Vaxt.Az

Gözləri yaşardan izdivac


 

Birinci vitse-prezidentin Mehriban Əliyevanın təşəbbüsü ilə valideyn himayəsindən məhrum gənclərin toy mərasimi keçirilib

Gözləri yaşardan izdivac Martın 4-də valideyn himayəsindən məhrum olmuş Yasəmən və İbrahim Abzotovların toy mərasimi keçirilib. Mərasim Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə təşkil olunub.

Valideyn himayəsindən məhrum olan İbrahim və Yasəmən Nizami rayonundakı 1 saylı uşaq evində böyüyüblər. Elə onların məhəbbət hekayələri də burada başlayıb.

«Heç bir uşaq dövlət himayəsindən kənarda qalmamalıdır və uşaq dövlətin himayəsinə götürüləndən sonra o, kimsəsiz deyil, o, bizim uşaqdır, dövlətin uşağıdır, Azərbaycanın uşağıdır». Fond ulu öndər Heydər Əliyevin bu fikrini fəaliyyətində hər zaman rəhbər tutaraq valideyn himayəsindən məhrum olan uşaqların təlim-tərbiyəsini, onların təhsilini daim diqqətdə saxlayır. Fondun prezidenti Mehriban Əliyeva, vitse-prezidenti Leyla Əliyeva tez-tez uşaq evləri və internat məktəblərində olur, onların gündəlik qayğıları, təlim-tərbiyələri, təhsilləri, asudə vaxtlarının təşkili ilə maraqlanır və dəstək olurlar. Bütün görülən işlər və qayğı nəticəsində artıq Heydər Əliyev Fondu bu uşaqlar, yeniyetmələr üçün bir ailəyə çevrilib. Fondun prezidenti Mehriban Əliyeva uşaq evlərində məskunlaşan gənclərə əsl ana qayğısı göstərir və bu münasibət yalnız onlar uşaq evlərində məskunlaşdıqları müddətdə deyil, həmin müəssisələrdən ayrıldıqdan sonra da davam edir. Belə ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə valideyn himayəsindən məhrum olan və uşaq evlərində böyüyən gənclər üçün Abşeron və Nizami rayonlarında yaşayış binaları inşa edilib. Həmçinin bu gənclərin işlə təmin edilməsi məsələsi də diqqətdə saxlanılır.

Heydər Əliyev Fondunun əməkdaşlarının müxtəlif bayram və əlamətdar günləri də uşaq evlərində məskunlaşan uşaqlar, gənclərlə birlikdə qeyd etmələri artıq bir ənənədir.

Bu gün isə Heydər Əliyev Fondu öz ailə üzvlərindən iki gəncin toy mərasimini təşkil edərək, cavanların ən əlamətdar günlərini onlarla birlikdə keçirir.

İbrahim Abzotovla on yeddi ildir dostluq etdiyini deyən Hicran Novruzov gənclərə ailə səadəti arzulayıb: «İbrahim fəal, savadlı və mərd bir oğlandır. Onu 11 yaşından tanıyıram. Bu müddətdə İbrahimlə aramda çox möhkəm dostluq yaranıb. Mən bu dostluqdan məmnunam. Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya valideyn himayəsindən məhrum olan uşaqlara göstərdiyi bu dəstəyə görə minnətdaram».

Qeyd edək ki, İbrahim Abzotov 1989-cu ildə Bakıda doğulub. Kiçik yaşlarından valideyn himayəsindən məhrum olan İbrahim Nizami rayonundakı 1 saylı uşaq evində böyüyüb.

Məktəb illərində İbrahim Abzotovun nizam-intizamlı, savadlı və sağlam düşüncəli bir şagird olduğunu bildirən Elçin Abbasov İbrahimlə bir yerdə oxuyub. Sinif yoldaşına ən xoş arzularını çatdıran E.Abbasov deyib: «Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin minnətdarlığımızı bildirirəm. Onlar valideyn himayəsindən məhrum olmuş uşaqlara hər zaman diqqət və qayğı ilə yanaşırlar. Bugünkü gün də bu qayğının, diqqətin daha bir göstəricisidir. Ölkəmizdə gənclər, o cümlədən valideyn himayəsindən məhrum olanlar üçün hər cür şərait yaradılıb».

Yasəmən Abzotova 1994-cü ildə Bərdə rayonunun Alaçadırlı kəndində dünyaya gəlib. 2001-ci ildən valideyn himayəsindən məhrum olub. Nizami rayonundakı 1 saylı uşaq evində təlim-tərbiyə alıb. 2012-ci ildə Nizami rayonu 220 saylı məktəbi bitirən Yasəmən Azərbaycan Dillər Universitetinin beynəlxalq münasibətlər fakültəsinə daxil olub.

Yasəmən Abzotova ilə Azərbaycan Dillər Universitetində birgə təhsil alan Türkan Qurbanzadə ən yaxın rəfiqəsinə xoşbəxtlik və ailə səadəti arzulayıb: «Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya valideyn himayəsindən məhrum uşaqlara, gənclərə göstərdiyi dəstəyə görə sonsuz minnətdarlığımı bildirirəm. Bu gənclərin qayğıya böyük ehtiyacları var».

Nizami rayonu 1 nömrəli uşaq evinin direktoru Nərminə Zöhrabova yeni ailə quran gənclərə xoşbəxtlik, gələcək ailə həyatlarında uğurlar diləyib: «Bilirsiniz ki, fəaliyyətə başladığı gündən Heydər Əliyev Fondu və Fondun prezidenti Mehriban Əliyeva valideyn himayəsindən məhrum olan uşaqların təlim və tərbiyəsi istiqamətində, eləcə də ölkəmizdə təhsil və sosial sahələrdə çoxsaylı tədbirlər reallaşdırıb. Valideyn himayəsindən məhrum olan uşaqlara hər zaman xüsusi qayğı ilə yanaşıb. Mehriban Əliyeva ölkəmizdəki uşaq evlərinin fəaliyyətini daim diqqətdə saxlayır. Bugünkü toy mərasimi bir daha göstərir ki, ölkəmizdə hər bir vətəndaşın, hər bir gəncin arxasında Azərbaycan dövləti dayanır».

Yeri gəlmişkən, Yasəmən 2016-cı ildə universiteti bitirdikdən sonra Heydər Əliyev Mərkəzində çalışır. İbrahim isə təhsilini başa vurduqdan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində işlə təmin olunub.

Ailə quran gənclər Nizami rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə valideyn himayəsindən məhrum olan gənclər üçün inşa edilmiş yaşayış binasında mənzillə də təmin edilib.

Toy mərasimində bəylə gəlinə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından avtomobil hədiyyə olunub.

 





07.03.2017    çap et  çap et