrasiyası prosesində sürətlənmə göz önündədir. Bunun əsas səbəbi Rusiya-Qərb münasibətlərində yaranmış böhranın sonu görünməyən mərhələyə daxil olması ilə bağlıdır.
ABŞ-da Rusiya əleyhdarlığı az qala hər gün, hər saat şiddətlənir. Hazırda Vaşinqtonda hökm sürən ab-hava «soyuq müharibə» dövründən çox az fərqlənir. Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi və seçki öncəsində Trampın bəzi komanda üzvləri ilə şübhəli əlaqələr qurması Konqresdə olduqca aqressiv atmosferin yaranmasına səbəb olub. Sanksiyaların ləğvi ehtimalı tamamilə gündəmdən çıxıb, Reyqan zamanının xatırladan bəyanatlar səslənir, Senat və Nümayəndələr Palatasının komitələrində Makkarti dönəmini xatırladan araşdırmalar gedir.
Avropa isə gec də olsa, anlayıb ki, öz içərisindəki populist-faşist cərəyanlar artıq alternativ siyasi xətt olma məsumluğundan çıxaraq 5-ci kolon rolunu oynamağa və ənənəvi institutları, liberal-demokratik düzəni real şəkildə sarsıtmağa başlayıb. Fransada prezident seçkiləri öncəsi Rusiyaya yaxın namizədlərin «vurulması» mühüm gəlişmədir.
Bütün bunlar onu söyləməyə əsas verir ki, Qərb Moskvanın israrının əksinə olaraq, postsovet məkanını Rusiyanın nüfuz dairəsi kimi tanımayacaq. Bu, Gürcüstan, eləcə də Ukrayna üçün şansdır.
Gürcüstan yaranmış əlverişli geosiyasi durumdan yararlanmağa çalışır.