Vaxt.Az
«Quantanamo» bağlana bilər
Həbsxanada terrorizmdə günahlandırılan 164 nəfər cəza çəkir
ABŞ prezidenti Barak Obama terrorçuların saxlanıldığı Quantanamo həbs düşərgəsinin bağlanması məsələsini yenidən gündəmə gətirib. Amerika lideri həbsxananın bağlanması və məhbusların cəzalarını başqa yerdə çəkməsi üçün köçürülmələrinə lazımi vəsaitin ayrılması tələbi ilə Konqresə müraciət edib.«Prezident Quantanamo həbsxanasının bağlanması məsələsini yenidən qaldırıb və Quantanamodakı məhbusların təhvil verilməsində iştirak edən xüsusi təyinatlılara dəstəyini ifadə edib»,-deyə Ağ Evin mətbuat xidmətindən məlumat verilib.
Daha öncə Birləşmiş Ştatlar rəhbəri Quantanamonun bağlanması məsələsini Dövlət Departamenti və Pentaqon nümayəndələri ilə də müzakirə edib.
Hazırda 2001-ci il 11 sentyabr hadisələrindən sonra yaradılan Quantanamo həbs düşərgəsinin nəzdində yaradılan həbsxanada terrorizmdə günahlandırılan 164 nəfər cəza çəkir. Onların yarıdan çoxu gələcək istintaq işi üçün ölkələrinə təhvil verilə bilər.
2008-ci ildə hələ namizəd ikən Obama 2010-cu ildə Quantanamo həbsxanasının bağlanacağına söz verib. Ancaq 2011-ci ilin martında o, terrorizmdə günahkar bilinənlərə qarşı hərbi məhkəmələri bərpa edib. Ağ Ev rəhbəri həmçinin ABŞ təhlükəsizliyinə ciddi təhlükə yaradan şəxslərin heç bir ittiham irəli sürmədən və qeyri-müəyyən müddətə Quantanamoda saxlanılmasına icazə verən xüsusi sənədə imza atıb.
2013-cü ildə isə Obama həbsxananın fəaliyyətini qeyri-effektiv hesab etsə də, iyunda keçirilən səsvermə zamanı Konqres üzvləri bu qərarı dəstəkləməyib.
06.11.2013 çap et