Vaxt.Az

İrandan Naxçıvana atəş açıldı


 

Sərhəddə işləyən traktorda 7,62 mm-lik güllə izləri aşkarlanıb

İrandan Naxçıvana atəş açıldı Dünən axşam saat 18.15 radələrində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dəmirçi kəndi yaxınlığında Araz çayında sahilbərkitmə işlərini aparan traktora İran İslam Respublikası ərazisindən 2 nəfər hərbi geyimli şəxs atəş açıb.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyindən verilən məlumata görə, həmin vaxt sürücü atəşdən yayınmaq məqsədi ilə özünü traktordan ataraq dambanın arxasına keçib.
Ərazidə xidmət aparan sərhədçilər atəş səslərini eşidib hadisə yerinə gələrək baxış keçiriblər və aidiyyəti üzrə məlumat veriblər.
İlkin araşdırma zamanı müəyyən edilib ki, atılan 7,62 millimetrlik güllələrdən ikisi traktorun radiatoruna, biri isə sürücü kabinəsinin yan hissəsinə dəyib. Həmçinin traktorun yerləşmə vəziyyəti və güllələrin atılma istiqaməti sübut edir ki, atəş İran İslam Respublikası ərazisindən açılıb.
Hadisə ilə bağlı qarşı tərəf məlumatlandırılıb və izahat tələb edilib. Hazırda təhqiqat-ekspertiza işləri davam etdirilir.
 





06.11.2013    çap et  çap et