O, Nicolas Maduro hökumətini xüsusilə özünün ABŞ-da etdiyi son çıxışlarından biri ilə qəzəbləndirib. Kuczinski həmin çıxışında demişdi ki, Latın Amerikası ümumilikdə özünü «yaxşı təlim görmüş it kimi aparır», amma təkcə Maduronun Venesuela hökuməti «problem» olaraq qalır.
Prezident Maduro Peru prezidentindən dərhal üzr istəməsini tələb etmişdi. Bundan sonra Maduronun hiddətli xarici işlər naziri Delsi Rodriqez, Çavesə həsr olunmuş tədbirlərdən birində Peru başçısının «cavabını» verib. «Qoca kişidir, təhqir etmək istəmirəm, amma o ortalıqda əl tulası kimi vurnuxur və imperiyanın qarşısında quyruq bulayaraq onu Venesuelaya müdaxilə etməyə çağırır. Bu başdan xarab adama heç fikir verən də yoxdur» - deyib nazir.
Rodriqez Peru liderini həmçinin Çavesin xatirəsini Kolumbiyada keçirilən tədbirdə təhqir etməkdə günahlandırıb. «Mən qalxıb ona demişəm. Burda da deyirəm: Bura bax, cənab Kuczinski, sən qorxağın biri qorxaq, bizim komandanımız Uqo Çavesin xatirəsini nə cəsarətlə təhqir edirsən?»
Bunun ardınca Peru hökuməti Venesuelanın «təhqiramiz» şərhlərini rədd edib və bildirib ki, rəsmi etiraz notası verəcək. Perunun xarici işlər naziri Rikardo Luna konqres qarşısında etdiyi çıxışda deyib ki, onun venesuelalı həmkarının dedikləri qeyri-məqbuldur.
Nazir habelə prezident Kuczinskinin bənzətməsini müdafiə edərək deyib ki, prezident «bütün savadlı adamların çevrəsində işlədilən metafordan» istifadə edib və heç kimi təhqir etmək fikri olmayıb. «The Guardian» yazır ki, hazırda Braziliya və Argentinanın sağ təmayüllü hökumətləri ilə yola getməyən solçu Venesuela Latın Amerikasında təklənib və Boliviya, Kuba, Ekvador və Nikaraqua kimi ölkələrə üz tutub. (BBC)